İqtisadçı: “Ünvanlı sosial yardımın məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır”
“Hazırkı bahalaşma fonunda sosial yardım üçün ehtiyac meyarının 30 manat artırılması absurddur”.
İqtisadçı Nemət Əliyev Meydan TV-yə açıqlamasında Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının 200 manat həddində müəyyən edilməsini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti 2020-ci ilin əvvəlindən bahalaşma istiqamətində tətikləyici fəaliyyət göstərir.
2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.
Azərbaycanda ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləği 17 faiz artırılaraq 200 manat ediləcək.
Sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur.
Məsələn, aylıq gəliri 450 manat olan üç nəfərdən ibarət ailənin 2022-ci il üçün ehtiyac meyarının məcmusu 600 manat təşkil edir. Belə olan halda ailəyə 150 manat məbləğində yardım təyin edilir.
Noyabrda sənaye, xidmət, ticarət və aqrar sektor üçün qazın və elektrik enerjisinin qiymətlərinin artırılmasının ölkədə kəskin bahalaşmaya səbəb olacağı proqnozlaşdırılır.
“Yolun həkimlərə düşdüsə, belin qırıldı”
Nemət Əliyev deyir ki, bütün ərzaq və qeyri-ərzaq, xüsusən də, əhalinin öz qida rasioununda tez-tez istifadə etdiyi məhsulların qiymətində bundan sonra çox böyük bahalaşma yaşanacaq: “Bu bahalaşmanın fonunda sosial yardım 200 manat ediləcək. Məqsəd insanların gözünə kül üfürməkdir. Bazar-dükanda qiymətlərin səviyyəsinə baxanda vəziyyətin acınacaqlı olduğunu görürsən. Bu cüzi sosial yardım artımları ilə bahalaşma səviyyəsini kompensasiya etmək mümkün deyil. 200 manatla 3-4 nəfərlik ailənin ehtiyaclarını ödəmək məqsədilə marketə iki dəfə girirsən həmin pul xərclənir. Yolun həkimlərə düşdüsə, ümumiyyətlə, belin qırıldı. Hesab edirəm ki, ünvanlı sosial yardımın məbləği əhəmiyyətli dərəcədə artırılmalıdır. Hazırkı bahalaşma səviyyəsinin 70-80 faizini kompensasiya etmək üçün 30-35 faiz artım olmalıdır. Pensiya, ünvanlı sosial yardım və əməkhaqqı artırılsa, əhali bu bahalaşmanın doğurduğu ağır nəticələri müəyyən dərəcədə önləyə bilər”.
“Qiymətlərin artması fonunda 30 manat çox az göstəricidir”
İqtisadçı Rəşad Həsənov hesab edir ki, 2005-ci ildə təsdiq edilmiş minimum istehlak səbətinin strukturu kəmiyyət baxımından müasir həyat tərzinin yaratdığı tələblərə cavab vermir:
“Sadəcə, bir göstəriciyə, aylıq su təlabatına baxsaq, bir nəfər üçün 6 kub metr müəyyən edilir. Suyun qiyməti 50 faiz artırılaraq, 1 manata çatdırılıb. Yəni bir nəfər üçün su istehlakından yaranmış aylıq xərc 3 manat artıqdır. Əksər hallarda suya tələbat müvafiq normanın üzərində olur. Həmin 30 manat artımın 10 faizi suyun qiymətinin artırılması nəticəsində yaranmış əlavə xərc yükünün kompensasiyasına gedir. Nəzərə alanda ki suyun, elektrik enerjisinin, təbii qazın, yanacağın digər növlərinin qiymətləri, həçminin rüsumlar artıb, bunların fonunda 30 manat çox az göstəricidir. Rəsmi göstəricilər baxsaq, ərzaq qiymətləri indeksi 6 faizə yaxınlaşmaqdadır. Bu rəqəm qeyri-rəsmi 15 faizin ətrafında dəyişir. İstehlak zənbilinin strukturu 2006-cı ildə təsdiq edilib. Müasir həyat tərzinin yaratdığı tələblərlə nəzərə alınmır. Həm də kəmiyyət baxımından cavab vermir. Mövcud bazar qiymətləri ilə 2005-ci ildə təsdiq edilən minimum istehlak səbətini müaqayisə etdikdə, mal və xidmətlərin istehlakı rəsmi rəqəmlərlə müqayisədə 60-85 faiz daha baha başa gəlir. Regiondan və şəhərdən asılı olaraq, bu göstərici 200 manat ətrafında deyil, bir nəfər üçün 320-370 manat arasında dəyişir”.