REAL İlqar Məmmədov barədə növbəti bəyanat yaydı
“Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü il tarixdə REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsinin siyasi motivli olmasını, onu hökuməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə, Konvesiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanıyıb”.
Bu fikirlər REAL Hərəkatının martın 7-də verdiyi bəyanatda yer alıb.
Meydan TV-yə daxil olan bəyanatda bildirilir ki, Azərbaycan hökumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilmədiyindən qərar qüvvəyə minib. Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü ilin dekabr ayında 4-də qəbul etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxılıb və İlqar Məmmədov təxirə salınmadan azad edilməsi təmin olunması tələb edilib. Bununla əlaqədar hökumətin hesabatı bu ilin mart ayının 11-də dinlənilməsi nəzərdə tutulur. Lakin Azərbaycan hökuməti indiyədək Avropa Məhkəməsinin qərarını qəsdən icra etmir və İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamağa davam edir.
“İlqar Məmmədovun barəsində qanunsuz və siyasi xarakterli həmin iş üzrə artıq 7 il azadlıqdan məhrum edilməsinə dair çıxarılmış məhkəmə qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kassasiya şikayəti 13 yanvar 2015-ci il tarixdə qeyri-müəyyən müddətə təxirə salınıb və bugünə qədər baxılması qəsdən ləngidilir”,-bəyanatda belə deyilir.
REAL Hərəkatı Azərbaycan hökumətini üzərinə götürdüyü beynalxaq öhdəliklərə əməl edilməsini, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təxirə salınmadan icra etməyi, İlqar Məmmədovu, həmin iş üzrə siyasi motivli əsaslarla məhkum edilmiş Tofiq Yaqublu və digər İsmayıllı məhbuslarını dərhal azad etməyə çağırır.