Azərbaycan hara gedir?

Sağ qalanlar ölənlərə həsəd aparacaq

Source:

Neçə vaxtdır “kultura.az” saytında qəribə bir sorğu aparılır. Sorğunun mövzusu belədir:

– Azərbaycan dünyadan nə istəyir?  Bu yazı yazılan dəqiqələrdə sorğuda 5150 (beş min yüz əlli ) adam iştirak etmişdi. İndi isə gəlin suallarla və  nəticələrlə tanış olaq.

1.  Ədalət və məhəbbət

8 % (425)

2. Qarabağın qaytarılmasını

16% (799)

3. Qız qalasına heyranlıq

2%  (109)

4 . Azərbaycan həqiqətlərini əxz etməsini

5%  (280)

5 Dolma ve Sarı gəlinin bizimki olduğunu bilməsini

13%  (692)

6.  Canına azzar istəyir

53 %  ( 2730)

Göründüyü kimi sorğuda iştirak edənlər daha çox sonuncu suala diqqət nümayiş etdiriblər. Bu diqqət bezginliklə və yorğunluqla da əlaqəli ola bilər.  “Dolma”, “Sarı gəlin”, “Qız qalası”, “Qarabağ”, “Azərbaycan həqiqətləri” kimi mövzular, bu mövzuların ətrafında cərəyan edən hadisələr, danışılan yalanlar, qurulan və oynanılan komediyalar, pafoslu çıxışlar, ümumən  total  saxtakarlıq  adamları o qədər bezdirib və o qədər yorub ki, onlar sonuncu suala diqqət nümayiş etdirməyə məcbur olublar.

Lakin ölkəmizdə son vaxtlar baş verən məlum hadisələr bu kimi söhbətlərin və sualların əhəmiyyətini əhəmiyyətli dərəcədə aşağı salıbdır.  Son vaxtlar baş verən hadisələrin fonunda artıq belə mövzular, belə suallar çox mənasız görünməkdədir. İndi baş verən hadisələr, yaranmış vəziyyət  konkret olaraq,  daha aktual  sualın qoyuluşunu tələb edir:  Azərbaycan hara gedir?

Əlbəttə, bu sualın niyə və necə  yaranması haqqında çox danışmaq, çox yazmaq olar. Onsuz da, bu haqda ötən illərdə (sözün həqiqi mənasında ötən illərdə, çox təəssüf ) çox danışılıb və çox yazılıb. Elə indi də, ərinməsək, bir daha mövzunun  ucundan tutub, ucuzluğa getmək olar. On ildi reallıq hissini  itirməmiş adamlar, xüsusən yazarlar və iqtisadçılar haray çəkib deyirdilər ki, bu yaşayış, bu cür yaşamaq, bu həyat  əbədi deyil. Bir gün mütləq sonu çatacaq. Onda bizi çox pis günlər gözləyəcək.  Fürsəti dəyərləndirmək lazımdır. Düşünün, ayılın…

Amma fürsətlər dəyərləndirilmədi və qaçırıldı. Bir çoxları həyəcan təbilinin səsini eşitsələr də, eşitdikləri səsə əhəmiyyət vermədilər. Öz laqeydliklərinə haqq qazandırmaq üçün özlərinə müxtəlif süni arqumentlərlə (93-də küçəyə çıxmaq olmurdu, tikdikləri xalqa qalacaq, Ermənistanda da insan haqları pozulur, rüşvət hər yerdə var, polis hər yerdə adam döyür, hər halda ölkədə gedən abadlıq işlərini danmaq olmaz , bu inkişafı necə görməmək olar, bunlar yeyib doyublar və sairə və ilaxır. Baxır, adamın səviyyəsinə ) zirehlər hörüb, sistemin yaratdığı şəraitdən bacardıqları qədər  yararlanmağa çalışdılar. Özləri-özlərini süni arqumetlərinə inanmağa məcbur elədilər.

Hətta bununla da kifayətlənməyib başqalarını da bu süni arqumentlərə inandırmağa çalışdılar.  Şüurlu şəkildə həqiqəti inkar etdilər. Qeyri-rəsmi atmosferdə bir söz danışıb müsahibələrində və çıxışlarında tamam başqa sözlər danışdılar. Daha sadə dildə ifadə etsək, eşidə-eşidə özlərini eşitməzliyə vurdular. Bir çoxları isə görməmək və eşitməmək üçün daha asan vasitə seçdilər. Qanlarını qaraldacaq mənzərələri görməsinlər deyə gözlərini, qanlarını qaraldacaq sözləri eşitməsinlər deyə  qulaqlarını tutdular. Vətəndaş kimi deyil, turist kimi yaşmağa üstünlük verdilər. Çünki turist kimi yaşamaq onlar üçün daha rahat və daha  sərfəli idi.

İndi maraqlı vəziyyət yaranıb. Neftin qiyməti düşür və bir çox adamlar buna sevinirlər. Nədir bu? Buna nə ad verək? Xəyanətdir, yoxsa, cığallıq? Yoxsa yaranmış vəziyyətdən xaincəsinə istifadə etməkdir?  Necə olur, ölkənin sərvətinin qiyməti aşağı düşür və bir dəstə adam buna sevinir. Hətta o dərəcədə sevinirlər ki, sevinclərini gizlətməyə dəçalışmırlar. Bəlkə bu bir dəstə adamın  sevincinin  səbəbini yerdə qalan insanların illərlə nümayiş etdirdiyi laqeydlikdə axtarmaq lazımdır? Yəqin onlar bilirdilər ki, neftdən gələn pul azalmayınca şəraitdən yararlanan  bu laqeydlərə heç nə başa salmaq mümkün olmayacaq.

Əgər ölkədə vətəndaşlar total laqeydlik nümayiş etdirirlərsə, bəs o zaman  bu həyəcan təbili və əcəl zəngi kimin üçün çalınırdı?  Qandi müəllim demişkən, yatmış xalqı oyatmaq asandır, özünü yuxuluğa vurmuş xalqı oyatmaq çətindir. Qandi müəllimin bu mükəmməl sözü pornofilmlərdəki məşhur kadrları xatırladır. Belə kadrları yəqin çoxunuz görüb. Qız yataqda uzanıb, yatır. Oğlan ona yaxınlaşır. İşin görür. Hətta pozaları dəyişir. Qızı ora-bura çevirir. Qız isə bu həngaməyəəsla məhəl qoymur. Yuxudan oyanmır ki, oyanmır. Hətta orqazm da keçirir.

Elnur Astanbəyli demişkən, adını unutduğum bir müəllifin məşhur bir sözü var – Mən düşünürəm, deməli, mən yaşayıram. Bu sözün əksi belə omalıdır: Mən düşünmürəm, deməli, mən yaşamıram. Azərbaycanlılar isə bu iki sözü birləşdirib özlərinə uyğun belə bir həyat fəlsəfəsi yaratdılar: Mən düşünmürəm, amma mən yaşayıram. Özlərinə elə bir dünya qurmuşdular ki, təəssüf ki, orda şüur olmadan da yaşamaq  mümkün idi. Aydındır ki, bu cür həyat fəlsəfəsi ilə əbədi yaşamaq olmazdı.  İndi, “mən düşünmürəm, amma mən yaşayıram” fəlsəfəsinin necə puç fəlsəfə olduğunu onlar öz dərilərində hiss etməyə başlayıblar. Buna görə də artıq həyəcanlanırlar.

İndi qoy hər bir homosapiens vətəndaş zəhmət çəkib, papağını qarşısına qoyub, bu suala cavab axtarsın: Azərbaycan hara gedir?  Özü də məcazi mənada yox, sözün həqiqi mənasında papağını qarşısına qoyub, düşünsün. Fərqi yoxdu, yay papağı da ola bilər, qış papağı da. Təki papaq olsun. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, papağı qarşına qoyub, düşünəndə adam axtardığı suala daha düzgün cavab tapır. Bir dəfə bunu sınaqdan keçirdim. Papağımı qoydum qarşıma, düşündüm və sualıma cavab tapdım.

Yuxarıda verilən suala öz tərəfimdən cavab verməzdən əvvəl, bir nüansa toxunmaq istərdim. Hərə öz peşəsinə, səviyyəsinə, mövqeyinə, təbiətinə uyğun olaraq müxtəlif səbəblər göstərərək, suala cavab verə, gəldiyi nəticəni, fərziyyəsini, hipotezlərini , proqnozlarını ortaya qoya  bilər. Siyasi prosesləri, siyasət adına baş verən hadisələri, bu proseslərin yaratdığı sualları, cavabları, proqnozları qoyaq kənara.  Neftin qiymətinin aşağı düşməsi bir tərəfin işini çətinləşdirirsə, başqa tərəfə siyasi aktivlik göstərmək üçün şərait yaradır. Bu heç. Bununla işimiz yoxdur.

Ümumən  xalqımız,  iqtidarlı-müxalifətli, siyasi proseslərə laqeydlik göstərənlər və laqeydlik göstərməyənlər  ötən illərdə elə bir günah işlətdi ki, bu günahı bağışlamaq olduqca  çətindir. Lap ayrı-ayrı fərdlər bu günahı bağışlasalar da, tarix bu günahı bağışlamaycaq. Əgər tarix bu günahı bağışlasa, bu tarix tərəfindən edilmiş çox böyük  tarixi ədalətsizlik olacaq.

Nədir bu günah?

Bu günah ondan ibarətdir ki, xalqımız min bir zülm çəkərək, fədakarlıq edərək, söyüş, lənət qazanaraq, qorxu ,təhdid altında  onları rəncbər, rəiyyət  səviyyəsindən xalq, vətəndaş səviyyəsinə qaldırmağa  çalışmış maarifçilərin, Mirzə Cəlilin, Haqverdiyevin, Ömər Faiq Nemanzadənin, Sabirin, Üzeyir bəyin, Cəfər Cabbarlının və dəxi bu kimi mübarək simaların zəhmətini yerə vuraraq, bu mübarək simaları İran mollalarına, ərəb şeyxlərinə, Türkiyədən gələn müxtəlif təriqət başçılarına satdılar.

Hər bir xalqın ürəyində onun formalaşmasında, irəli getməsində, inkişaf etməsində rol oynamış simalara qarşı minnətdarlıq duyğusu olmalıdır. Bizim savadsız, cahil, kobud  babalarımıza savad və mədəniyyət öyrədərək, inkişafın istiqamətini göstərərək  onları xalq etməyə çalışmış mübarək simaların zəhmətini yerə vurmaq bağışlanılmayacaq.  Bir dəfə bu haqda yazmışdım. Bir nəfər isə mənə açıq və səmimi cavab vermişdi. Bu səmimi cavaba görə ona təşəkkür etmək lazımdır. Yazmışdı ki, bəyəm biz onların qarşısında öhdəlik götürmüşdük? Yaxşı edib satmışıq.

Görünür, tarixin süjetindən kənara çıxmaq qəliz məsələdir. Görünür, hər bir xalq dinin əsl üzünü, dinin gətirdiyi dəhşətləri öz gözləriylə uzun müddət görməlidir.  Yoxsa bu dəhşəti yazıyla pozuyla, danışmaqla başa salmaq, izah etmək, göstərmək mümkünsüzdür.  Bu uzun müqəddimədən sonra “Azərbaycan hara gedir?” sualına nəhayət öz tərəfimdən cavab verə bilərəm. Bu müqəddiməsiz suala cavabım natamam görünə bilərdi. Bəli, qardaşlar və bacılar, xanımlar və bəylər, analar və atalar, babalar və nənələr, əmilər və dayılar, xalalar və bibilər, kəndlilər və şəhərlilər, savadlılar vəsavadsızlar, qlamurlar və qlamur olmayanlar, homo və heteroseksuallar, qarakurtkalılar və qırmızıxələtlilər…

Azərbaycan iri addımlarla cəhənnəmə doğru gedir. Elə bir cəhənnəm ki, kitablarda yazılan cəhənnəm təsvirləri bu cəhənnəmin yanında toya bayrama getməli olacaq. Sağ qalanlar vaxtında ölənlərə həsəd aparacaq. Qoy, bu sözləri kim necə istəyir, elə də hallandırsın. Özünüz bilərsiniz. Paranoik də deyə bilərsiniz, falçılıq da. İslanmışın yağışdan nə qorxusu.  Bir daha təkrar edirəm,özünüz bilərsiniz. Öz işinizdir. Hər halda, bizim də bildiyimiz bir şeylər var. Pis çıxmasın (lap pis çıxsın) bu qədər kitabı boş yerə oxumamışıq. Tragikomediya qabaqdadı.

P. S. Bu yazını Vaqnerin “Matəm marşı”nı dinləyə-dinləyə yazdım. Mümkünsə siz də yazını matəm marşını dinləyə-dinləye oxuyun. Sağ olun. Diqqətinizə görə təşəkkər edirəm.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAzərbaycan hara gedir?