Emil Məmmədli
“Bakı ilə Tbilisi arasında münasibətlər soyuya bilməz”
İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan Türkiyə ilə birgə təşəbbüs edərək regionda yeni əməkdaşlıq formatı təklif etdi. Format 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) adlandırıldı.
Gürcüstan, torpaqlarının işğalı səbəbindən Rusiya ilə birgə formatda ola bilməyəcəyini bəyan edərək, 3+3 çərçivəsində görüşlərə qatılmadı. Amma buna baxmayaraq Azərbaycan rəsmi səviyyədə formatı 3+3 adlandırmaqda davam edirdi.
Noyabrın 16-da Azərbaycan XİN ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrindəki açıqlamalarına dair şərhində bəyan edib ki, “Azərbaycan regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir”.
Yəni ilk dəfə Azərbaycan rəsmi olaraq Gürcüstanı bu formatda görmədiyini bəyan edib. Bu konteksdə nəzərə almaq lazımdır ki, bu günlərdə Fransanın Ermənistana verdiyi “Bastion” zirehli hərbi maşınları Gürcüstan ərazisindən çatdırılıb. Güman etmək olar ki, bu fakt rəsmi Bakının qəzəbinə səbəb olub və Gürcüstanın israrla formatda iştirak etməyəcəyini deməsi fonunda 3+3 dediyi halda, gözlənilmədən 3+2 formatını elan edib.
“Azərbaycanın başqa dövlətlərə Ermənistana silah satmaqla bağlı iradı başadüşülən deyil”
Məsələni Meydan TV üçün şərh edən İsveçrədə yaşayan siyasi şərhçi Rauf Mirqədirov qeyd edib ki, prinsip etibarı ilə 3+3 formatı öz- özlüyündə ölü formatdır.
“Gürcüstan həmin formatda heç vaxt iştirak etməyib və qonşu ölkənin xarici işlər naziri açıq şəkildə dedi ki, gələcəkdə də bu formata qatılmaq niyyətləri yoxdur. Gürcüstanın ərazilərinin Rusiya tərəfindən işğal amili aradan qalxmayınca, belə də davam edəcək”, – Rauf Mirqədirov deyib.
Bununla yanaşı, ekspert düşünmür ki, Azərbaycan hansısa formada Fransa hərbi maşınlarının Gürcüstan vasitəsilə Ermənistana keçməsinə öz narazılığını rəsmi Tbilisiyə çatdırsın.
“Xoşumuza gəlsə də, gəlməsə də, Azərbaycanın silah satışıyla bağlı başqa dövlətlərə etirazı həm qeyri-ciddi səslənir, həm də sağlam məntiqə ziddir. Çünki hər bir dövlətin öz müdafiə qabiliyyətini gücləndirmək, silah arsenalını yeniləmək haqqı var”, – o qeyd edib.
Onun fikrincə, Bakının Fransaya, Hindistana və başqa dövlətlərə Ermənistana silah satmaqla bağlı iradı başadüşülən deyil və beynəlxalq hüquq normaları baxımından da əsaslandırılmayıb.
Rauf Mirqədirov hesab edir ki, belə bir hal Azərbaycanla Gürcüstan arasında münasibətlərin soyuqlamasına gətirib çıxara bilməz.
“Azərbaycanın bütün dünyaya çıxışı hazırda Gürcüstandan keçir. Söhbət neft-qaz kəmərlərindən gedir. Digər tərəfdən, söhbət Azərbaycanla Türkiyə arasında quru əlaqəsindən gedirsə, Bakının özünü tamamilə İran İslam Respublikasının ümidinə buraxacağını düşünmürəm. İndiki siyasi elita Azərbaycanı dünyaya və ya əksinə, dünyanı Azərbaycan üçün bağlamaq fikrində deyil. Eyni zamanda, Gürcüstanın da enerji daşıyıcıları baxımından Azərbaycandan asılılıqları var. Ona görə çox ciddi ixtilaflara səbəb olan addım atılacağını düşünmürəm”, – ekspert bildirib.
Ceyms O’Braynın Azərbaycanın İranla razılaşmasının qəbuledilməz olduğunu deməsi və layihənin uğursuz olacağını bəyan etməsi ilə ABŞ-ın Azərbaycandan ciddi narazılığını nümayiş etdirib-etdirməməsinə gəldikdə isə Rauf Mirqədirov bildirib ki, ABŞ, bütövlükdə Qərb Azərbaycanın sülh danışıqlarından yayınmasından narazıdır.
“19-20 sentyabr lokal hərbi əməliyyatı nəticəsində ermənilərin Qarabağın dağlıq hissəsini tərk etməsindən sonra reaksiya gözlədiyimizdən də kifayət qədər yumşaq oldu. Yalnız bəyanatlar səviyyəsində nəsə reaksiyalar səsləndi. Hətta Fransa Prezidenti Makrona sanksiyalar haqda sual verəndə, o cavab verdi ki, sanksiyalardan söhbət gedə bilməz, Bakıyla dialoqun davam etdirilməsinin tərəfdarıdırlar”, – o deyib.
Siyasi icmalçı fikrini izah edərək, vurğulayıb ki, Qərb üçün vacib olan danışıqların davam etdirilməsi və sülh sazişinin imzalanması idi.
“Amma ABŞ-ın və Qərbin Azərbaycana qarşı neqativ münasibətinin artması ikincinin danışıqlardan yayınmasına səbəb oldu. Birincisi Bakının Qranada görüşündən imtina etməsi idi. Burada Makronun ermənipərəst siyasəti əldə bayraq edildi. Amma Brüsseldə Şarl Mişellə görüşdən imtina olunması artıq ciddi şübhələr yaratdı. Elə həmin dövrdə ABŞ daxil Qərb emissarlarının Bakıya çoxlu səfərləri oldu”, – Mirqədirov bildirib.
“İlin sonuna qədər sülh sazişinin imzalanmasına inanmıram”
Rauf Mirqədirovun sözlərinə görə, ola bilər ki, bu görüşlərdə Bakı Qərbin vasitəçiliyi ilə sülh sazişinin imzalanması mümkünlüyünə hazır olduğunu o qədər də ciddi nümayiş etdirməyib.
“Bu da münasibətlərdəki gərginliyi artırıb. Belə şəraitdə Ermənistan da Rusiyanın iştirak etdiyi formatlardan yayındı və ardınca Nikol Paşinyan Rusiyaya səfərlərdən imtina etdi. Bununla da açıq şəkildə dedi ki, Rusiyaya və KTMT-yə Ermənistanla müttəfiqlik münasibətlərinə aydınlıq gətirmək üçün vaxt verib. Bu iki amil onu göstərir ki, yaxın zamanlarda hər iki formatda sülh sazişinin imzalanmasında irəliləyiş şübhə altındadır. Mən ümumiyyətlə ilin sonuna qədər sülh sazişinin imzalanmasına inanmıram”, – ekspert deyib.
Baş verənlər fonunda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi barədə fikirlərini bölüşən siyasi icmalçı qeyd edib ki, hazırda müəyyən dövr üçün taym-aut yaranır. O hesab edir ki, Azərbaycan xarici siyasəti təəssüf ki, növbəti dəfə kəskin dönüş etməyə çalışır.
“Mən bunun müvəqqəti olduğunu fikirləşirəm. Hazırkı Tehran rejimiylə münasibətlər mürəkkəbdir, sabit deyil. İran və Azərbaycan prezidentlərinin görüşündən sonra Yerevanda səfir Sübhaninin bəyanatını nəzərə alsaq, demək olar ki, münasibətlərdə sabitlik yoxdur və bu, İrandan keçən yolun effektivliyini, dəyərini azaldır. Yəni gərginlik olarsa, Tehran istənilən vaxt yolu bağlaya bilər”, – o hesab edir.
Bundan başqa, Rauf Mirqədirovun fikrincə, nə qədər ki, İranda mövcud rejim var, həmin yol Orta Dəhlizin tərkib hissəsi ola bilməz.
“Bu baxımdan O’Braynın bəyanatı gerçəkliyi əks etdirir. Söhbət təkcə Azərbaycanla münasibətlərdən getmir, eyni yanaşma Gürcüstana da sərgilənir. Vaşinqtonun Gürcüstanla bağlı son bəyanatlarına baxsanız, o zaman ABŞ Amaniya limanının tikintisində Çin şirkətlərinin iştirakına kifayət qədər soyuq münasibət bəsləyir. Eyni zamanda, Avropa Birliyi də Çin-Gürcüstan münasibətlərinin genişlənməsindən narahatlığını bildirir. Artıq bu məsələyə qlobal qarşıdurma çərçivəsində baxılmalıdır. Amma yenə də düşünmürəm ki, hazırda Bakı-Vaşinqton münasibətlərində baş verən problem uzunmüddətli xarakter daşıyacaq. Əslində, bu, ABŞ-ın Azərbaycana xəbərdarlığıdır. Hər şey yaxın vaxtlarda Azərbaycanın Qərblə ünsiyyətində hansı kanallardan və alətlərdən istifadə edəcəyindən asılıdır”, – Rauf Mirqədirov deyib.
“Regional “üçlük” formalaşmalıdır”
Politoloq Fərhad Məmmədov isə Gürcüstanın regional əməkdaşlıq formatından kənarda qoyulma ehtimalı ilə razı deyil.
“44 günlük savaşdan sonra Cənubi Qafqazın təhlükəsizlik sistemi dəyişikliyə qədəm qoymalıydı. Çünki Cənubi Qafqazda olan münaqişələrdən biri həll olunmuşdu və onun nəticəsi kimi Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə normallaşması prosesi başlayıb. Yəni 25 ildə formalaşan münasibətlər sistemində həm region ölkələrinin bir-birilə, həm də bu ölkələrin qonşuları ilə dəyişiklik olmalıydı. Əfsuslar ki, son 3 ildə bu dəyişiklik olmadı”, – Fərhad Məmmədov deyib.
O qeyd edib ki, bu dövrdə Rusiyanın, Türkiyənin, İranın və Qərbin fəaliyyəti göz qarşısındadır, hamı müxtəlif formalarda bu dəyişikliklərə hazırlaşır.
“3+2 yox, 2+3 deyərdim, çünki ilk növbədə söhbət region ölkələrindən getməlidir. Bundan əlavə, birinci olaraq regional “üçlük” formalaşmalıdır, Azərbaycan Tbilisidə Ermənistana bu təklifi verdi ki, əgər müəyyən səbəblərə görə Gürcüstan bu formatda iştirak etmirsə, heç olmasa biz “üçlük” formatımızı yaradaq və qonşularımızla danışıqları necə formalaşdırmağı öz aramızda müzakirə edək”, – o deyib.
Fərhad Məmmədov Gürcüstanla bağlı məsələyə toxunaraq, vurğulayıb ki, Azərbaycan yeni regional təhlükəsizlik sistemini formalaşdırmağa çalışır və təşəbbüslər irəli sürür.
“Rusiya Gürcüstanın ərazisini işğal edib. Belə olan halda bu platformalarda təhlükəsizlik sisteminin formalaşmasında təşəbbüs göstərən Azərbaycan bir tərəfdən iştirak edir, digər tərəfdən də sırf regional üçlü konfiqurasiyasında maraqlı olduğunu ifadə edir”, – politoloq deyib.
“ABŞ Cənubi Qafqazda geosiyasi qərarsızlığa düşüb”
Fərhad Məmmədov da düşünmür ki, hazırkı dövrdə “Bastion” zirehli avtomobillərinin Gürcüstan ərazisindən Ermənistana keçməsi Bakı-Tbilisi münasibətlərinə xələl gətirər.
“Müharibə şəraitində deyilik, 44 günlük savaşda Gürcüstanın da özünü necə aparmasının şahidi olmuşuq və bu, Azərbaycanda da məmnuniyyətlə qəbul edilib. Digər tərəfdən indiki halda bunlar hamısı leqal həyata keçirilir və Gürcüstanın daxili qanunvericiliyinə də zidd deyil”, – o deyib.
Ceyms O’Braynın Azərbaycanın İranla razılaşmasına bildirdiyi münasibətə gəldikdə isə Fərhad Məmmədov deyib ki, ABŞ regionda ardıcıl siyasət həyata keçirmir.
“Vaşinqton rəsmilərinin vasitəçilik təşəbbüslərində ayrı-ayrı mövzularla bağlı fərqli mövqelər səslənir. Məsələn, ABŞ kommunikasiyaların açılmasında marağını heç vaxt nümayiş etdirməyib, bunu Avropa İttifaqı edir. İndi ABŞ-ın Azərbaycana qarşı yanaşması qəbuledilməzdir. Çünki Vaşinqton Bakıya deyə bilməz ki, İranla hansı formada hansı sahədə necə əməkdaşlığımızı qurmalıyıq”, – politoloq qeyd edib.
Onun sözlərinə görə, belə bir əməkdaşlıq ABŞ-ın maraqlarına zidd deyil və burada məhz Ermənistanın mövqeyindən çıxış etmək elementləri var.
“Çünki açıq şəkildə kommunikasiyaların yalnız Ermənistan ərazisindən keçməsini vurğulayırlar. Yəni danışıq və fikrin təqdim edilməsi formasında çox böyük problemlər var. Əgər ABŞ İranla münasibətləri pis hal kimi qəbul edirsə, o zaman biz həmin yanaşmanı Ermənistan istiqamətində görmürük. Ermənistan son 3 ildə İranla ticarətini 2 dəfə artırıb və şimal-cənub nəqliyyat dəhlizini formalaşdırıb, enerji sahəsində əməkdaşlıq edirlər. Bütün bunlara “göz yumub” Azərbaycanla İranın nəqliyyat-kommunikasiya yoluyla bağlı razılaşmasına belə mövqe sərgiləmək çox pisdir”, – Fərhad Məmmədov deyib.
Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi barədə fikir bildirən Fərhad Məmmədov deyib ki, kəskin addımların atılacağını düşünmür.
“Fikir verdinizsə, dinləmələr “Dağlıq Qarabağın gələcəyi” adlansa da, Qarabağdan 5-10 dəqiqə danışdılar. Müzakirələri yalnız Ermənistan-Azərbaycan münasibətlərinə ayırdılar. Bu, onu göstərir ki, nə qədər çətin olsa da, 19-20 sentyabr əməliyyatından sonra ABŞ reallıqları qəbul etmək məcburiyyətindədir. Hazırda ABŞ Cənubi Qafqazda geosiyasi qərarsızlığa düşüb, Rusiyanın zəifliyi nəticəsində vakuumlar formalaşıb, İran da fəallaşıb, bu, geosiyasi mübarizənin təzahürləridir. Əgər Vaşinqton Yerevan üzərindən geosiyasi mübarizəni aparmaq istəyirsə, bu, onların seçimidir. Praktika, təcrübə göstərib ki, Cənubi Qafqazda Ermənistan üzərindən öz geosiyasi maraqlarını həyata keçirmək istəyən ölkələr uduzub. Əgər onlar da Rusiyanın yolunu gedib acı təcrübəni dadmaq istəyirlərsə, bu, onların seçimidir”.