“Azərbaycan götürdüyü 21 öhdəlikdən 4-nü yerinə yetirib”

Leyla Yunus: “Fəaliyyət Planı Avropa Şurasının Azərbaycandakı kriminal rejimlə oyun oynamasına bənzəyir”

Source:


Leyla Yunus: “Fəaliyyət Planı Avropa Şurasının Azərbaycandakı kriminal rejimlə oyun oynamasına bənzəyir”

Mayın 20-də Ədliyyə Nazirliyində  Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının təqdimatı keçirilib.

Nazirliyin məlumatına görə, Fəaliyyət  Planı Azərbaycan və Avropa Şurasının birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edir.

Təqdimat mərasimində Azərbaycanın  ədliyyə naziri Fikrət Məmmədov, AŞ-ın baş katibi Turbyörn Yanqland, Fəaliyyət Planı üzrə tərəfdaş olan dövlət qurumlarının məsul şəxsləri, ombudsman, millət vəkilləri, AŞPA-da daimi nümayəndə heyətinin üzvləri, eləcə də Avropa Şurasının və ona üzv dövlətlərin Azərbaycandakı diplomatik korpusunun təmsilçiləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.

Avropa Şurasının baş katibi Turbyörn Yaqland Fəaliyyət Planının əsas prioritetlərinə toxunub. Baş katib demokratik ölkələr üçün vacib olan insan hüquqlarının qorunmasında və korrupsiya ilə mübarizədə mühüm rol oynayan ədalətli məhkəmə sisteminin təkmilləşdirilməsini qeyd edib.

O, planın gerçəkləşməsindən məmnunluğunu bildirərək, bu mühüm sənədin AŞ Bakı ofisinin və tərəfdaş beynəlxalq təşkilatların dəstəyi ilə birgə icrasına nail olunacağını bildirib.

Fəaliyyət Planının qəbul olunması ilə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini deyən F.Məmmədov planın əsas prioritetlərinə toxunaraq onun demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə xidmət edəcəyinə əminliyini ifadə edib.

AŞPA, Nazirlər Komitəsi, İşğəncələr Əleyhinə Komitənin, AŞ Venesiya Komissiyasının məruzələrində və qətnamələrdə  irəli sürülən tövsiyələrə görə, Azərbaycan toplaşma azadlığı, söz və KİV azadlığı, assosiasiya azadlığı,  effektiv idarəetmənin möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizə, azad və ədalətli seçkilərin dəstəklənməsi, məhbusların hüquqları, cəzasızlığa və amansız rəftara qarşı mübarizə,  məhkəmə sisteminin effektivliyinin artırılması və başqa tövsiyələr daxildir.

Plan Avropa Şurası və Azərbaycan hökuməti ilə birgə qiymətləndiriləcək.

Fəaliyyət Planını Meydan TV-yə şərh edən Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvü olarkən 21 öhdəlik götürüb: “Hansı ki, ötən 13 ildə yerinə yetirilməliydi. 2006-07-ci illərdə yerli ekspertlərin səyilə apardığımız monitorinqin nəticəsinə görə 21 öhdəlikdən 4-ü yerinə yetirilib. İndiyədək elədir. Məsələn, “Qırmızı Xaç” həbsxanalara və təcrdxanalara buraxılıb. Amma bu dəfə onları Nəsimi Polis İdarəsində işgəncələrə məruz qalan AXCP üzvü Kəmalə Bənanyarlı ilə görüşə buraxmadılar. Başqa bir öhdəlik, siyasi məhbuslar problemi aradan qalxmayıb, bu gün Azərbaycanda siyasi məhbuslar sayına görə pik həddədir. 30 vicdan məhbusu var, onlardan 10 nəfəri jurnalist və bloggerdir. Üçüncü, 12 il AŞ üzvü olan Azərbaycanda işgəncə verən bir məmur da cəzalandırılmayıb. Amma işgəncə nəticəsində ölənlər var. Dördüncü, müstəqil məhkəmə öhdəliyi, son illər jurnalistlərə, partiya üzvlərinə çıxarılan hökmlər müstəqil məhkəmənin olmadığını təsdiqləyir”.

Leyla Yunus bildirdi ki, Fəaliyyət Planı Avropa Şurasının Azərbaycandakı kriminal rejimlə oyun oynamasına bənzəyir. Əgər ölkədə sərbəst toplaşmaq hüququnun, müstəqil məhkəmənin olmadığını görürüksə, hakimiyyətin repressiya rejimi yaratdığını söyləmək olar: “Fəaliyyət Planı sovet dövrünün qurultaylarında “hər şey insan naminədir”, “biz kommunizm qururuq” şüarlarını xatırladır. Sonradan həmin şüarlar lətifəyə çevrildi”.

Ana səhifəXəbərlər“Azərbaycan götürdüyü 21 öhdəlikdən 4-nü yerinə yetirib”