”Azərbaycan gələcəyin həkimini itirə bilər”

Donor var, əməliyyata icazə verilmir

Source:


Donor var, əməliyyata icazə verilmir

“Qızım leykoz xəstəliyindən əziyyət çəkir. Sümük iliyi köçürülməlidir. Qardaşı donor kimi uyğun gəlir. Ancaq Talassemiya Mərkəzi əməliyyat etmək istəmir. Nədir ki, yaşı 17-dən yuxardır. 21 yaşı varsa, ölməlidirmi?” – deyir, Məhəmməd Bəşirli.

Naxçıvanda yaşayan M.Bəşirlinin qızı, 21 yaşlı Çiçək Bəşirliyə leykoz M5 diaqnozu qoyulub. Atası deyir, Çiçəyi 2016-cı ilin sentyabrında qrip və yüksək hərarətlə xəstəxanaya aparıb. Həkim müayinə edib və leykoz olduğunu deyib:

“Dərhal Bakıya, Hemotologiya və Qan İnstitutuna getdik. Orada Çiçəyin leykoz olduğu təsdiqləndi. Sümük iliyi köçürmək lazım olduğu deyildi. Daha sonra Terapevtik klinikada oğlumdan nümunə götürdülər. Nəticələr Türkiyəyə göndərildi, cavab müsbət oldu. Oğlum bacısına donor olaraq uyğun gəlirdi”.

Çiçək Bəşirli Naxçıvan Tibb Universitetinin 5-ci kurs tələbəsidir.  Ailəsi leykoz M5 diaqnozu qoyulandan sonra Türkiyəyə üz tutub:

“Qardaşının donor olacağı xəbərini biləndə çox sevindik.  Özüm də bir xeyli araşdırma aparmışdım. Bugünədək Talassemiya Mərkəzində 42 nəfərə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla həyata keçirilib. Ancaq bizə əməliyyatı həyata keçirə bilməyəcəklərini dedilər. Səbəb kimi Çiçəyin yaşının 17-dən yuxarı olmasını göstərdilər”- deyir, Məhəmməd Bəşirli.

Çiçək Bəşirli

Ailə dəfələrlə Talassemiya Mərkəzinin baş həkiminin qəbulunda olub. Donorun olduğunu, Çiçəyin əməliyyatının təcili olduğunu deyiblər:

“Bildirdilər ki, Talassemiya Mərkəzində 17 yaşadək olan şəxslər üçün əməliyyat keçirilir. Səbəbini isə izah etmirlər. Həkim Səhiyyə Nazirliyi icazə verməsə, əməliyyatın baş tutmayacağını bildirdi”.

Ata bundan sonra Səhiyyə Nazirliyinə, Prezident Administrasiyasına müraciət edib. Müsbət nəticə ala bilmədiyini deyir:

“Hər dəfə bizi Qan İnstitutuna yönləndirdilər. Onların bizə göstərdiyi müalicələri artıq etmişik. Çiçəyin həmin müalicələri almağa ehtiyacı yoxdur. Həkimlər bizə təcili əməliyyat olunmazsa, öləcəyini deyirlər”.

Ailə hazırda Naxçıvandadır. Ayda bir dəfə yoxlanış və yenidən anlizlər üçün Bakıya gəlirlər. Maddi vəsaitləri tükəndiyindən və Bakıda heç bir qohumları olmadığından hər dəfə gəlib-getmək onlar üçün getdikcə çətinləşir:  “Qızım gələcəyin həkimidir. Artıq 5-ci kursda oxuyur. Özü də müalicə işi üzrə. Əgər onun bu gün həyatı xilas olmazsa, ölkə gənc həkimini itirəcək. Axı bizim donorumuz da var. Niyə əməliyyata icazə vermirlər? 21 yaş olduqca gəncdir. Onun həyatı hələ qabaqdadır. Göz görə-görə gənc bir insanı ölümə tərk etməməlidirlər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Talassemiya Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən “əməliyyata yaş məhdudiyyəti və icazənin verilib- verilməməsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edin”, – cavabı verilib.

Səhiyyə Nazirliyindən isə məsələni araşdıracaqlarını söyləyiblər.

“Azərbaycanda 2014-cü ildən indiyədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib”, – bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov 2016-cı ilin yekunlarına dair hesabat tədbirində deyib. Onun sözlərinə görə, Mərkəzdə 2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiyası şöbəsində il ərzində 17 xəstə üzərində sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.

Ana səhifəXəbərlər”Azərbaycan gələcəyin həkimini itirə bilər”