“Qarabağ” klubu futbol üzrə UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.
Buna H qrupunun digər oyununda İsveçrənin “Bazel” komandasının Kiprdə “Omoniya” ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qrupda ilk iki pillədən birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan “Qarabağ” “Omoniya” (2 xal) və “Kayrat” (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan klubu ilə yanaşı, 8 xalı olan “Bazel” də növbəti mərhələyə adlayıb.
Beləliklə, “Qarabağ” avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
UEFA Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. İkinci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan komandalarla pley-off matçları keçirəcəklər.