Fransanın müvəqqəti işlər vəkili Jülyen Lö Lan XİN-ə çağırılıb
Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Jülyen Lö Lana Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
“Diplomatla görüş zamanı Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamə Azərbaycan tərəfindən qətiyyətlə rədd edilib”, – deyə məlumatda bildirilir.
Eyni zamanda, qətnamənin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycanla Fransa arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin 3-cü bəndi çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib.
Nazirlik Fransadan bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.
Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.
Noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib.
Toplantıda iştirak edənlərin 296 nəfərdən 295-i layihəni dəstəkləyib, 1 nəfər sənədin əleyhinə səs verib.
Qətnamədə Azərbaycandan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi tələb olunub.
Eyni zamanda, Azərbaycan və onun tərəfdaşları qarşısında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması tələbi qoyulub.