Azərbaycan Fransadan təzminat tələb edir

Azərbaycan-Fransa. Mənbə: MMES Studio/shutterstock

Səfir Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət olunub

Oktyabrın 3-də Azərbaycan Fransaya nota verib.

Bununla bağlı Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, səfir Zakari Qrosa son zamanlar Azərbaycanın Fransadakı diplomatik nümayəndəliklərinə qarşı erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı bildirilib:

“Növbəti belə bir hücumun oktyabrın 1-də gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı səfiin diqqətinə çatdırılıb”.

“Hadisənin Fransanın səlahiyyətli qurumlarından səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə tələbləri fonunda rəsmi Paris tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib. Belə olduqda 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib”, – deyə nazirlik vurğulayıb.

Azərbaycanın Parisdəki səfirliyi. Mənbə: Vernerie Yann/shutterstock

Eyni zamanda, səfirliyin inzibati binasına vurulan ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib:

“Bundan əlavə, Fransanın səlahiyyətli qurumlarından Azərbaycanın diplomatik nümayəndəliklərinin və Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunub”.

Səfir Zakari Qros Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və müraciətin Fransanın səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib.

Ana səhifəSiyasətAzərbaycan Fransadan təzminat tələb edir