Azərbaycan əsilli Ukrayna əsgərinin həlak olduğu bildirilir

Kərim Qulamov. Mənbə: “Facebook”

Kərim Qulamov 2018-ci ildə hərbi hit-paradın aparıcısı olub

Azərbaycan əsilli Ukrayna əsgəri Kərim Qulamovun hərbi əməliyyatlar zamanı həlak olduğu bildirilir.

Bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” səhifəsində yayıb.

“Kərim Rusiyanın genişmiqyaslı işğalının ilk günündən son nəfəsinə qədər qoruduğu vətənini müdafiə etmək üçün ayağa qalxmışdı”, – səfir qeyd edib.

Kərim Qulamov 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub.

Onun Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olduğu, 73-cü xüsusi əməliyyatda yaxından iştirak etdiyi bildirilir.

Kərim Qulamov Kiyevin Obuxov şəhərində doğulub, İrpendə yaşayıb.

Kərim Qulamovun iyulun 26-da 35 yaşı olacaqdı.

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bir neçə azərbaycanlı da müharibə zəminində həlak olub.

Fevralda Odessa ərazisində Rusiya hərbçilərinin hücumu nəticəsində əslən Kəlbəcərdən olan Rəhim, Qabil və Nemət İsmayılovlar həyatını itirib.

Ukraynanın xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov isə Xarkov şəhərində Rusiya hərbçiləri tərəfindən güllələnib.

O, həmin günlərdə Xarkova qonaq gedibmiş.

Mağazadan ərzaq almaq üçün küçəyə çıxan Qoşqar Məmmədov mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb.

Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerindəcə ölüb.

Fevralın 27-də əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyev, həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində həlak olub.

İyulun 5-də Donetsk vilayətinin Svyatoqorsk rayonuna atdığı raket zərbələri nəticəsində isə Ukrayna vətəndaşı Eldar Rzayev və həyat yoldaşı yanaraq həlak olub.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəSiyasətAzərbaycan əsilli Ukrayna əsgərinin həlak olduğu bildirilir