Hərbi Prokurorluq işi araşdırdığını deyir
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Saleh Xələfovun təlim atış çalışmalarını yerinə yetirərkən həyatını itirdiyi bildirilir.
Bu barədə aprelin 5-də Azərbaycanın Hərbi Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Saleh Xələfova təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı Rayon Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev Meydan TV-yə deyib ki, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:
“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.
Firad Əliyevin sözlərinə görə, fakt üzrə Qubadlı Rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb:
“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.
F.Əliyev onu da bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Meydan TV əsgər Saleh Xələfovun yaxınları ilə əlaqə saxlaya bilməyib.