Azərbaycan əhalisi necə təbəqələşib?

Source:

Müşahidə və təhlillərə görə iqtisadi böhran dövründə Azərbaycanda yaşayan əhalini 6 qrupa bölmək olar. Birinci qrup ifrat zənginlərdir. Onlar hər il xarici ölkələrdə və Azərbaycanda onlarla villa, biznes alır, hər rüb dəbdəbəli istirahət yerlərini, hər ay bahalı avtomobillərini, hər həftə yeni model telefonlarını, hər gün təzə dəbə uyğun brend geyimlərini, gündə azı iki dəfə getdikləri elit restoranlarını dəyişirlər. Bu insanlar əvvəlkindən də dövlətli yaşayır, korrupsiya ilə xaricdə və daxildə malik olduqları biznes hesabına sərvətlərini daim artırırlar. Çoxunun ailə üzvləri Avropa Birliyinə üzv olan ölkələrin, Britaniya və ABŞ-ın vətəndaşlarıdır. Övladlarının təhsilləri, özlərinin tibbi müayinə və müalicələri də xarici ölkələrin tanınmış özəl kilinikalarındadır. Toplam kapital yığımları dollar ifadəsində Azərbaycanın cari il dövlət büdcəsinin 10 mislinə bərabərdir. Onların ümumu əhali sayında xüsusi çəkisi 0,1 faizə çatar.

İkinci qrup sadəcə zənginlərdir. Onlar hər il bahalı avtomobillərini, hər mövsum istirahət yerlərini, hər ay yeni model telefonlarını, hər həftə təzə dəbə uyğun geyimlərini, hər gün elit restoranlarını dəyişirlər. Zənginlərin sayı ifrat zənginlərin sayında 50 dəfəyədək çox olsa, kapital yığımları cari il büdcəsinin gəlirlərinə çatar.

Üçüncü qrup özünü orta təbəqə hesab edən iri sahibkarlar, məşhur şirkətlərdə çalışan menecerlərdir. Onlar iki ildən bir avtomobillərini, ildə bir dəfə yeni model telefonlarını, hər mövsüm orta səviyyəli istirahət yerlərini, hər ay brend geyimlərini, həftədə ən azı 2 dəfə elit restoronlarını dəyişirlər. Onların toplam kapital yığımları dollar ifadəsində bu ilin dövlət büdcəsinin 10 faizi səviyyəsində olar. Özünü orta təbəqə hesab edənlərin sayı əhalinin onda biri qədər ola bilər.

Dördüncü qrup orta təbəqə ilə yoxsullar arasında yaşayan orta və aşağı ranqlı məmurlar, kiçik və orta sahibkarlar, xarici şirkətlərdə çalışanlar, həkimlər, vəkillər, abituriyent hazırlığı ilə məşğul olan müəllimlər, beynəlxalq təşkilatlarda çalışıb, xarici valyuta ilə məvacib alanlardır. Onlar orta hesabla 5 ildən bir avtomobillərini, iki ildən bir telefonlarını, ildə bir dəfə daxildə və yaxud uzaq olmayan qonşu ölkələrdə istirahət yerlərini, ildə iki dəfə geyimlərini, ayda bir dəfə restoranlarını dəyişirlər. Onların toplam gəlirləri cari il dövlət büdcəsinin 0,1 faizi qədər olar. Bu qrupa aid olanların sayı əhalinin beşdə biri qədərdir.

Beşinci qrup əhali yoxsullardır. Onlar orta hesabla avtomobillərini 15, telefonlarını 10, geyimlərini 5 ildən bir dəyişirlər. Həmkarlar İttifaqının göndərişi ilə ildə bir dəfə müalicə və istirahətə gedir, restoranları da toylarda görürlər. Onların yığımları yoxdur, borcları var. Yoxsulların sayı cəmi əhalinin dördə biri qədər olar.

Sonuncu qrup əhali isə ifrat yoxsullardır. Onların nə evləri, nə avtomobilləri var. Bəzilərinin işi olsa da, maaşı aşağıdır, kirayədə yaşayır. Onlar arasında iş tapa bilməyənlər, sosial müavinət, pensiya hesabına yaşayanlar çoxluq təşkil edir. Geyimlərini nadir hallarda dəyişir və yaxud heç dəyişmirlər. İmkansızlıqdan toylara gedə bilmirlər deyə restoran üzünə həsrətdirlər. Çoxunun adları dükanlarda nisyə dəftərlərindədir, daim borc içində yaşayırlar. İfrat yoxsulların sayı əhalinin üçdə biri qədər olar.

Ana səhifəAnalitikaAzərbaycan əhalisi necə təbəqələşib?