”Azərbaycanda siyasi İslam təhlükəsi yoxdur”
Sosioloji araşdırma və sorğular etməklə tanınan “Gallup İnternational” dünya ölkələrində dindarlığın dərəcəsini araşdırıb. Şirkət bununla bağlı xəritə dərc edib. Xəritədə rənglərin tündlüyü dindarlığın yüksək, açıqlığı isə aşağı olduğu anlamına gəlir. Azərbaycan da ən açıq rənglə işarələnib.
“The Telegraph”
yazır ki, Azərbaycanda cəmi 34 faiz özünü dindar adlandırıb. Qalan 54 faiz isə dindar olmadığını və ya ateist olduğunu deyib. 12 faiz cavab verməyə çətinlik çəkdiyini söyləyib.
Sorğunun nəticələrinə görə, qonşu Türkiyədə 79, İranda 83, Rusiyada 70, Gürcüstan və Ermənistanda isə 93 faiz insan özünü dindar adlandırıb.
Qazaxıstanda özünü dindar sayanlar 64, Türkmənistanda 80, Özbəkistanda 51 faiz olub.
Xəritədə Azərbaycan dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Göstəriciyə görə, hətta Fransa kimi ölkədən də öndə gəlir.
Hüquqşünas Erkin Qədirli deyir ki, ilk 20-likdə diqqəti çəkən bir məqam var. Azərbaycan orada yeganə müsəlman, türk və yeganə post-sovet ölkəsidir:
“Sözümü nəyə gətirirəm? İqtidar Qərbi ölkəmizdəki “İslam təhlükəsi”lə qorxutmağa çalışır və bununla özünə dəstək ala bilir (Qərb siyasi çevrələrin stereotiplərində oynayır). Problem ondadır ki, bizim liberalların və solçuların xeylisi bu havaya girib. Özlərini və başqa ölkələrdən olan tanışlarını bu hekayəylə qorxudur. Özlərini iqtidara qarşı qoymağa çalışsalar da, bu məsələdə eynən iqtidar kimi düşünürlər. Sistem problemidir. Dəfələrlə demişəm, sözümün üstündə də dayanıram – Azərbaycanda siyasi “İslam təhlükəsi” yoxdur. Radikal dindar qruplar ola bilər, onlar ciddi problem yarada bilər, amma hakimiyyətə gələ biləcək gücdə deyillər. Odur ki, hər kəsə məsləhətim – siyasi düşüncələrinizdə bu qorxuları başınızdan atın”.
Erkin Qədirli deyir ki, bütün bunlar ölkədə dünyəvilik üçün təhlükələrin olmadığı anlamına gəlmir:
“Təhlükələr əlbəttə, var. Amma bu təhlükələr ölkəmizin içindən deyil, bayırından qaynaqlanır. Qonşularımızda olan proseslərə önəmli təsir göstərə bilmədiyimizdən, öz ölkəmizdə dünyəvi dayaqları daim gücləndirməliyik. Xəritə çox anlamları göstərə bilir”.