Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Milli Məclisə müraciət etdi

“İllərlə təbliğ olunan balanslı xarici siyasət pozularsa, onda bu şimaldan gələn təhlükələrin artmasına xidmət edəcək”

Source:


“İllərlə təbliğ olunan balanslı xarici siyasət pozularsa, onda bu şimaldan gələn təhlükələrin artmasına xidmət edəcək”

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Avropa Parlamentinin 10 sentyabr qətnaməsindən sonra yaranan vəziyyətlə əlaqədar Milli Məclisə müraciət edib.

Meydan TV-yə daxil olan müraciətdə bildirilir ki, Avropa Parlamentinin Azərbaycana dair son qətnaməsindən, iqtidar yetkililərinin bu qətnaməyə münasibətləri ilə tanış olduqdan sonra Milli Məclisin sentyabrın 14-də keçiriləcək  növbədənkənar sessiyasından əvvəl Sizlərə müraciət etmək qərarına gəliblər: “Bu müraciəti  təqdim etməklə, ilk növbədə  Azərbaycanla Avropa Birliyi arasında gərginliyin artmasından narahatlığımızı ifadə edir və eyni zamanda parlamentin  bu  məsələyə dair  mövqeyinin formalaşdırılmasında nəzərə alınmasını vacib hesab etdiyimiz  bır sıra məqamları xatırladırıq:  Avropa İttifaqı  dəfələrlə  Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini,  Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bəyan edib. Dağliq Qarabağ  problemini  həll, Azərbaycanın ərazi bütövlüyü təmin etmək üçün Avropa Birliyi institutları,  o sıradan da Avropa Parlamenti və üzv dövlətlərin  dəstəyinə bundan sonra da ehtiyacımız olacaq:  Ötən il  Avropa Birliyinə  üzv olan ölkələrin Azərbaycanın ixracatında  payı 53 faiz, idxalında payı isə 34 faiz olub. Avropa İttifaqına üzv olan ölkələrlə  idxal və ixrac əməliyyatlarının davam etdirilməsi  və inkişafı milli iqtisadiyyatın mövcud çətinliklərini dəf etməsi üçün bundan sonra daha çox  əhəmiyyət kəsb edəcək: Azərbaycanın əsas  neft və qaz kəmərləri Avropa bazarlarına istiqamətlənib.  Hazırda Azərbaycanın hasil etdiyi neftin və  qazın Avropaya nəql olunması  üçün TANAP və TAP kimi yeni layihələrə imza atmışıq.  Ölkəmiz üçün vacib olan enerji layihələrinin reallaşmasında, ondan  əldə edilən  gəlirlərin ölkəyə  çatdırılmasında  və idarəedilməsində  Avropa dövlətləri və şirkətləri ilə əməkdaşlıq əvəzsiz rol oynayır. Bu ilin əvvəlinə  olan məlumata görə,  Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF)  investisiya portfelinin 51,74 faizi  Avropa Birliyinə üzv olan ölkələrdə yerləşdirilib. ARDNŞ Isveç, Rumıniya,  və Ukraynada “SOCAR” brendi ilə iri yanacaqdoldurma şəbəkələri, neft bazaları yaradıb.  Asiyanın maliyyə  bazarlarında qeyri-sabitliyin mövcudluğu bundan sonra  da Avropa bazarlarını  ARDNF  və ARDNŞ üçün cəlbedici edəcək”.

ADR-nin müraciətində daha sonra qeyd olunur ki, indiyə qədər Avropa Birliyi Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində, ölkəyə qabaqcıl texnologiyaların, nou-hauların  gətirilməsində, kadr potensialının yeniləşməsində  əvəzsiz rol oynayıb. Təsadüfi deyildir ki, Dövlət Proqramı çərçivəsində xaricdə  təhsili maliyyələşdirilən tələbələrin 60 faizə qədəri Böyük Britaniya və Avropa İttifaqına üzv olan ölkələrə göndərilib. Bu sahədə əməkdaşlıq ildən ilə genişlənir və buna Azərbaycanın daha çox ehtiyacı vardır: Azərbaycanın müstəqilliyinin qorunmasında və  müstəqillik qazanandan sonrakı dövrlərdə  təhlükəsizliyinin təminatında  Avropa Birliyi və Avroatlantika məkanı  ilə əməkdaşlıq önəmli rol oynayıb.  Onlarin texniki dəstəyi ilə təhlükəsizlik sektorunda islahatlar aparılıb, ölkəmizin müdafiə qabliyyəti möhkəmlənib. Nəhayət, Avropanın ölkəmizdə demokratiyanı inkişafına dair çağırışlarının bu dərəcədə aqressiv bir narahatlıqla qarşılanmasını nə Avropa ictimaiyyəti, nə də bizim cəmiyyətimiz anlaya bilmir. Axı, bunlar ölkəmizin gələcəyi üçün vacib çağırışlardır”.

“Hörmətli Məclis üzvləri,  nəzərə alın ki,  sizin  qəbul etdiyiniz qərar və formalaşdıracağınız mövqe Azərbaycanın strateji seçiminə də ciddi təsir edə bilər. İllərlə təbliğ olunan “balanslı” xarici siyasət pozularsa, onda bu şimaldan gələn təhlükələrin artmasına xidmət edəcək. Şimaldakı imperiya zəifləsə (bunun əlamətləri artıq göz önündədir), o zaman biz özgələşdirdiyimiz bir Avropa ilə təkbətək üz-üzə qalacağıq. Bu isə Qarabağ məsələsində bizi dedikcə əlverişsiz bir mövqeyə gətirib çıxaracaq. Odur ki, sizdən Azərbaycanın bu gününü deyil, həm də  sabahını düşünərək, Avropa Birliyi institutları və üzv dövlətlərlə onsuz da yaxşı olmayan münasibətləri daha da  gərginləşdirən  qərarlara yol verməməyi tövsiyə edirik”,-deyə müraciət bu fikirlərlə bitir.

Ana səhifəXəbərlərAzərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Milli Məclisə müraciət etdi