Azərbaycan belə idarə olunur

Bizim təhsil sistemi

Source:

Hər dəfə bu hadisə yadıma düşəndə bütün Azərbaycan gözümün qabağına gəlir. Həqiqətən, çox dəhşətli hadisədir. Bu hadisələrin olduğu ilin üstündən illər keçib, amma indi də mənim üçün çox ciddi məsələdir. İndi yazacağım hadisələr Azərbaycanda olan təhsil ocaqlarının birində baş verib.

Həmin təhsil ocağına getdiyim ilk gün akt zalında böyük bir tədbir oldu. Tədbirdə çıxış edən şəxslərin ən çox vurğuladığı məsələ orada rüşvətin olmaması idi. Əlbəttə, uşaqlar artıq oranı bitirən tələbələrdən çoxdan məlumat almışdılar. Rüşvətin olmayacağı məsələsinə heç kim inanmırdı. Amma zamanla hər yeni gələn müəllim imtahan dövrünə qədər bu sözləri təkrarladı: “Burada rüşvət yoxdu, dərsləri oxuyun.”

Çox adam buna inanmışdı, amma nə inananlar, nə də inanmayanlar dərs oxumurdu. Gülməli hadisə idi, heç kim müəllimləri ciddiyə almırdı, sanki qabaqcadan olacaqları görürdülər.

Qısaca deyim, həmin il birinci imtahan dövrünü tələbələr imtahanı rüşvətlə keçdilər. Ən dəhşətli hadisələr isə ikinci imtahan dövründə oldu.

İkinci imtahan dövrünə sayılı günlər qalmışdı ki, direktor, onun müavini, dekanlar bir sözlə, vəzifə sahibi olan hər kəs həyəcan içində idi. Təhsil nazirliyindən yoxlama gələcəyi xəbəri yayılmışdı. Günlərin biri dərs zamanı otağa bir nəfər girdi. Üzünü çox az gördüyümüz, direktor müavini olan bir xanım. Hicablı idi. Bunu xususi qeyd etməyimə səbəb var.

Hər kəsi salamladıqdan sonra danışmağa başladı:

“Bu günə qədər olan rüşvət söhbətlərinə görə çox üzülürəm, inanın ki, bundan heç kimin xəbəri olmayıb. Bundan sonra sizdən rüşvət alanın da, sizdən bizə rüşvət təklif edənin də atasına lənət. Mən özüm namaz qılan, ibadət edən insanam. Mənə inanın!”

Otaqdan çıxdı, çıxan kimi qrupda imtahan pullarını yığan qrup yoldaşımız xanım ayağa durdu. Hər şeyin yalan olduğunu, imtahana pul yığıldığını və tezliklə pulların gətirilməli olduğunu dedi.

Hər kəs buna təəccüblə yanaşdı. Sonradan uşaqlar bir-bir həmin hicablı xanımın yanına getdilər ki, bəs bizdən pul istəyirlər. Onun da çox “gözəl” cavabı olmuşdu: “Oxumamısınızsa, gətirin verin da, dədənizə borcumuzmu var sizin?!”

Hə, beləcə uşaqlardan pul yığıldı. Mən öz növbəmdə qrup uşaqlarına etiraz etməyimiz lazım olduğunu bildirdim. Kim ki, pul vermədən imtahandan keçmək istəyir, sabah səhər dərs başlamamış binanın qarşısında etiraz edək dedim. Müəyyən edilmiş saata qədər hər şeyin planı qurulmuşdu. Amma çox keçmədi həmin qrup yoldaşımız, pul yığan qız bu xəbəri direktora və müavininə çatdırdı. Xəbəri eşidəndə məni qovmaq istəyirdilər, amma qovulmağımın bir addımlığında xilas oldum. O da ki, uşaqların ərizə yazaraq hər şeyin yalan olduğunu bildirməsi nəticəsində.

İmtahan dövrü gəldi, nazirliyin yoxlamaları da gəldilər və getdilər. İmtahandan sonra eşitdik ki, rüşvət alana da, verənə də söyən, amma öz otağında rüşvət istəyən qadın, direktor və iki dekan oradan qovuldular. Daha sonra xəbər gəldi ki, nazirlikdən təhsil ocağını yoxlamaq üçün gələn yoldaşlardan biri yeni vəzifəyə gətirilib – dekan olub. Gələn kimi də ilk vəzifəsi imtahan üçün yığılan rüşvəti qaldırmaq oldu.

Beləcə, susa-susa hər kəs o kollecdən diplom aldı. Yalnız bizim qrupda pul yığan xanımdan başqa. Sonradan məlum oldu ki, onun pul yığması və qrupda olanları xəbər kimi direktora çatdırması qarşılığında özünə rüşvət vermədən diplom alması vəi verilib. Məsələn, mənim etiraz etməyimi, uşaqları təhsil ocağının qarşısında kütləvi etiraz etmək üçün yığmaq istəməyim xəbərini çatdırması kimi bir işin qarşılığında.

Bu özü çox dəhşətli hadisə idi, onun özündən neçə ildə vermədiyi pulu tələb edirdilər. Eşitdiyimə görə, hələ də diplom almayıb.

Baxın, Azərbaycan belə idarə olunur, haqsızlıqlara boyun əyənlər də, haqsızlıq edənlər də bir gün onlardan daha çox haqsızlıq edə bilən kəslərin qurbanı olur. Azərbaycan bu hakimiyyətin qurbanı olub. Məncə bu hadisələr bütün Azərbaycanı izah edir. Siz də öz növbənizdə bütün etdiyiniz haqsızlıqların qurbanı olacaqsınız ya da olmusunuz. Sistemin saxtakarlığı bütün vətandaşlara aiddir. Bunu unutmayın!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAzərbaycan belə idarə olunur