”Economist Intelligence Unit” Demokratiya İndeksini açıqlayıb
Son bir ildə qlobal miqyasda demokratiyada ciddi geriləmə baş verib. “Economist Intelligence Unit” bunu yanvarın 31-də açıqladığı illik Demokratiya İndeksində
bildirir
.
Bu indeks 2017-ci ildə 165 müstəqil ölkə və iki ərazidə demokratiyanın durumunu öyrənib. 2010-cu ilin maliyyə və iqtisadi böhranından bəri ən pis göstəricinin qeydə alındığı
bildirilir
. (“Turan” İA)
İndeksə görə, 2016-cı illə müqayisədə ötən il heç bir regionda yaxşılaşma olmayıb.
Dünya əhalisinin 5 faizdən də azının “tam demokratiya” şəraitində yaşadığı bildirilir.
Bunun əsas səbəblərindən biri media azadlıqları sahəsində enmə və azad sözə məhdudiyyətlər göstərilir. Bu da hökumət repressiyası sonucunda baş verib. Builki Demokratiya İndeksində media azadlığına xüsusi diqqət ayrılır, yeni Media Azadlığı İndeksi də təqdim olunur.
Norveç, İslandiya, İsveç, Yeni Zelandiya və Danimarka tam demokratiyalar sayılıb.
Azərbaycan 148-ci yerdə “avtoritar ölkə” kateqoriyasında qərarlaşıb. Qonşulardan Gürcüstan (79) və Ermənistan (111) hibrid rejimlər sırasındadır. Rusiya (135) avtoritar ölkə sayılıb. Bu kateqoriyada Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan, Türkmənistan da var.
Media Azadlığı İndeksinə gəlincə, Azərbaycan (154), Rusiya (139) qeyri-azad, Gürcüstan (49) qismən azad, Ermənistan (109) əsasən qeyri-azad sayılıb.
İndeksin gəldiyi nəticə:
– Dünya demokratiyalarının çoxunda siyasi, sosial və mədəni fərqlər dərinləşməkdədir;
– Ən böyük demokratik geriləmə Asiyada baş verib;
– İspaniya “tam demokratiya” statusunu saxlasa da, balı kəskin düşüb. Bir səbəb hökumətin Kataloniya böhranını necə idarə etməsidir.
İndeksdə ilk üç yeri Skandinaviya ölkələri, sonuncu yeri isə Şimali Koreya tutur.
Azərbaycan hakimiyyət indeksi şərh etməyib. Ölkə başçısı İlham Əliyev noyabrın 24-də “Şərq Tərəfdaşlığı” sammitinin plenar sessiyasında deyib: “Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik”.
Hesabata münasibət bildirən deputat Elman Məmmədov Toplum Tv-yə
deyib ki
, Azərbaycana qarşı qərəzli yanaşırlar.
Onun sözlərinə görə, bu cür təşkilatlar Ermənistan haqqında da bəzi fikirlər səsləndirsələr, yaxşı olar:
“Bu cür təşkilatlar Ermənistan haqqında da bəzi fikirlər səsləndirsələr, yaxşı olar. Ermənistanı demokratik ölkə kimi tanıyırlar. Ermənistan isə işğalçı, terrorçu dövlətdir. Burada insan hüquqları pozulur. Ermənistanı idarə edənlər hərbi canilərdir. Ermənistanda olan miqrasiya dünyanın heç bir yerində yoxdur. Buna baxmayaraq, Ermənistanı demokratik ölkə adlandırırlar. Azərbaycana isə qərəzli yanaşırlar. Bu cür təşkilatlar tapşırıq vasitəsilə bunu edirlər. Azərbaycanın nüfusuna zərər gətirmək üçün əllərindən gələni edirlər. Bu, bizim üçün əsas deyil. Azərbaycanda insan haqları qorunur, azad media mövcuddur. Bu cür təşkilatların açıqlamaları hələ çox davam edəcək”.
Politoloq Nəsimi Məmmədli isə hesab edir ki, indeks reallığı əks etdirir:
“Ölkəmizdə insan hüquq və azadlıqlarının real durumu ilə bağlı aparılan ən səthi monitorinqlər də təsdiq edər ki, “Economist İntelligence Unit” təşkilatının Azərbaycanla bağlı qiymətləndirməsi reallığı ifadə edir. Hesabatda seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak, siyasi mədəniyyət meyarları əsas kimi götürülüb. Sadalanan bütün istiqamətlər üzrə ölkəmizdə real durum çox ağırdır. Avropa Şurasının müəyyən etdiyi kriteriyalarla ölkəmizdə 150-dən çox siyasi məhbus var. Qanunsuz həbslərin, saxlanmaların, işgəncələrin sayına görə ölkəmiz Avropada liderlik edir”.