Avropa Birliyinin xüsusi elçisi Herbert Salber Bakıya gəlir
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Herbert Salberin Bakıya səfəri gözlənir.
“Turan” agentliyi onun aprelin 18-də gələcəyini yazır. Bir gün sonra, aprelin 19-da isə rəsmi görüşləri başlayacaq.
H.Salberin ölkə rəhbərliyi ilə görüşü planlaşdırılır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycan-Avropa Birliyi əlaqələri əsas müzakirə mövzusu olmalıdır.
Xüsusi elçinin səfəri aprelin 20-də bitəcək.
Onun səfərindən bir neçə gün sonra isə Bakıda, Xarici İşlər Nazirliyində Azərbaycan-Avropa Birliyi arasında yeni saziş layihəsinin müzakirəsinə başlanacağı bildirilir. Bu yeni saziş layihəsi ilə bağlı birinci substantiv müzakirə olacaq.
Bundan ötrü aprelin 24-də Avropa Birliyinin xüsusi heyəti Bakıya gəlməlidir. Azərbaycanın hazırlayıb təqdim etdiyi saziş layihəsi danışıqlar masasının əsas sənədi olacaq.
Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir.
2004-cü ildən Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi – Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxil idi. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə Assosiativ üzvlüyə dair saziş imzalayıb.
Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.
Bundan əvvəl tərəflər fevralda Brüsseldə bir araya gəlmişdilər.