”Son vaxtlar Novruz Məmmədovun Dağlıq Qarabağla bağlı söylədiklərinin heç biri özünü doğrulmayıbsa, onun növbəti açıqlamasını ciddiyə almayın”
“Beynəlxalq aləmdə böyük gərginlik olsa da, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var”.
APA yazır ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov fikrini son iki həftədə Donald Trump-ın Azərbaycan prezidentinə iki məktub göndərməsi ilə əsaslandırıb:
“Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür”, – deyə o vurğulayıb.
Bir müddət əvvəl Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika zirvəsinin keçirildiyini xatırladan N.Məmmədov ABŞ prezidentinin zirvədə mühüm nitq söylədiyini bildirib:
“O, çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoydu. Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı. Ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz də bu perspektivlərlə bağlı lazımı addımlar atırıq”.
ABŞ prezidenti D.Trump həm 28 May -Respublika günü ilə, həm də Bakıda keçirilən XXIV Beynəlxalq Neft və Qaz Sərgisi ilə bağlı Azərbaycan prezidentinə məktub göndərib. Məktubda ABŞ-ın Azərbaycanla əməkdaşlığa önəm verdiyi bildirilib.
Novruz Məmmədovun söylədiklərini Meydan TV-yə şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə bildirib ki, hər bir prezidentin protokol xidməti var. Bu xidmət müxtəlif müraciətlər hazırlayır, onların cədvəli var, hansısa vacib dövlətin rəhbərinə məktubun hazırlanmasına Dövlət Departamenti və prezidentin milli məsələlər üzrə idarəsi də cəlb olunur. Yəni müraciətdə, məktubda sətiraltı nəsə ifadə etsinlər. Bu məzmunda müraciətlər bütün ölkə başçılarına göndərilir. Araşdırın, görəcəksiniz ki, prezident Tramp Ərəb-İslam-Amerika zirvəsində iştirak edən dövlətlərin başçılarına eyni məktublar göndərib. Düzdür, Tramp Ər-Riyadda həmin dövlət başçıları ilə Türkiyə prezidenti Ərdoğan kimi 22 dəqiqə yox, 20-30 saniyə görüşüb, amma bunun özü həmin prezidentlər üçün fərqli mənzərədir.
Z.Əlizadə sual edir: dövlətlər arasında hansı səhifənin açılmasından söhbət gedə bilər ki, Azərbaycanın iqtisadi göstəricləri getdikcə pisləşir, ərazisi işğal altındadır, milli valyutası dəyərdən düşür, məhkəməsi bərbad, jurnalistləri oğurlanır, döyülür?
“Amerika da həmin imperialist Amerikadır ki, bütün dünyaya ağa gözüylə baxır. Bu baxımdan, Novruz Məmmədov başqa nə deyə bilərdi? Son vaxtlar Novruz Məmmədovun Dağlıq Qarabağla bağlı söylədiklərinin heç biri özünü doğrulmayıbsa, onun növbəti açıqlamasını ciddiyə almayın”,-deyə siyasi icmalçı fikirlərini tamamlayıb.