Azərbaycan 2025-ci ilə xarici dövlət borcunu 3 dəfə azaltmaq istəyir

Natiq Cəfərli: “Dövlət borcunun hesablanması qaydaları doğru deyil”

Source:
Bakı
Bakı


Natiq Cəfərli: “Dövlət borcunun hesablanması qaydaları doğru deyil”

2018-ci ilin əvvəlində Azərbaycanın xarici dövlət borcu 9 milyard 398,3 milyon dollar təşkil edir və il ərzində bu borcun 9.42 milyard ABŞ dolları səviyyəsinə qədər artması planlaşdırılır.

Bu barədə “Turan” informasiya agentliyi dövlət başçısının “Dövlət borcunun idarə olunması üzrə qısamüddətli və uzunmüddətli strategiya”nın təsdiq edilməsi haqqında sərəncamına istinadən məlumat verilir.

Eyni zamanda, bildirilir ki, 2019-cu ildə dövlət borcu 9 milyard, 2025-ci ilə qədər 3,8 milyard ABŞ dollarına qədər azalacaq.

Agentlik yazır ki, imzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ilə nəzərdə tutulan kəskin artımın səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1.250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılacağıdır.

Sərəncamda deyilir ki, son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcə gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri edir.

“2018-ci ildə və növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur. 2018-2025-ci illərdə hökumət islahatlar üçün Asiya İnkişaf Bankından 500 mln dollar, “Azərbaycan Dəmir Yolları” QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən 325 mln dollar, xarici valyuta nominallı dövlət qiymətli kağızlarının yenidən maliyyələşdirilməsi üçün 1.250 mln cəlb etməyi planlaşdırır. Dövlət borcunun ÜDM-yə nisbətinin ən yüksək həddi 2019-cu ildə olacaq – 23%. Hökumətin proqnozuna görə, sonrakı illərdə aşağı düşmə tendensiyası olacaq və 2021-ci ildə dövlət borcu ÜDM-in 19,5%-i, 2025-ci ildə isə 12%-i qədər olacaq”.

Natiq Cəfərli
Natiq Cəfərli

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli Meydan TV-ə deyib ki, ümumiyyətlə dövlət borcunun hesablanması qaydaları doğru deyil və bu dəyişdirilməlidir:

“Məsələ ondadır ki, Azərbaycanda birbaşa dövlət tərəfindən götürülmüş və artıq istifadə olunmuş vəsaiti dövlət borcu kimi qeydiyyata salırlar. Amma dünya ölkələrinin praktikasında nəinki dövlət zəmanəti, hətta kommersiya qurumlarının da götürdüyü borcu ümumi borc kimi qeydiyyata alırlar. Kommersiya müəssisələrini kənara qoyaq, çünki orda bankların ciddi borcu var. Amma dövlət idarəçiliyindəki təbii inhisarların borcu yüksək səviyyədədir. Təkcə SOCAR-ın borcu dövlət borcu səviyyəsinə yaxındır”.

Onun fikrincə, bundan başqa “Azenerji”, “Azərsu”, “AZAL” və digər dövlətin idarəetməsində olan şirkətlərin borcları da dövlət borcu kimi qeydiyyatına alınması vacibdir.

“Çünki bunlar dövlət zəmanəti ilə borc götürürlər. Əgər belə olarsa, daha böyük rəqəm meydana çıxacaq. Hesablamalarımıza əsasən ümumi borcumuz 22 milyard dollar civarındadır. Əgər məsələ bu cür qoyularsa, müxtəlif istiqamətlər üzrə borcların qaytarılması proqramını qəbul etmək daha doğru olardı”.

İqtisadçı deyir ki, hökumətin borcların azaldılması haqda nikbin proqnozları neft qiymətlərinin yüksək olmasına hesablanmış modeldir.

“Valyuta gəlirlərinin artması Azərbaycanın xarici borcunun daha sürətlə və daha effektiv ödənməsinə səbəb olacaq. Amma zəmanət yoxdur ki, 2-3 ildən sonra neftin qiymətləri belə yüksək səviyyədə qalacaq. Halbuki, borcun qaytarılması proqramı 2015-ci ilə nəzərdə tutulub. Neftin qiymətinin hər 10-20 dollar enməsi planın gerçəkləşməsini sual altına qoyur. Yaxud xarici borcun azaldılması proqramın həyata keçirilməsi mümkünsüz olacaq. Yenə də hər şey neft qiymətlərindən asılıdır. Bir sözlə, borcların hesablanması qaydası doğru deyil, ikinci də neft qiymətlərinə hesablanmış proqram”.

Ana səhifəXəbərlərAzərbaycan 2025-ci ilə xarici dövlət borcunu 3 dəfə azaltmaq istəyir