Azərbaycan Milli Şurası 18 gün ərzində Tbilisidə fəaliyyət göstərib, sonradan Gəncəyə köçüb
Bu gün Azərbaycanda Respublika Günü qeyd edilir. 105 il əvvəl, 1918-ci ilin 28 mayında Şərqdə ilk respublika -Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.
Azərbaycanın, Gürcüstanın və Ermənistanın müstəqilliyi I Dünya Müharibəsi başa çatdıqdan və Rusiya imperiyası dağıldıqdan sonra mümkün olub. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymində fikir ayrılıqları nəticəsində Zaqafqaziya Demokratik Federativ Respublikasının (ZDFR) dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan edib. Elə həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilib.
Mayın 28-də yayılan İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan xalqları suveren hüquq daşıyıcılarıdır və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan olunur.
Azərbaycan Milli Şurası 18 gün ərzində Tbilisidə fəaliyyət göstərib, sonradan Gəncəyə köçüb. Həmin vaxt Bakı başda Stepan Şaumyan olmaqla, Bakı kommunasının nəzarəti altında idi.
AXC hökuməti 1918-ci ilin sentyabrında Qafqaz Türk İslam Ordusunun Bakı komissarlarını əvəz edən eser-menşevik “Mərkəzi Kaspi Diktaturası” hökumətindən azad etməsindən sonra Bakıya köçüb.
AXC-də milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqları təmin edilib. Müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb. Mövcud olduğu 23 ayda AXC-də bir sıra qanunlar qəbul edilib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirilib, ilk universitet yaradılıb.
Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğal olunub.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən müstəqillik əldə edib və özünü AXC-nin varisi elan edib.