O deyir ki, bu formatın məqsədi Qərbi bölgəyə buraxmamaqdır
Ermənistanın Baş naziri Nikol Paşinyan “3+3” formatında görüşlərə hazır olduğunu bildirib.
Bu barədə o, oktyabrın 10-da Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Baş nazir vurğulayıb ki, Yerevan da prosesi bu formatda vacib sayır.
Dünən İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə deyib ki, regional məsələlər “3+3” formatında həll edilməlidir.
Əliyev həmçinin regional məsələlərin “3+3” formatında həll olunması üçün müvafiq səviyyələrdə görüşlərin keçirilməsini vacib sayıb.
Paşinyan isə deyir ki, Ermənistanın davamlı olaraq regional gündəliyi başqa ölkələrdə müzakirə etməməlidir:
“Əlbəttə, biz beynəlxalq ictimaiyyəti başa düşürük. Amma bizim regionda belə təəssürat yaranmamalıdır ki, bölgə ölkələrinə həqarətli münasibət var”.
O həmçinin bildirib ki, vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu və Yerevan buna indi də hazırdır:
“Amma əlavə müzakirə üçün məsələlər var. İndi həm də aydınlaşdırmaq lazımdır ki, tərəflərin təsəvvürü necədir, söhbət hansı səviyyədə davam etməlidir?”.
Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı Ermənistanın “3+3” formatında iştirakını formal sayır.
Qasımlı Meydan TV-yə deyib ki, Azərbaycan Avrasiya İttifaqında formal iştirakçı olduğu kimi, Ermənistan da “3+3” formatına o cür münasibət sərgiləyəcək:
“Çünki Ermənistan Rusiyadan qopmaq, Qərbə inteqrasiya yolunu tutub. Sadəcə, indiki mərhələdə bütün “körpüləri yandırmaq” istəmirlər. Eyni zamanda, Yerevan KTMT-nin toplantılarına qatılmır, nümayəndə də təyin etmir. Oktyabrın 10-da isə Paşinyanın MDB iclasına qatılmayacağı məlum oldu. Bununla Ermənistan Rusiyaya güvənmədiyini göstərdi. Bu mənada Ermənistan “3+3″ formatında təklənmiş olur. Burada bir qədər Tehrandan Yerevana dəstək ola bilər”.
“Nəhayət, artıq Qarabağ problemi də yoxdur, Ermənistan bu yükü üzərindən atıb. Gürcüstan da iştirak etməyəcək, ona görə “3+3” yox, “3+1″ alınır, çünki Ermənistanın da iştirakı formaldır. İndiki mərhələdə bu formatın perspektivi görünmür”, – politoloq qeyd edib.
Onun sözlərinə görə, “3+3” formatının məqsədi Qərbi bölgəyə buraxmamaqdır:
“Bir sıra məsələlər 2020-ci il müharibəsinə qədər Ərdoğan-Putin-Əliyev arasında razılaşdırılmışdı. Əvvəlcə 7 rayon azad olundu, ardınca sühməramlılar Qarabağda yerləşdirildi, üçüncü Zəngəzur dəhlizinin Kremlin nəzarətinə keçməsidir. Dördüncü də “3+3″ formatıdır. Məqsəd regiona başqa oyunçuları buraxmamaqdır”.
“3+3” formatı 2020-ci ildə 44 günlük məlum savaşdan sonra Türkiyənin təşəbbüsü ilə Rusiyanın dəstəklədiyi yeni regional əməkdaşlıq formatıdır.
Bu, Cənubi Qafqazın üç ölkəsinin – Gürcüstan, Ermənistan və Azərbaycanın, eləcə də üç regional gücün – Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur.
Ermənistan iki il əvvəl bəyan etmişdi ki, indiyə qədər razılaşdırılmış və başqa platformalarda müzakirə olunan, o cümlədən Dağlıq Qarabağ problemi bu formata daxil edilməməlidir.
Gürcüstan isə bu təşəbbüsü rədd edərək Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya ilə əməkdaşlıq edə bilməyəcəyini bildirib.
İndiyədək bu formatda – 2021-ci ilin sonunda cəmi bir görüş baş tutub.
Sonradan Gürcüstan görüşdə iştirak etməyib.
Formatın davam etdirilməsi ilə bağlı vaxtaşırı bəyanatlar verilsə də, növbəti iclas hələ baş tutmayıb.