Fərhad Məmmədov: “Ermənistanla sülh Bakı-Fransa münasibətlərindəki gərginliyi aradan qaldıracaq”
Azərbaycanla Qərb arasında münasibətlər getdikcə daha da pisləşir.
Öncə ABŞ-la gərginlik yaşansa da, son bir həftədə Fransa ilə münasibətlər daha da pisləşib.
Dövlət başçısı İlham Əliyev bir müddət əvvəl Azərbaycan xarici siyasət konsepsiyasının Avropa İttifaqını hədəfləmədiyini və Mərkəzi Asiya ilə eyni siyasi-iqtisadi geopolitik müstəvidə olduğunu söyləmişdi.
Bu baxımdan, Azərbaycanın geopolitik istiqaməti müəyyən suallar doğurur.
Politoloq Fərhad Məmmədov Meydan TV-yə deyib ki, Qərblə yaşanan gərginlik ümumi münasibətlərin nəticəsi deyil.
Onun fikrincə, mövcud vəziyyət Qərbin Qarabağ məsələsinə yanaşmasından və Ermənistanla münasibətdə sərgilədiyi mövqedən irəli gəlir:
“Yəni bu gərginlik ABŞ və Avropa İttifaqı ilə enerji, humanitar, nəqliyyat və təhlükəsizlik sahələrindəki münasibətlərin nəticəsi deyil. Azərbaycan Vaşinqtona və Brüsselə Ermənistanla münasibətlərdə vasitəçi olmaq imkanı da yaratdı və bütün platformalarda iştirak etdi. Lakin ilk baxışda normal münasibət sərgiləyən ABŞ və Avropa İttifaqı danışıqlar prosesində məntiqdən uzaq mövqe nümayiş etdirdilər. Məsələn, Laçın dəhlizi, Rusiya sülhməramlılarına əlavə vəzifələrin verilməsi… Sonda İstanbulda Rusiya Xarici İşlər Nazirliyinin müavini ilə görüşdülər ki, təki Azərbaycan Laçın dəhlizinə nəzarət etməsin. Bütün bunlar gərginliyin əsasının Qarabağ və Ermənistanla münasibətlərdən qaynaqlandığını göstərir. Azərbaycan artıq Qarabağ məsələsini bağlayıb. Ermənistanla münasibətlərə gəlincə, ümid edirik ki, yaxın gələcəkdə hər şey normal olacaq. Məncə, Ermənistanla sülh sazişi Bakı-Fransa münasibətlərindəki gərginliyin pik nöqtəsini aradan qaldıracaq”.
F.Məmmədov İlham Əliyevin bir neçə il əvvəl Avropa ilə bağlı səsləndirdiyi fikirləri yada salıb.
İlham Əliyev çıxışında qeyd edirdi:
“Biz Avropaya inteqrasiya yox, əməkdaşlıq edəcəyik, çünki Türkiyənin taleyini gördük”.
Məmmədov deyir ki, əslində, bu açıqlama namizəd İlham Əliyevin seçki öncəsi kampaniyasının tərkib hissəsi idi:
“7 fevralda Azərbaycan əhalisi buna münasibətini göstərəcək. Avrasiya İqtisadi İttifaqına gəlincə, Azərbaycan hazırda iki iqtisadi qurumla – Avropa İttifaqı və Gömrük İttifaqı ilə təmasdadır. Qonşu ölkələr arasında hər iki birliyin üzvləri var. Əvvəllər bu qurumlara yanaşmada əsas meyar Qarabağ məsələsinə mövqe üstün götürülürdü. Artıq problem aradan qaldırılıb. Düşünürəm ki, Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının artırılması istiqamətində hər iki birliyə üzv olmadan xüsusi anlaşmalar, yaxud sahəvi sazişlər imzalayıb, münasibətləri dərinləşdirməliyik”.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Meydan TV-yə deyib ki, əgər Əliyevin son 3 ildəki səfərlərinə diqqət edilsə, siyahıda Qərb dövlətlərinin olmadığı aydın görünəcək:
“Sadəcə, Əliyev Brüssel formatında Paşinyanla görüşlərə qatılıb. Ona görə bu səfərlər işgüzar sayıla bilməz. Son səfərlər Serbiya, Macarıstan olub ki, onlar da Rusiyaya yaxınlığı ilə tanınır və hökumətlər avtoritarizmə meyllidir. Serbiyada son parlament seçkilərinin saxtalaşdırılması iddiası ilə bağlı etirazlar hələ də davam edir”.
Azər Qasımlı hesab edir ki, 44 günlük savaşdan əvvəl Azərbaycanı Avrasiya İttifaqına doğru aparmaq trendi daha da güclənib:
“Səbəb də odur ki, hakimiyyət balanslaşdırma siyasətini yürüdə bilmir və Rusiyaya doğru meyllənmə açıq görünür. Son həbslər də bununla bağlıdır. Hazırda Fransa ilə son münasibətlərə də bu kontekstə baxılmalıdır, seçkilərdən sonra isə tam qırılma nöqtəsinə qədər davam edəcək”.