Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və biletpulunu geri ala bilərlər
Martın 6-dan Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.
Qərarın beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə qəbul edildiyi deyilir.
Bu barədə “Azərtac” AZAL-a istinadən məlumat yayıb: “Vəziyyət, həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib”.
“Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır”, – məlumatda bildirilir.
Eyni zamanda, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri də sabahdan Rusiyanın şəhərlərinə bütün reysləri dayandırır.
“Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər”, – deyə AZAL bildirib.