AZAL ABŞ-a uçuşları dayandırır

İqtisadçı deyir ki, Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edirdi.

Foto: AZAL


''Bu, AZAL-ın idarəçiliyinin zəif olması ilə birbaşa əlaqədardır''

Oktyabrdan etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Nyu-Yorka birbaşa uçuşları dayandıracaq.

Bu barədə

ONA

İnformasiya Agentliyi məlumat yayıb. Səbəb ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərdir. Nəticədə AZAL bu il təyyarə parkını artıra bilməyib. Aviaşirkət marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı verib.

Məlumatda deyilir ki, bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və Azərbaycana böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.

“2019-cu ilin oktyabrından Nyu-Yorka uçuşları dayandırırıq. Ancaq 2016-cı ildən Azərbaycan və ABŞ arasında "Open Skies" (Açıq Səma) aviasiya sazişi qüvvədədir. Bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar".

Azərbaycan Hava Yolları 2016-cı ildən ABŞ-a birbaşa uçuşlara başlayıb. Cəmi 3 il sonra həmin reysi bağlamaq qərarına gəlib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, AZAL rəsmilərinin verdikləri açıqlamalar sadəcə bəhanədir. Vəziyyət göstərir ki, Bakıdan Nyu-Yorka olan uçuş sadəcə gəlirli olmayıb:

“Açıqlanan məlumatın gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki AZAL-ın uçuşları baha və eyni zamanda, tələbat yüksəkdir. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yolları, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı deyir ki, Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edirdi. Həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, onda rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəif olması ilə birbaşa əlaqədardır:

“Çünki bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasına görə, bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara üstünlük veriblər”.

Qubad İbadoğlu hesab edir ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac var. Bu isə dövlət konserninin restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir:

“Əks təqdirdə, on milyardlarla sərmayə yeyən, müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelli işləməyəcək”.

Ana səhifəXəbərlərAZAL ABŞ-a uçuşları dayandırır