“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib
Bu gündən “Azadlıq” qəzetinin yayımı dayandı. Bu barədə qəzet məlumat yayıb. Məlumatda deyilir ki, “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb qəzetin nəşriyyata olan borclarıdır. “Azərbaycan” Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a vaxt vermişdi. Amma deyilən müddətdə vəsait ödənilmədiyindən qəzetin çapı da dayandırıldı.
Bir neçə gün öncə “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev Meydan TV-yə bildirmişdi ki, qəzetin tələb olunan vəsaiti ödəyə bilməməsinə səbəb bank əməliyyatları apara bilməməsidir:
“Qəzetin maliyyə direktoru Faiq Əmirli həbs edildikdən sonra başqa bir şəxsin bu səlahiyyəti imza nümunəsi təsdiq edilməlidir. Bu problemin həlli üçün müraciət etdiyimiz səlahiyyətli dövlət orqanı imza nümunəsi təsdiqindən imtina edib. İmza nümunəsinin təsdiqi üçün zəruri sənədlərin qaydasında olmadığı əsas gətirilib”.