Media qurumları ilə bağlı qərar qüvvədə qaldı
Dekabrın 19-da Bakı Apelyasiya Məhkəməsində Azadlıq Radiosu və “Azadlıq” qəzetinin apelyasiya şikayətinə baxılıb.
Hakim Abid Abdinbəyovun sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, şikayət təmin edilməyib. Azərbaycanda Azadlıq Radiosunun “azadliq.org, “Azadlıq” qəzetinin “azadliq.info”, Meydan TV-nin, “Turan TV”-nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarına girişi məhdudlaşdıran məhkəmə qərarı qüvvədə saxlanılıb.
İclasda çıxış edən Azadlıq Radiosunun nümayəndəsi Adil İsmayılov “azadliq.org”un işinə ayrıca icraatda baxılması, prokurorluğun üçüncü şəxs qismində prosesə cəlb olunması haqda vəsatətlər qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
Saytlara giriş bu ilin martından məhdudlaşdırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciətilə belə bir addım
atılıb
.
Adil İsmayılov bildirib ki, “Meydan TV”nin, yaxud “Azadlıq” qəzetinin saytında yazılanların onun təmsil etdiyi quruma adiyyatı yoxdur:
“Belə çıxır ki, bank bütün borclu müştəriləri birləşdirib, onlara qarşı bir iddia qaldırmalıdır?”
“Azadliq.info”nun nümayəndələri Səməd Rəhimli və Təzəxan Mirələmli də vəsatəti müdafiə edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov da vəsatətə etiraz etməyib: “Biz Baş Prokurorluğun müraciəti əsasında məhkəmədə iddia qaldırmışıq. Həmin müraciətdə də saytların adları, yayımlanmış məqalələr ümumiləşdirilmiş formada göstərilmişdi. Ona görə biz də bu şəkildə iddia qaldırmışıq”.
Məhkəmə vəsatəti təmin etməyib.
Adil İsmayılov digər vəsatətində prokurorluğun üçüncü şəxs qismində prosesə cəlb edilməsini isəyib.
Bu vəsatət də təmin olunmayıb.
Daha sonra çıxışlar başlayıb.
Adil İsmayılov saytlara Azərbaycan ərazisindən girişin məhdudlaşdırılması haqda Səbail Rayon Məhkəməsinin qərarından bir hissəyə istinad edib. Bildirib ki, orada bu saytlarda “Azərbaycan Respublikası dövlətinin hökuməti və hökumətinin nümayəndələri haqda müxtəlif informasiyalar yer alıb:
“Bu, biabırçılıqdır. Biz dediyimiz məsələni təsdiqləyirlər ki, hökumət və hökumət nümayəndələri haqda yazılara görə bu saytlara giriş məhdudlaşdırılıb. Əsaslandırılmayıb ki, yazıların hansı birində zorakılıq və dini ekstremizmə çağırış var? Hansı yazıda dini, milli, irqi nifrətdən bəhs olunur? Bu yazılarda dövlətin konstitusion quruluşunu dəyişməyə, hakimiyyəti zorla ələ keçirməyə çağırış harda var? Məhkəmənin qərarında bunların heç biri əsaslandırılmayıb. İddiaçı tərəf “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13.3.3. maddəsinə istinad edərək bildirir ki, prokurorluğun müraciəti əsasında dərhal, təxirəsalınmaz tədbir görülüb, saytlar bloklanıb. Həmin maddədə yazılıb ki, “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu halda təxirəsalınmaz tədbir görülür, internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır”. Bizdə isə bu halların heç biri yoxdur. Amma məhkəmə qərarı olmadan, saytlara xəbərdarlıq edilmədən giriş məhdudlaşdırılıb”.
Hüquqşünas Səməd Rəhimli deyir ki, bu cür işlərə baxılması üçün qanun beş gün müddət müəyyən edib. Amma birinci instansiya məhkəməsi işə baxarkən qanunun bu tələbi pozulub. S.Rəhimli də iddia ərizəsində istinad olunan yazılarda hansı qanun pozuntusuna yol verilməsinin əsaslandırılmadığını deyib.
Hər iki saytın təmsilçiləri Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qərarının ləğv olunmasını istəyib.
İddiaçının nümayəndəsi Bəxtiyar Məmmədov isə əksinə, qətnamənin ləğvinə əsas olmadığını söyləyib, apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş edib.
Hakimlər qısa müşavirədən sonra apelyasiya şikayətlərinin təmin olunmadığını, qərarın dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.
Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla bir neçə müstəqil sayt bloklanıb.
Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.
Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.