Azadlıq Radiosu Bakı bürosunun açılmasını istəyir

Thomas Kent: ”Azərbaycan xalqına müstəqil xəbər və məlumatları çatdırmaq kimi jurnalist missiyamızı davam etdirməyimiz üçün müvafiq tədbirləri görməlidir”

Source:


Thomas Kent: ”Azərbaycan xalqına müstəqil xəbər və məlumatları çatdırmaq kimi jurnalist missiyamızı davam etdirməyimiz üçün müvafiq tədbirləri görməlidir”

Avqustun 3-də Azərbaycan məhkəməsi Azadlıq Radiosunun ona qarşı irəli sürülmüş vergi iddialarından şikayətinə baxacaq.

Azadlıq Radiosunun prezidenti Thomas Kentin yaydığı məlumatda deyilir ki, hakimiyyət 2014-cü ilin dekabrında məhz bu iddialara əsaslanaraq Azadlıq Radiosunun Bakı bürosunu bağlayıb:

“Kommersiya məhkəməsi bizə qarşı irəli sürülmüş iddiaların əsassızlığı barədə qərar çıxarmalı, prokuror ləngimədən Bakı bürosunun dondurulmuş bank hesablarının açılması, şirkətin 2014-cü ilin dekabrından müsadirə edilmiş möhür, ştamp və sənədlərinin qaytarılması, Bakı bürosu əməkdaşlarının şəxsi bank hesablarının açılması və bizim, Azərbaycan xalqına müstəqil xəbər və məlumatları çatdırmaq kimi jurnalist missiyamızı davam etdirməyimiz üçün müvafiq tədbirləri görməlidir”.

Bu ilin əvvəlində Azərbaycan Ali Məhkəməsi Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı irəli sürülmüş iki ittihamı ləğv etməklə Azadlıq Radiosunun Bakı bürosuna qarşı iki iddiaya da xitam vermiş olub. Xədicə İsmayılova may ayında azadlığa buraxılıb.

Azadlıq Radiosuna qarşı qüvvədə qalan iki iddiadan biri ABŞ-ın qeyri-mənfəət təşkilatlarının vergidən azad edilməsini nəzərdə tutan ikitərfli vergi müqaviləsinin Azərbaycan hökuməti tərəfindən yozumu ilə bağlıdır. İkinci iddia jurnalistlərin akkreditasiyası ilə bağlıdır ki, bu məsələyə də bu il iyulun 1-də baxılıb və Azadlıq Radiosunun heç bir qaydanı pozmadığı bəlli olub.

Azərbaycan hökumətinin 2014-cü ilin 26 dekabrında keçirdiyi reyddən sonra, 2015-ci ilin mayında Azadlıq Radiosu öz Bakı bürosunu bağlamağa məcbur edilib.

Həmin vaxt prokurorluğun müstəntiqləri şirkətin mülkiyyətini müsadirə etmiş, onların vəkillə təmsil olunmasna imkan vermədən 20-dək əməkdaşı dindirmiş, işçilərə səfər qadağanı qoymuş, aydınlaşdırılmamış əsaslarla, verği təftişi adı ilə şirkətin və onun işçilərinin şəxsi bank hesablarının dondurulmasına göstəriş vermişdilər.

Bu reyddən cəmi bir neçə həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevin administrasiyasının başçısı ölkənin rəsmi mediasında Azadlıq Radiosu jurnalistlərini casus və ölkənin milli təhlükəsizliyinə hədə adlandıran bəyanat vermişdi.

Bakı bürosunun bağlanmasına baxmayaraq, Azadlıq Radiosu peyk rabitəsi və internet vasitəsilə Azərbaycandakı auditoriyası ilə fəal təmasını davam etdirib.

2016-cı ilin ilk altı ayı ərzində Azadlıq Radiosunun internet saytına ayda 1, 5 milyon giriş və YouTube kanalında 20 milyondan artıq baxış qeydə alınıb. (Azadlıq Radiosu)

Ana səhifəXəbərlərAzadlıq Radiosu Bakı bürosunun açılmasını istəyir