“Azadlıq” qəzeti bayramda


Ölkədə ən çox oxunan və ilk müsəqil qəzetlərdən olan “Azadlıq” Milli Mətbuat Günündə ürək dolusu bayram edə bilmir.

“Azadlıq” qəzeti Milli Mətbuat Gününü “Qasid” firmasının qarşısında qeyd etdi. Buna səbəb isə firmanın qəzetə 70 min manat borcunun olmasıdır.  “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev söylədiyinə görə,  bu borc qəzetin vəziyyətinin pisləşdirən əsas amillərdəndir:

“Digər tərəfdən biz bir neçə il ərzində KİV-ə Dəstək Fondu ilə əməkdaşlıq etmişik. Lakin sonra onlar “Azadlıq” qəzeti ilə bu əməkdaşlığı  dayandırdılar. Bütün bunların hamısında isə məqsəd məhz, yeganə müstəqil qəzet kimi öz adını, imicini, statusunu qoruyan bir qəzeti sıradan çıxarmaqdır. Təkcə “Azadlıq” qəzeti üçün deyil, Azərbaycanda fikir azadlığı, söz azadlığı uğrunda mübarizə aparan insanların hamısı üçün çox ağır bir dövrdür”.

Redaktor deyir ki, “Qasid”dən onlara həmişəki cavabı-pullarının qaytarılacağını deyiblər. Çoxsaylı maddi sıxıntılara baxmayaraq, qəzetin əməkdaşları  “Azadlıq”dakı fəaliyyətlərinə davam edirlər.  Jurnalist Ramin Deko deyir ki, həm ona, həm də həmkarlarına başqa media orqanlarında yüksək maaşla iş təklif olunub. Lakin onlar  “Azadlıq”dan getmək istəmirlər. Onun sözlərinə görə, bunun ən əsas səbəbi  “Azadlıq”da istədiklərini yaza bilmək  azadlıqlarının olmasıdır:

“Qarşıma bir adam çıxır. Öz problemini dilə gətirir. Mən ona necə deyə bilərəm ki, biz bunu yaza bilmərik. Çünki qorxuruq və ya bizim rəhbərimiz bunu verə bilmir. Özümə sığışdıra bilmərəm ki, hansısa bir şikayətçi gəlib mənə öz problemini desin, mən onu yazmayım. Göndərim başqa bir jurnalistin, qəzetin ünvanına ki, bu problemi işıqlandırın. Mənim başıma belə bir hadisə gəlməməsi üçün bunu edirəm”.

Ana səhifəVideo“Azadlıq” qəzeti bayramda