Azad Rəhimovun təzadlı fikirlərinin sirri

Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında təzadlı fikirlərlə yadda qalıb

Source:


Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında təzadlı fikirlərlə yadda qalıb

Belə ki, nazir mahiyyətcə iki eyni suala tamamilə başqa-başqa cavablar verib. Verilən suallara və nazirin cavablarına diqqət edək:


Sual:

“Olimpiya idman növü olan hokkeyin dirçəldilməsi üçün hansısa addımların atılacağı gözlənilir?”


Cavab:

“Biz hansısa federasiyanın işlərinə qarışmırıq. Problemlər olanda danışıqlar aparırıq. Hansısa növü inkişaf etdirmək bizim səlahiyyət çərçivəmizdə deyil”.


Sual:

Olimpiya idman növü olan reqbi-7 və qolfun inkişafı üçün hansı addımlar atılacaq?”


Cavab:

“Dəfələrlə demişik ki, federasiyalar tərəfindən iş aparılmalıdı. Maddi-texniki baza olmasa, hansısa uğurdan danışmaq olmaz. Qolf federasiyası qeyri-fəaldı. Biz bu qurumun işindən narazıyıq. Eyni sözləri reqbi-7 haqda da söyləyə bilərəm. Vəziyyət belə davam etsə, bu sahələrə müdaxilə edib, inkişaf üçün müvafiq addımlar atmalı olacağıq”.

Cavablardan aydın görünür ki, nazir hokkeydəki durumla bağlı suala cavab verərkən, hansısa federasiyanın işinə müdaxilə etmədiklərini və inkişafa cavadehlik daşımadıqlarını bildirib. Ancaq qolfla bağlı sual verilərkən, bu federasiyanın işindən narazı olduqlarını açıq şəkildə bildirib və onu da qeyd edib ki, lazım gəlsə, federasiyanın işinə müdaxilə edib, inkişafı təmin edəcəklər. Nazir iki eyni mahiyyətli suala nədən belə təzadlı cavablar versin? Bununla bağlı qısa araşdırma apardıq. Adının çəkilməsini istəməyən idman ekspertlərindən biri nazirin belə açıqlamasını oliqarxlar arasındakı  intriqanın təzahürü kimi qiymətləndirir. Ekspert deyir ki, federasiyalara başçılıq edən şəxslərin nazirlə münasibətləri onun açıqlamasına da birbaşa təsir edir:

“Fikir verin, ötüstü hokkey demək olar ki, məhv olub. Ancaq bu idman növünün Azərbaycanda ənənəsi olub. Azərbaycan yığması iki dəfə olimiadaya vəsiqə qazanmağa çox yaxın olub. Ancaq sonradan bu sahəyə diqqətin ayrılmaması, ötüstü hokkeyi tamamilə məhv etdi. Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdu. Çox güman ki, Azad Rəhimovun Fazil Məmmədovla münasibətləri qaydasında olduğuna görə o, federasiyanın fəaliyyəti barədə danışmayıb. Münasibətlər qaydasında olmasaydı, Azərbaycanda ənənəsi olan bir idman növünün  məhv edilməsi nazir tərəfindən kəskin tənqid olunardı.

Azərbaycan Qolf Federasiyasının prezidenti isə Anar Məmmədovdu. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Azad Rəhimovla Ziya Məmmədovun münasibətlərinin yaxşı olmadığı isə hər kəsə bəllidi. Onların münasibəti “Bakı” klubunun prezidenti, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun nəqliyyat naziri tərəfindən “vurulmasından” sonra pisləşib. Hafiz Məmmədov idman təsərrüfatında Azad Rəhimovun adamı hesab olunurdu. Məhz buna görə də Azad Rəhimov Anar Məmmədovun rəhbərlik etdiyi federasiyanın işini tənqid edib və lazım gələrsə müdaxilə edəcəklərini bildirib. Güman ki, bu, ilkin xəbərdarlıqdı. Bir müddətdən sonra Rəhimov Anar Məmmədovun federasiyanın prezidenti postundan uzaqlaşdırılması üçün əməli fəaliyyətə başlayacaq”.

Ana səhifəXəbərlərAzad Rəhimovun təzadlı fikirlərinin sirri