“Yarışların keçirilməsi üçün verilən vəsait kommersiya sirridir”
“”Formula -1″ yarışları üçün Azərbaycan 10 illik müqavilə imzalayıb. İlk 5 il ərzində biz bu yarışları keçirməkdən imtina etsək, cərimə ödəməliyik”.
Bunu fevralın 8-də jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O vurğulayıb ki, müqaviləyə görə yalnız ikinci 5 ildə Azərbaycan yarışları keçirməkdən imtina edə bilər.
Nazir “Formula – 1” yarışlarının Azərbaycanda keçirilməsi üçün 34 milyon manat ödənilməsinə münasibət bildirərkən deyib ki, təşkilati işlər üçün 12 milyon manat ayrılıb, yarışlarının keçirilməsi üçün verilən vəsait isə kommersiya sirridir: “”Formula -1″im büdcəsi 12 milyon manat idi. Hazırda asfalt örtüyünün dəyişilməsi işləri gedir. Azadlıq meydanında 300 metr uzunluğunda, 21 metr enlilikdə pitstop binanın tikilməsi işləri gedir. Xüsusi hasarlar qurulur, kanalizasiya sistemi dəyişdirilir. “Formula 1” rəsmisi heç bir söz deməyib, İtaliyada hansısa bir insan açıqlama verib. O adam müqaviləni görməyib. Bu, ikitərəfli müqavilədir və məbləğ kommersiya sirridir. “Formula 1″-in büdcəsi iki məsələdən ibarətdir; birincisi hər il ödənən haqq, ikincisi isə təşkilat xərcləri. Onun da açıqlaması tam şəkildə veriləcək”.