Azad olunmuş ərazilərə əcnəbi işçi qüvvəsi cəlb olunur

Foto: Igor Dymov/Shutterstock

Ekspert: “Olkədəki potensial işçi qüvvəsini qoyub, xaricdən əlavə işçi gətirmək sağlam məntiqə sığmır”

“Azad olunmuş ərazilərdə əcnəbi işçi qüvvəsinə ehtiyac artıb”.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, bu, həmin ərazilərdə aparılan böyük yenidənqurma işləri ilə əlaqədardır.

“Əcnəbilərə verilən iş icazələrinin kvotası komissiya tərəfindən müəyyən edilir. 2021-ci il üçün iş kvotası 6740 müəyyən edilib. Müvafiq qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə təklif təqdim olunub. Hesab edirəm ki, gələn il üçün bu kvota artırılacaq. İşğaldan azad olunmuş ərazilərdə əcnəbi işçi qüvvəsinə ehtiyac artıb. Bununla əlaqədar növbəti il üçün artım gözləyirik. Özəl sektor nümayəndələrinə səslənirəm ki, əgər kvota ilə bağlı hər hansı narahatlıqları, əcnəbi işçi qüvvəsini cəlb etmək üçün hər hansı planları varsa, proqnoz məlumatları Dövlət Miqrasiya Xidmətinə təqdim edə bilərlər”.

Vüsal Hüseynov, Foto: Ona.az

Ekspertlərin fikrincə, Azərbaycanda işsizlik faizi yüksək olduğu üçün xaricdən işçi qüvvəsinin cəlb olunmasına ehtiyac yoxdur.

2021-ci ilin noyabrına olan göstəricilərə əsasən, Azərbaycanda işsizlik səviyyəsi 5.96 faizdir.

Azərbaycanda son illərdə ilk dəfə 2020-ci ilin yanvar 1-də işsizlik 6.96%-dən 7.16%-ə qədər yüksəlmişdi.

“Doğrudan da, Azərbaycan hökuməti davranışları ilə xalqı təəcübləndirə bilir. Azərbaycanda işsizliyin səviyyəsi ildən-ilə artmaqdadır. Ölkədə həqiqətən də, böyük işsizlər ordusu yaranıb. Şəhərin harasına baxırsan, hamı iş axtarır. Həm əməkhaqları azdır, həm də işsizlik səviyyəsi çox yüksəkdir. Ona görə də, ölkə daxilindəki potensial işçi qüvvəsini kənara buraxıb, xaricdən əlavə işçi qüvvəsi gətirmək sağlam məntiqə sığmır”, – iqtisadçı Nemət Əliyev Meydan TV-yə deyir:

“Hesab edirəm ki, xaricdən hansısa layihə ilə bağlı mütəxəssis cəlb etmək mümkündür. Ancaq bu çox məhdud sayda ola bilər. Müşahidələrimiz, həm də hökumətin açıqlamalarından dərhal diqqəti cəlb edən odur ki, daha çox sayda işçi gətirmək istəyirlər. Hətta sıravi işçiləri də xaricdən gətirirlər. Ümumiyyətlə, Azərbaycan hökuməti yerli mütəxəssislərə etimad göstərsə, daha düzgün olardı”.

Nemət Əliyev
Foto: Meydan Tv

Ekspertlərin fikrindən bu qənaətə gəlmək olur ki, Azərbaycanda əcnəbi işçi miqrantlar arasında əsasən, tikintidə və xidmət sahəsində çalışanlar üstünlük təşkil edir. Xaricdən işçi qüvvəsinin cəlb olunması isə adətən, onların daha aşağı qiymətə işləməsi ilə əlaqədardır.

İqtisadçı Toğrul Maşallı hesab edir ki, xaricdən işçilərin cəlb olunmasına ehtiyac yoxdur. Çünki Azərbaycanda daimi işdə çalışanlar 30 faiz təşkil edir. Böyük bir hissə isə tikintidə, satışda, ictimai iaşə sektorunda müəyyən müddətdə işləyir:

“Hazırda həmin ərazilərdə Türkiyə şirkətləri işləyir. Bizdə həmişə mütəxəssislər xaricdən cəlb olunub. Azərbaycanda işsizlərin sayı hədsizdir. Bu cəhətdən işçi qüvvəsinə heç bir tələb olmamalıdır. Orada nə qədər işçinin çalışması, maaşı ilə bağlı məlumat verilmir. Ola bilər ki, maaş aşağıdır deyə yerli işçilərin marağı yüksək deyil. Çünki həmin ərazilərə getmək üçün maaş da yüksək olmalıdır. Üstəlik, orada infrastruktur yoxdur. Bu cəhətdən baxsaq, xaricdən cəlb etmək daha sərfəli olur. Çünki onlar daha ucuz başa gəlir. Onları saxlamaq xərcləri yüksək deyil”.

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

2021-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşu 2,2 milyard manat təşkil edib. Maliyyə Nazirliyinin bu ilin avqustuna olan məlumatında bildirilir ki, vəsaitin 16,9%-i və ya 372,1 milyon manatı xərclənib.

Qarşıdan gələn 2022-ci ildə də dövlət büdcəsindən azad olunmuş ərazilərə 2,2 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub.
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSosialAzad olunmuş ərazilərə əcnəbi işçi qüvvəsi cəlb olunur