”Az müddətdə ölkənin maliyyə ehtiyatları sürətlə əriyə bilər”

Nemət Əliyev: ”10 milyardlarla neft pulları xərclənib və dövlət 61 faiz həddində borclandırılıb”

Source:


Nemət Əliyev: ”10 milyardlarla neft pulları xərclənib və dövlət 61 faiz həddində borclandırılıb”

“Dövlət zəmanəti ilə cəlb olunan borclarla birlikdə dövlətin ümumi borcu 22 milyard dollara yüksəlib. Bu borc məbləği ölkəmizdə bir il ərzində istehsal olunan ÜDM-in 60,6 faizi qədər, Dövlət Neft Fondunda toplanmış ehtiyatların hazırkı səviyyəsinin 61,1 faizi qədərdir”.

Bu barədə AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev “Facebook” səhifəsində paylaşım edib.

Nemət Əliyev borc məbləğinin bu səviyyəyə yüksəlməsini fəlakət hesab edir:

“Vəziyyət düşündüyümüzdən də ağırmış. Belə bir vəziyyətdə Dövlət Neft Fondunun ehtiyatları ilə çox da öyünməyə dəyməz. Hesablama Palatasının gələn ilin dövlət büdcəsinə yazdığı rəydən belə məlum olub ki, cari ilin yeddinci ayının əvvəlinə olan vəziyyətə görə dövlət zəmanəti ilə alınaraq dövlət təşkilatlarına ötürülmüş xarici borc məbləği 5,1 milyard dollar, daxili borc məbləği isə 15,565 milyard manat təşkil edib. Birbaşa hökumət xətti ilə cəlb olunmuş xarici borc məbləğinin 7,173 milyard dollar, daxili borc məbləğinin isə 798 milyon manat olmasını da nəzərə almaq lazımdır. Beləliklə, dövlətin zaminliyi ilə alınan borcları da nəzərə alsaq, xarici borc məbləğinin 12,273 milyard dollar, daxili borc məbləğinin 16,363 milyard manat olması aydınlaşar. Əgər Mərkəzi Bankın bugünə olan rəsmi məzənnəsi (1 dollar = 1,7002 manat) ilə çevirib ümumiləşdirsək, dövlətin ümumi borc məbləği 21,897 milyard dollar və ya 37,229 milyard manat hesablanır. Bu borc məbləği illik ÜDM-in 60,6 faizi qədərdir”.

İqtisadçı iddia edir ki, ölkə analoqu olmayan şərtlərlə idarə olunub. Həm on milyardlarla neft pulları xərclənib, həm də dövlət 61 faiz həddində borclandırılıb:

“Bu, əsl fəlakətdir! Son zamanların acı təcrübəsi göstərir ki, dövlətin zaminliyi ilə alınmış borclar bir qayda olaraq dövlət büdcəsi hesabına qaytarılır. Elə bu üzdən də xaricdən və daxildən cəlb olunaraq “Azərenerji”, “Azərsu”, “Azərkosmos”, “Baku Bus” və sair kimi dövlət təşkilatlarına ötürülmüş kredit vəsaitlərinin əksər hissəsinin yenə də büdcə vəsaiti hesabına qaytarılacağı və bunun da həm dövlət büdcəsi üçün, həm də əhali üçün ağır yükə çevriləcəyi şübhə doğurmur. Digər tərəfdən isə dövlət təşkilatlarında maliyyə vəsaitlərinin səmərəli idarəçiliyi yox səviyyəsindədir və bu təşkilatların indiki zamanda karlı fəaliyyət göstərməsi heç inandırıcı deyil. Onu qeyd etmək kifayətdir ki, ötən maliyyə təsərrüfat ilini “Azərenerji” ASC 109 milyon manat zərərlə, “Azərsu” ASC 613 milyon manat zərərlə, “Metropoliten” QSC 78,7 milyon manat zərərlə başa vurub. Digər dövlət təşkilatlarında da oxşar vəziyyətdir. Bu səbəbdən maliyyə vəziyyəti kəskin ağırlaşmış dövlət təşkilatlarının bu dərəcədə böyümüş borc məbləğlərini öz hesablarına vaxtlı-vaxtında geri qaytara bilmələri inandırıcı deyil. Belə qaydada çox davam etmək mümkün olmayacaq. Az müddətdə ölkənin maliyyə ehtiyatları sürətlə əriyə bilər. Təcili, təxirəsalınmaz tədbirlər görülməli, köklü islahatlara başlanmalıdır”.

Prezident İlham Əliyev “Azərbaycanın maliyyə durumu sabitdir. Bu sahədə heç bir problemimiz yoxdur”-

deyib

.

“Bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaq. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik”- prezident qeyd edib.

Ana səhifəXəbərlər”Az müddətdə ölkənin maliyyə ehtiyatları sürətlə əriyə bilər”