Sənədi hər iki ölkənin xarici işlər nazirləri imzalayıblar
Aprelin 23-də “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-dən Çində səfərdədir.
Səfər çərçivəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı bir sıra əməkdaşlıq sənədləri imzalanıb.
2024-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Həmin vaxt da Prezident İlham Əliyev Çinə səfər edib.
Azərbaycan hələ ötən ildən bir il müddətinə Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edib. Çin vətəndaşları 2024-cü il iyulun 20-dən 2025-ci ilin iyulun 20-dək üç dəfə və hər girişdə 30 gün olmaqla Azərbaycana vizasız gələ bilirlər.
Çin Azərbaycanın birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etdiyi yeganə ölkədir.
Bu ilin ilk iki ayında Azərbaycana 5 377 Çin vətəndaşı səfər edib. Bu, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının ümumi sayının cəmi 1,6%-ni təşkil edib.
2024-cü ilin eyni dövründə, yəni Çin vətəndaşlarına viza tətbiq olunan dövrdə Azərbaycana 3 046 Çin vətəndaşı gəlib və bu da ölkəyə gələn əcnəbilərin cəmi 0,9%-ni təşkil edib.
Azərbaycan vətəndaşlarının Çinə səfəri də aşağı səviyyədə olub. Ötən il Çinə 10 602 nəfər Azərbaycan vətəndaşı gedib. Bu, xaricə səfər edən Azərbaycan vətəndaşlarının cəmi 0,5%-nə bərabər olub.
Ekspertlər hesab edirlər ki, Azərbaycan ilə Çin arasında qarşılıqlı vizasız rejimin tətbiqi iqtisadi deyil, ilk növbədə siyasi-strateji əhəmiyyətə malik bir addım kimi dəyərləndirilməlidir.