Azərbaycanın xarici ticarət saldosu sürətlə kiçilir

Manat, Foto: Janusz Pienkowski/Shutterstock

Azərbaycanın xarici ticarət dövriyyəsində ticarət saldosu son illərdə ardıcıl olaraq kiçilir. Ölkənin idxal-ixrac əməliyyatları üzrə aparılan təhlillər bunu deməyə əsas verir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi 40,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artımı göstərir. Bu artım əsasən idxal əməliyyatlarının yüksəlməsi, ixracın isə azalması ilə bağlıdır.

Belə ki, 2025-ci ilin 10 ayında ixrac əməliyyatlarının həcmi 21,64 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalma deməkdir. Eyni dövrdə idxal 15,6 faiz artaraq 19,23 milyard dollara çatıb. Nəticədə ticarət saldosunda 2,4 milyard dollarlıq profisit var. Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət balansı 2,5 dəfə kiçilib.

Ümumiyyətlə, artıq bir neçə ildir ki, Azərbaycanın ticarət saldosunun profisitində kiçilmə davam edir. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında profisit 15,17 milyard dollar, 2024-cü ilin müvafiq dövründə isə 6,11 milyard dollar təşkil edib. Beləliklə, yalnız son iki il ərzində ticarət saldosunun profisiti təxminən 4 dəfə azalıb. Ekspertlərin fikrincə, müsbət saldonun qorunması hələlik yaxşı göstərici olsa da, onun sürətlə azalması ölkənin maliyyə və makroiqtisadi göstəriciləri üçün ciddi təhdid yarada bilər.

İxrac əməliyyatlarının aşağı düşməsinin əsas səbəbi neft gəlirlərindəki kəskin azalmadır. 2025-ci ilin yanvar-oktyabr aylarında ixracın strukturunda neft-qaz gəlirləri 86,2 faiz təşkil edib. Bu sahədə olan gəlirlər isə 10 ayda 18,6 milyard dollar olub. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6,4 faiz, 2023-cü il ilə müqayisədə isə 30 faiz azalıb.

Ekspertlərin fikrincə, idxalın sürətlə artmasının səbəbi isə daxili tələbatın, xüsusilə istehlak və investisiya xərclərinin yüksəlməsidir. Ölkə daxilində qeyri-neft sahəsində istehsalın inkişaf etməməsi idxaldan asılılığı artıra və ticarət saldosunun mənfiyə düşməsinə gətirib çıxara bilər. Onlar hesab edir ki, ticarət saldosunun kiçilməsi ölkəyə daxil olan xalis xarici valyuta axınının kəskin azalmasını və ölkədən kapital çıxışının artmasını göstərir ki, bu da tədiyyə balansında ciddi risklər yaradır. Çünki tədiyyə balansının əsas strukturunu təşkil edən cari hesablar hələ də böyük ölçüdə neft-qaz gəlirlərindən asılıdır.

Ana səhifəXəbərlərAzərbaycanın xarici ticarət saldosu sürətlə kiçilir