“Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi uyğun gəlmir”
İyunun 27-də Yekaterinburqda bir neçə ünvan üzrə aparılan polis əməliyyatı nəticəsində həyatını itirən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların meyitlərinin Azərbaycanda təkrar keçirilmiş ekspertiza rəyi açıqlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyulun 1-də keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycandakı ekspertiza rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi ekspertiza rəyi uyğun gəlmir.
Ekpsert bildirib ki, hər iki meyit üzərində keçirilən daxili və xarici müayinələr onların döyülərək öldürüldüyünü sübut edir:
“Biz meyitləri müayinə etməmişdən əvvəl ölüm haqqında tibbi şəhadətnamələrə baxmışıq. Hüseyn Səfərovun meyitinin müayinəsi zamanı küt alətlə qətlə yetirildiyi məlum olub. Biz meyiti müayinə edərkən çoxlu sayda travma müəyyən etmişik. Meyitin xarici səthində çoxsaylı qançırlar, sınıqlar və sıyrıqlar müşahidə olunub. Daxili müayinə zamanı baş beyin, döş qəfəsi, qaraciyər və digər orqanlarda ciddi zədələnmələr və qansızmalar aşkar edilib. Bu zədələr onun ağır və davamlı fiziki zorakılığa məruz qaldığını sübut edir”.
Hadisə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda cinayət işi açılıb.
Prokurorluğun məlumatında qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış digər Azərbaycan vətəndaşlarına da oxşar işgəncələrin tətbiq edildiyi və bəzilərinin hazırda müalicə aldığı müəyyən olunub. Toplanan sübutlar əsasında Azərbaycan Baş Prokurorluğu tərəfindən bir neçə maddə üzrə cinayət işi başlanıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İyunun 27-də Yekaterinburqda Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılan Bakir Səfərovun məhkəmə prosesi keçirilib. Məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
Saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də bu gün məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə iyulun 2-nə təyin olunub.
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib.
Əməliyyat nəticəsində 2 azərbaycanlı ölüb, bir neçə nəfər saxlanılıb.
Həyatını itirənlər Ziyəddin və Hüseyn Səfərov qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburqda Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Bildirilir ki, əsas məqsəd 2001-ci ildə törədilmiş və uzun illər açılmamış bir qətlin təqsirkarını müəyyənləşdirmək olub.
Rusiya ilə Azərbaycan arasında gərginlik 2024-cü il dekabrın 24-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra başlayıb.
Hadisədən bir neçə gün sonra, dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni demək olar ki, itirib.
O qeyd edib ki, təyyarə elektron idarəetmə vasitəsilə idarəolunmaz hala salınıb.
Buna görə üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsini tələb edib.
2025-ci il fevralın 3-də isə Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota təqdim edib.
Bu qərarın səbəbi “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının olmaması və Azərbaycan qanunvericiliyinin pozulması kimi göstərilib.
Ardınca deputat Nikolay Valuyev deyib ki, Moskvanın bu cür hücumlara cavabı oxşar olmalıdır.
Bundan sonra Milli Məclisin deputatı və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamov Valuyevin çıxışını tənqid edib. Mayın 4-də isə Rusiyaya gedən Azər Badamov bu ölkəyə buraxılmayıb.