Azərbaycan–Gürcüstan sərhədində hərbi təyyarə qəzası: Nasazlıq və sabotaj istisna edildi

Foto: acoolpix\shutterstock

2025-ci il noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan “C-130 Hercules” hərbi təyyarəsi ilə bağlı ilkin araşdırmalar nəticəsində qəzanın texniki nasazlıq və ya xarici müdaxilə səbəbindən baş vermədiyi məlum olub.

Haber Türk-ün yaydığı məlumata görə, bir aydır üzərində araşdırma aparılan “qara qutu”da hər hansı nasazlıq aşkar edilməyib. Lakin səs yazısında təyyarənin quyruq hissəsində olan heyət üzvlərindən biri “Eyvah” deyə qışqırır və bundan dərhal sonra qəza baş verir.

Türk mütəxəssislərinin analizlərinə görə, qəza zamanı bütün pərlər mühərriklərin üzərində olub, heç biri gövdəyə zərər vurmayıb. Yük bölməsində isə 3,5–4 tonluq F-16 təyyarələri üçün ehtiyat hissələri və hərbi texniki personal olub ki, bu da təyyarənin həddindən artıq yüklənməsi ehtimalını təkzib edir.

Uçuş siyahısına əvvəlcə 19 nəfər daxil idi, lakin son anda bir hərbçi əlavə olunub. Texniki nasazlıq və sabotaj ehtimalı da daxil olmaqla bütün versiyalar araşdırılıb. İlkin nəticələr göstərir ki, qəza ani yaranan problem və “Eyvah” qışqırığı ilə əlaqədardır.

“C-130 Hercules” təyyarəsi bu il noyabrın 11-də Gəncə Hava Limanından Türkiyəyə uçarkən Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb və nəticədə 20 türk hərbçisi həlak olub.

Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

Qəzaya məruz qalan təyyarə 1968-ci ildə istehsal olunub, əvvəllər Səudiyyə Ərəbistanında xidmət edib, daha sonra Türkiyə Hərbi Hava Qüvvələrinə verilib. İstehsalçı “Lockheed Martin” də istintaqa dəstək verəcəyini açıqlayıb.

Ana səhifəSiyasətAzərbaycan–Gürcüstan sərhədində hərbi təyyarə qəzası: Nasazlıq və sabotaj istisna edildi