Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulduğu bildirilir

Atəşkəsin pozulması. Foto: Meydan TV

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin məlumatını təkzib edib

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

“Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb”, – Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistanın Müdafiə Nazirliyi isə Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması xəbəri reallığa uyğun deyil. Ermənistanın Baş nazirinin ofisi atəşkəs rejiminin pozulması hallarını və bu məlumatları araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif etmişdi. Azərbaycan buna hələ də cavab verməyib”, – Ermənistanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətAzərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulduğu bildirilir