Axtarışda olan Gürcüstan vətəndaşı Polşadan Azərbaycana ekstradisiya edilib

Həbs. Foto: Meydan TV

Ülpət Ağacanov qəsdən adam öldürmədə ittiham edilir

Baş Prokurorluğun vəsatətinə əsasən Polşa Respublikasının Lodz rayon məhkəməsi Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunu Azərbaycana ekstradisiya edib.

Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Qurumdan bildirilib ki, Ü.Ağacanov 03 aprel 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Polşa Respublikasından Azərbaycana gətirilib:

”Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbsə alınıb”.

Ötən il xarici ölkələrdən 45 şəxs Azərbaycana ekstradisiya olunub. Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Keçən il Rusiyadan 24, Moldovadan 2, Gürcüstandan 5, Ukraynadan 5, Polşadan 2, Belarusdan 4, Almaniyadan 1, Böyük Britaniyadan 1 və Livandan 1 şəxs olmaqla, ümumilikdə 45 şəxsin Azərbaycana ekstradisiya olunmasının təmin edildiyi bildirilir.

Son aylar Azərbaycan hakimiyyəti xaricdəki müxaliflər haqqında da ekstradisiya qərarlarının olacağını bildirir. Həmçinin Azərbaycan hökuməti Avropa ölkələrinin rəsmi qurumlarına blogerlərlə bağlı cinayət işləri göndərdiyini bildirib. Onlar son aylar Baş Prokurorluğa ifadə verməyə çağırılırlar.

Ana səhifəSiyasətAxtarışda olan Gürcüstan vətəndaşı Polşadan Azərbaycana ekstradisiya edilib