Axı nə məcburdu?!

Qızlarınızı məhv etməyin!

Source:

Bu yaxınlarda Azadlıq Radiosunda “32 yaşlı nənə” başlıqlı yazı oxudum. Orada müsahibə verən qızları görəndə çox sevindim. Ən azından cəsarətlərindən dolayı onları təbrik edirəm. Onlara qarşı təzyiqlərin, qınaqları olacağını bilə-bilə öz fikirlərini açıq şəkildə deyiblər. Çox təəssüf ki, o regionda qızların erkən ailə həyatı qurması hələ də qüvvədədir. İstər Kəpənəkçi kəndi olsun, istərsə də bizim – İncəoğlu kəndi. Durum eynidir.  Qız 13 yaşına çatdı, demək, artıq evlənməlidir.

Buna səbəb bir çox amillər var. Həm uşaqların gördüyü mühit, həm də ailə basqısı. Ailədə o qədər bu mövzular danışılır ki, qız elə sanır ki, 13-15 yaşa çatdın, deməli,  evlənməlisən. Yoxsa sonra gec olacaq. Bu yanaşma bir yandan valideynlərə də sərf edir. Qız həyatı dərk etmədən başını bağlamaq.

Özüm kənddə yaşamasam da, kifayət qədər kənd həyatı görmüş biriyəm. Son illərə qədər hər il yay aylarında qızlarla kəndə gedərdik. Həmin vaxt kənddə nələr eşidib, nələr görərdik. Kənddə biri qızını 13 yaşında ərə veribmiş. Bir neçə aydan sonra qaynanası gəlinindən şikayətlənir ki, gəlin  gedib, çöldə uşaqlarla evcik-evcik oynayır. Bundan başqa kənddə yaxından tanıdığım iki balaca qız varıydı. İkisinin də 13 yaşı var idi. Həm də rəfiqə idilər. Bir dəfə kəndə gedəndə eşitdim ki, həmin qızı ərə veriblər və artıq bir uşağı var. Təsadüfən qızın rəfiqəsini gördüm və başladı o qızdan danışmağa. Maraqlısı o idi ki, rəfiqəsi həmin qıza ana olduğu üçün  xala deyə müraciət edirdi.

Nənəmin qız nəvələrinin demək olar ki, heç biri erkən ailə həyatı qurmayıb. Əksəriyyəti 25 yaşından sonra evlənib. Biz hər kəndə gedəndə nənəm kənddəki qadınlara açıqlama vermək məcburiyyətində qalırdı. Hər kəs nənəmdən soruşurdu ki, bu qızlar niyə evlənmir? Bəlkə evlənmək istəyən yoxdur? Nənəm bir dəfə dilə gəlib dedi ki. a qızlar, siz evlənsəydiniz mənim də canım qurtarardı hər məni görən arvada cavab verməkdən. Daha bu qədər oxudunuz bəsdir. Kənd camaatı nə bilsin ki, siz çox oxumaq istəyirsiniz.

Hələ bir dəfə qızlar hamımız nənəmgildən bibimgilə gedirdik. Təsadüfən qızların hamısı qol-qola düzülmüş yol gedirdi. O zamanlar heç birimiz evli deyildik. Arxamızca gələn nənəm birdən bizə səslədi: “Ağız, iki-iki gedin. Kənd görüb deyəcək ki, Hürmələyin nəvələrinin hamısı evdə qalıb.” İş bu həddə qədər gəlib çıxmışdı. Öz qohumlarımda da bu cür halların şahidi olmuşam. Hətta elə anlar olub ki, düşünmüşəm ki, bir valideyn şüurlu şəkildə öz övladının həyatını necə məhv edə bilər?

Uzaq bir qohumumuz var. Ailənin iki qız və bir oğan övladı var. Atası Bakı-Bolinisi arası sərnişin aparırb-gətirirdi. Qızlar həddi buluğa çatmışdı. Məlum məsələ orta məktəb təhsilindən başqa heç bir təhsildən söhbət belə gedə bilməzdi. Qızlar evdə söz sahibi deyildilər. Ata-ana nə deyirdisə, o da olmalıydı. Qızların şəxsi həyatı ilə bağlı hər hansı bir məsələ müzakirə mövzusu belə ola bilməzdi. Bu barədə yalnız valideynlər qərar verə bilərdi.

Böyük qızı atası özünün ən yaxın qohumuna ərə verdi. Heç bir il keçmədi ki, qız ərindən ayrıldı. O biri qızını isə öz dostunun çoban oğluna verməyə hazırlaşırdı. Qızın isə oğlanı görməyə gözü yox idi. Ancaq ata öz qərarında israrlı idi. Axı dostuna söz vermişdi. Qızı onun oğlu ilə evlənəcəkdi. Qızın etirazlarına, dirənmələrinə baxmayaraq məcburən həmin oğlan ilə evləndirdilər. Üç gündən sonra eşitdik ki, qız geri qayıdıb.  Səbəb isə oğlanı özünə ər olaraq qəbul etməməyi oldu. Və beləcə valideynlər göz görə-görə  övladlarının gəncliyini, həyatını məhv etdilər.

Valideyn olmaq hər şeydə söz haqqının olması demək deyil. Əgər valideyn cahildirsə niyə onun cahilliyinin bədəlini övladları çəkməlidir? Ailə qurmaqla hər şeyin həlli demək deyil. Əgər dünyaya uşaq gətirirsənsə, bunun  məsuliyyətini dərk etmək lazımdır. O, uşağa sağlam gələcək bəxş edə bilməyəcəksənsə, niyə onu dünyaya gətirirsən? Əgər ər ata olmağa layiq deyilsə, nə məcburdur o kişidən dünya uşaq gətirirsiniz? Niyə uşaqlar gələcəkdə öz atalarına görə utanmalıdırlar?

Ən azından valideyn cahildirsə, özü bunun həyatdakı fəsadlarını çox gözəl bilir. O zaman göz görə-görə övladlarınızı da o cəhalətin içinə atmayın.

Xüsusilə, bu tip ailələrdə ən çox ən çox əzilən qızlar olur.  O qızlar ki, dünyaya niyə gəldiklərini və nə üçün yaşadıqlarını bilmirlər. Həyat insana bir dəfə verilir. Kişinin olduğu qədər qadının da bu həyatı insan kimi yaşamaq haqqıdır. Əksinə qızlara dəstək olub onları cəmiyyətə qatmaq lazımdır. Daha təcrid etmək yox. Ailədə valideyn dəstəyi çox önəmlidir. Siz övladlarınıza dəstək olun ki, onlar da cəmiyyət üçün yararlı insanlar olsun.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAxı nə məcburdu?!