AXCP üzvü azadlığa buraxılıb

Həm Səid Məmmədzadə, həm də vəkil məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Source: Meydan Tv


Bakı Apelyasiya Məhkəməsi əvvəlki məhkəmənin qərarını dəyişib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə üzvlərindən qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 22-də azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsinin qərarıyla onun barəsindəki 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası dəyişdirilib.

Hakim Faiq Qasımovun sədrliyilə keçirilən məhkəmə iclasında çıxış edən Səid Məmmədzadə bildirib ki, ona qarşı irəli sürülmüş xuliqanlıq ittihamı tam saxtadır. O, kimisə vurmayıb. Bunu cinayət işinin materiallarında olan videogörüntülər də sübut edir. Siyasi baxışlarına görə şərləndiyini deyən Səid Məmmədzadə əlavə edib ki, zərərçəkmiş ona böhtan atır.

Vəkil Elçin Sadıqov da müvəkkilinin təqsirsiz olduğunu bildirib. Müdafiəçi deyir ki, hətta ittiham tərəfin öz şahidləri də dindirmə zamanı Səid Məmmədzadənin günahsız olduğunu ortaya qoydu. Buna baxmayaraq, Xətai Rayon Məhkəməsinin hakimi tam ədalətsiz və qanunsuz bir hökm çıxarmaqla, onu saxta ittihamla məhkum etdi: “İttihamda iddi olunur ki, guya xuliqanlıq hadisəsi saat 22 radələrində baş verib. Hərçənd, ümumiyyətlə, belə hadisə baş verməyib. Səid o adamı ümumiyyətlə, vurmayıb. İttiham tərəfin şahidləri isə orada saat 21 radələrində olduqlarını deyirlər. Bunlar necə hadisənin şahidi oldular?”

Həm Səid Məmmədzadə, həm də vəkil məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Hakimlər isə bir neçə dəqiqəlik müşavirədən sonra hökmün dəyişdirildiyini, Səid Məmmədzadəyə münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin (şərti məhkum etmə) tətbiq olunduğunu bildiriblər. O, məhkəmə zalından azadlığa buraxılıb.

Səid Bakuvi kimi tanınan idmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. O, aprelin 28-də Xətai rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən, AXCP fəalı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə təqsirli bilinib.

Cinayət işinin materiallarında iddia olunur ki, Səid Məmmədzadə icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxsə bıçaqla xəsarət yetirib, avtomobilinə ziyan vurub.

Səid Məmmədzadə isə təqsirsiz olduğunu deyir. Zərərçəkmiş qismində tanınan Rüfət Məcidovu əvvəllər tanımadığını bildirən AXCP fəalının sözlərinə görə, həmin gün o, avtoyuma məntəqəsinə gələrək, heç bir səbəb olmadan söyüş söyməyə başlayıb. O da uzaq məsafədən ona irad bildirib: “Başa düşdüm ki, bunun məqsədi başqadır, təxribata çəkməyə çalışır. Ona görə baş qoşmadım. Mübahisə belə, uzaq məsafədən olub. Videogörüntülər də mənim dediklərimi sübut edir”.

Ana səhifəSiyasətAXCP üzvü azadlığa buraxılıb