AXCP üzvü sərbəst buraxılıb (yenilənib)

Füzuli Hüseynov Nəsimi Rayon Polis İdarəsindədir

Source:


***


Mayın 24-də “Siyasi məhbuslara azadlıq!” şüarı ilə təkbaşına aksiya keçirən AXCP üzvü Füzuli Hüseynov 1 saat əvvəl sərbəst buraxılıb.


O, 4 saata yaxın Nəsimi Rayon Polis İdarəsində dindirilib.


Füzuli Hüseynov dindirilməsi zamanı psixoloji təzyiqlərə məruz qaldığını deyib.


Bu barədə Meydan TV-nin suallarınl cavablandıran Füzuli Hüseynov bildirib ki, onu adını bilmədiyi, amma kapitan rütbəli polis zabiti dindirirmiş:


“Əvvəl psixolioji təzyiq, sonra çarpaz suallar, ardınca təhqirlərlə dindirməni davam etdirdi. Təəssüf ki, mülki geyimli müstəntiq özünü təqdim etmədən məni, siyasi məhbusları və müxalifət liderlərini təhqir edirdi. Danışığından bildim ki, rütbəsi kapitandır, gənc idi, yetərincə savadlı olsa da, həddən artıq söyüşcül və kobud idi. Suallara imkanım daxilimdə cavab verirdim, partiya mənsubiyyətim barədə soruşanda dedim ki, bunun istintaqa aidiyyatı yoxdur, vətəndaşam və siyasi məhbusların olmasına etiraz edirəm. Belə cavab verəndə təhqirə keçirdi”.


F.Hüseynov deyib ki, sahə müvəkkilinin iştirakıyla protokol tərtib olunsa da, o, təhqir olunmasına etiraz olaraq imzalamayıb:


“Sonra Nəsimi Rayon Məhkəməsinə aparıldım, orda 20 dəqiqə gözləyəndən sonra operativ məlumat gəldi ki, idarəyə qaytarın. Rəis müavini qəbul etdi, çox sivil qarşıladı və belə aksiya etməməyə çağırdı. Hətta sonda əlini cibinə salıb dedi ki, yol pulun yoxdursa, pul verim. Mənim cibimdə əzilmiş 5 manat vardı, göstərib cavab verdim ki, sağ olun, pulum var. Təəssüf ki, rəis müavini müstəntiqin təhqirlərinə etirazını bildirmədi”.


***


Füzuli Hüseynov Nəsimi Rayon Polis İdarəsindədir

Mayın 24-də AXCP üzvü Füzuli Hüseynov Bakının mərkəzində “Siyasi məhbuslara azadlıq!” şüarı ilə təkbaşına aksiya keçirib. Şahidlərinin sözlərinə görə, F.Hüseynovun aksiyası bir neçə dəqiqə çəkib və əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Onlar aksiyaçını özləri ilə aparıblar.

Meydan TV əməkdaşının əldə etdiyi məlumata görə, hazırda aksiyaçı Nəsimi Rayon Polis İdarəsindədir. İdarədən F.Hüseynovun dindirildiyini bildiriblər.

Ana səhifəXəbərlərAXCP üzvü sərbəst buraxılıb (yenilənib)