AXCP üzvü ruhi dispanserdə müayinədən keçirilib

Vəkil: “Füzuli Hüseynov artıq təcridxanaya qaytarılıb”

Source:
Füzuli Hüseynov
Füzuli Hüseynov


Vəkil: “Füzuli Hüseynov artıq təcridxanaya qaytarılıb”

Həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Füzuli Hüseynov oktyabrın 14-də Maştağadakı 1 saylı ruhi-əsəb dispanserində müayinədən keçirilib və bundan sonra Binəqədi təcridxanasına qaytarılıb.

AXCP fəalı oktyabrın 13-də axşam saatlarında dispanserə aparılmışdı.

Bu barədə “Turan”-a onun vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkilin sözlərinə görə, müayinə bir saatdan çox çəkib və F.Hüseynovun səhhətində hər hansı psixoloji pozuntu yoxdur, özünü yaxşı hiss edir:

“Füzuli Hüseynov inzibati həbsinə etiraz olaraq təcridxanada quru aclıq aksiyası (su da içməyib) keçirib. Təcridxana rəhbərliyi isə görünür Füzuli Hüseynovun başına nəsə gələ biləcəyi və buna görə məsuliyyət daşıyacağı təlaşı keçirib. Hesab ediblər ki, ən yaxşı çıxış yolu onun ruhi-əsəb dispanserinə göndərilməsidir. Bu hərəkətilə təcridxana rəhbərliyi bir növ özünü sığortalayıb. Amma əslində, Füzuli Hüseynovda hər hansı psixoloji məsələ yoxdur. Bununla təcridxana rəhbərliyi bir hadisə olarsa “xəstə idi, ona görə, bu, baş verdi”- bəhanəsi qazanmaq istəyib. Amma istənilən halda bu yeni haldır və indiyə kimi belə bir hadisə olmamışdı ki, siyasi şəxsi ruhi-əsəb xəstəxanasına göndərsinlər”- vəkil bildirib.

Əsabəli Mustafayev deyib ki, F.Hüseynov mənsub olduğu partiya rəhbərliyinin xahişini nəzərə alaraq aksiyanı dayandırıb.

Vəkil bu məsələnin aydınlaşmasında oktyabrın 13-dən ona yardım edən Ombudsman Aparatının əməkdaşlarına təşəkkürünü bildirib.

Məsələ ilə bağlı Binəqədi Müvəqqəti Təcridxanasının rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb

Füzuli Hüseynov Milli Şuranın 7 oktyabr mitinqindən öncə 30 günlük inzibati cəza alıb. Ondan başqa daha 6 partiya üzvü inzibati həbs cəzası alıb.

AXCP hesab edir ki, bu həbslər aksiyanın kütləviliyinin qarşısını almaq məqsədi ilə həyata keçirilib.

Ana səhifəXəbərlərAXCP üzvü ruhi dispanserdə müayinədən keçirilib