Emin Axundov saxlanmamışdan üç gün əvvəl polislərin fəalları döyməsi haqda status paylaşıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Emin Axundov oktyabrın 31-də saxlanıb. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, oktyabrın 31-də axşam saatlarında Abşeron rayon Polis Şöbəsinin əməkdaşları gəlib onu evindən aparıb:
“Onu aparanda ailəsinə deyiblər ki, bir kiçik məsələ ilə bağlı izahat alıb buraxacaqlar, narahatlığa əsas yoxdur. Lakin üstündən bir gün keçib, noyabrın 1-dir, buna baxmayaraq hələ də buraxmayıblar. Ailəsinə də saxlanmasının səbəbi haqda heç nə deməyiblər”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən isə bildirilib ki, Emin Axundov sosial media hesabından həqiqətəuyğun olmayan paylaşımına görə polisə dəvət olunub. Lakin söhbətin konkret hansı paylaşımdan getdiyi açıqlanmayıb.
Emin Axundov saxlanmamışdan üç gün öncə “Facebook” hesabından Azərbaycan polisləri haqda belə bir status paylaşıb:
“Yalnız Azərbaycanda polis siyasi fəalları yumruq-təpiklə masaj edir, kimin böyrəyində, ödündə daş varsa, daşı salır, kimin bədəni quruyubsa, acır. Eşq olsun Azərbaycan polislərinə”.
Emin Axundov noyabrın 1-də günorta saat 14 radələrində sərbəst buraxılıb. Bu məlumat da onun sosial media hesabından yayılıb:
“Azadlıqdayam. Yolum düzdürsə, əyriyə yer yoxdu. Mənə görə narahat olan, status paylaşan, dəstək olan hər kəsdən haqqını halal etməsini xahiş edirəm. Var olun”.