AXCP-nin Binəqədi rayon təşkilatının sədri həbs olundu

Foto: Meydan TV

Partiya Ramid Hağıyevin aksiyada iştirakına görə həbs olunduğunu deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon təşkilatının sədri Ramid Nağıyev oktyabrın 25-də həbs olunub. Ona Binəqədi Rayon Məhkəməsinin qərarıyla 7 sutka inzibati həbs cəzası kəsilib.

Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, oktyabrın 25-də Ramid Nağıyev səhər Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə çağırılıb. Oradan isə polisə təhvil verilib.

İddia olunur ki, üzərində şərti cəza olan Ramid Nağıyev vaxtlı-vaxtında İcra və Probasiya Şöbəsinə getməyib. Bu üzdən onun haqqında axtarış qərarı çıxarılıb.

Ramid Nağıyev 2020-ci ilin iyulunda – Tovuz hadisələri zamanı general Polad Həşimovun öldürülməsindən sonra Bakıda keçirilən Qarabağa dəstək yürüşünə görə həbs olunmuşdu. O, 5 aya yaxın həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılmış, həmin yürüşə görə həbs edilən 35-dən artıq şəxs kimi, sonda ona da şərti cəza verilmişdi. AXCP fəalına 2 il 10 ay şərti cəza kəsilib. İddia olunur ki, Ramid Nağıyev şərti cəzanın icrasına nəzarət edən İcra və Probasiya Şöbəsinə getməyib.

AXCP isə bu ittihamın saxta olduğunu, Ramid Nağıyevin partiyanın oktyabrın 24-də keçirdiyi etiraz aksiyasında iştirakına görə cəzalandırıldığını bildirir.

Ramid Nağıyev özü də oktyabrın 24-də axşam saatlarında sosial media hesabından paylaşımında bu haqda yazmışdı. Onun sözlərinə görə, etiraz aksiyasında saxlanılaraq, Yasamal rayonu, 26-cı polis bölməsinə aparılıb. Onu gecə saatlarına qədər orada saxlayıblar:

“26-cı polis bölməsində gec buraxılmağımı belə əsaslandırdılar ki, guya bir aya yaxındır, Probasiya xidməti məni axtarışa verib. Burdan hər kəsə elan edirəm ki, 11 ilə yaxındır, eyni nömrəni işlədirəm. Demək olar ki, polisindən tutmuş, bütün dövlət orqanları nömrəmi bilirlər. Nömrəm də hər zaman işlək vəziyyətdədir. Bundan əlavə, yaşadığım ünvan hər kəsə məlumdur. Probasiya xidmətinin məni axtarışa verməsinin səbəbi aydın deyil. Çünki indiyə qədər mənimlə əlaqə yaradan olmayıb”.

O əlavə edib ki, oktyabrın 24-də polis bölməsində ondan oktyabrın 25-də idarəyə gedib səbəbi öyrənəcəyi haqda iltizam alıb, bundan sonra buraxıblar.

Ana səhifəSiyasətAXCP-nin Binəqədi rayon təşkilatının sədri həbs olundu