AXCP fəalı həbs edilib

Aqil Hümbətov istintaq təcridxanasına köçürülüb

Foto: Meydan TV


Aqil Hümbətov istintaq təcridxanasına köçürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov barəsində həbs qərarı çıxarılıb. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

“Partiyaya daxil olan məlumata görə, Aqil Hümbətovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, artıq Şüvəlandakı 3 saylı istintaq təcridxanasına göndərilib”, – partiyadan bildirilib.

Xəzər Rayon Polis İdarəsindəki mənbə Meydan TV-yə məlumatı təsdiqləyərək bildirib ki, Aqil Hümbətov barəsində avqustun 13-də həbs qətimkan tədbiri seçilib. O, Xəzər Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb: “Həbs qərarından sonra Aqil Hümbətov Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcrixanasına gətirilib. Oradan da istintaq təcridxanasına köçürülüb”.

Aqil Hümbətova qarşı Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsilə ittiham irəli sürüldüyü bildirilir.

Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətovanın verdiyi məlumata görə, AXCP fəalı avqustun 11-də axşam saatlarında şam yeməyindən sonra evdən çıxıb. Ailə üzvləri bir neçə saat ondan xəbər ala bilməyib. Yalnız gecə saatlarında Xəzər Rayon Polis İdarəsindən ona zəng edib deyiblər ki, Aqil Hümbətov cinayət törətdiyinə görə saxlanılıb.

Aygün Hümbətovanın sözlərinə görə, zəng edən şəxs həyat yoldaşının konkret hansı əməli törətməsi haqda ona heç nə deyilməyib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Aqil Hümbətov yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan Yaman Məmmədovu bıçaqlayıb: “Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir”.

Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran, sosial şəbəkələrdə hökuməti tənqid edib, uşaqpulu tələb edən Aqil Hümbətov 2020-ci martın 29-da belə çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar.

Aqil Hümbətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Ana səhifəXəbərlərAXCP fəalı həbs edilib