Əli Kərimli: “Azərbaycan xalqı mövcud vəziyyətlə barışmamalıdır”
“Turan” İA-nin direktoru Mehman Əliyevin “Avtoritarizmdən demokratiyaya üç mərhələdə keçid” adlı məqaləsi mediada və sosial şəbəkələrdə siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Mehman Əliyevin fikrincə, 44 günlük müharibədən sonra ölkədə vəziyyətin hakimiyyətlə cəmiyyət arasında həmrəylik istiqamətində dəyişəcəyi ilə bağlı gözləntilər özünü doğrultmayıb: “Hakimiyyət hələ də bütün sahələrə ciddi nəzarət etməklə ölkəni idarə edir. Kadrları ardıcıl olaraq dəyişir, ailəyə sadiq gənc məmurları idarəçiliyə cəlb edir. Amma hər şey göründüyü kimi deyil”.
“Cəmiyyət səriştəsiz idarəçiliklə üz-üzədir ki, bu da özünü müxtəlif sahələrdə hiss etdirir: qiymətlərin, tariflərin məcburi artımı, sosial ehtiyaclar üçün dövlət vəsaitinin olmaması, söz azadlığını məhdudlaşdırmaq cəhdləri. Artıq bir sıra gənc təyinatlıların sui-istifadə və işdən çıxarılması faktları qeyd olunub. Onların tərəqqinin lokomotivinə çevriləcəyinə ümid günü-gündən sönür və bu, ekspert dairələrində narahatlıq yaradır”, – deyə müəllif qeyd edir.

O, sadaladıqlarına əsaslanaraq yazır ki, idarəetmə formasından asılı olmayaraq, avtoritar idarəetmədən demokratik idarəetməyə keçid dövrü 15 il çəkə bilər. Bunun üçün iki dövlət idarəetmə formasından birinin işə salına biləcəyini təklif edir: “Monarxiya və prezident-parlament idarəçiliyi”.
Müəllif məqaləsini “Bəs siz nə düşünürsünüz?” sualıyla bitirdiyindən onun təkliflərini partiya yetkililərinə ünvanladıq.
İsa Qəmbər: “Ola bilər ki, Mehman Əliyev bir qədər üstüörtülü şəkildə ironiya edir”
Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbərin qənaətincə, keçid dövrünün nə qədər çəkəcəyini söyləmək sadə məsələ deyil:
“Amma əminəm ki, heç bir halda söhbət monarxiya variantından getməməlidir. Ola bilər ki, Mehman Əliyev bir qədər üstüörtülü şəkildə ironiya edir. Yəni hakimiyyətə mesaj göndərmək istəyir ki, əgər ölkədə monarxiya yaratmaq fikrindəsinizsə, bunu da açıq ifadə edin. Təbii ki, heç bir halda Azərbaycanın demokratik ictimaiyyəti belə bir yanaşmayla razılaşa bilməz”.
İsa Qəmbərin fikrincə, uzun müddətdir ki, postsovet məkanında dövlətlərin demokratiyaya keçid mərhələsi müzakirə olunur:
“Ancaq 7-8 il əvvəl keçid dövrü faktiki yekunlaşmışdı. Mən də bu barədə bir neçə dəfə yazmışdım. Artıq Baltik respublikaları tam demokratik vəziyyətə keçə bilib, çağdaş dünyanın da bir hissəsi olublar. Ukrayna və Gürcüstanda buna cəhdlər edilir, onları müəyyən mənada keçid dövrünü yaşayan dövlətlər saymaq olar. Rusiyadan başlamış Azərbaycan, Ermənistan və digər ölkələr keçid dövrünün tamamlayıb avtoritar rejimlərə çevriliblər. Təbii ki, Moldova və Qırğızıstanda da müəyyən cəhdlər oldu. İnkar etmək olmaz ki, xüsusən Moldova müəyyən irəliləyiş əldə edə bilib. Yalnız Ukraynayla Gürcüstan gerçək keçid dövrünü yaşayırlar, digər dövlətlərin az hissəsi demokratik vəziyyətə keçiblər. Əksəriyyət isə təəssüf ki, avtoritar rejimlərə çevriliblər”.
Onun sözlərinə görə, Azərbaycan Elçibəy dönəmində gerçək keçid dövrünü yaşayırdı: “Demokratik ölkəyə çevrilmək istiqamətində çox ciddi addımlar atılmışdı. 1993-cü ilin iyunundan sonra gedişat dayandırıldı. Ötən illərdə isə keçidin imitasiyasını nümayiş etdirirdilər, amma artıq imitasiya özü də bitib”.

İsa Qəmbər məqalə müəllifinin “Siz nə düşünürsünüz?” sualına belə cavab verib: “Bu barədə Müsavat Partiyası 1993-cü ildən davamlı fəaliyyət göstərib və bir sıra təkliflər irəli sürüb. Başqa cəhdlər də oldu: İctimai Palata 2012-ci ildə konkret keçid proqramı hazırlayıb cəmiyyətə təqdim etdi. 2016-cı ildə Milli Strateji Düşüncə Mərkəzi “Böhrandan imkana yol xəritəsi” adlı keçid sənədi hazırladı. Mehman Əliyevin yazısında bir tərəfdən monarxiya söhbətini yığışdırsaq, o biri tərəfdən də ehtiyatlı, diqqətli yazılmasını nəzərə almasaq, İctimai Palatanın və MSDM-nin təkliflərinin əlamətləri var”.
Əli Kərimli: “Məqalə Mehman Əliyevin subyektiv mülahizəsidir”
AXCP sədri Əli Kərimli düşünür ki, məqalə Mehman Əliyevin subyektiv mülahizəsidir: “Bir çox insanlar Azərbaycanı düşdüyü vəziyyətdən çıxış yollarını axtarırlar. Bəzən bir çoxlarına real görünməyən təkliflər də olur. Amma Mehman Əliyevin təkliflərini real saymıram. Ümumiyyətlə, 103 il əvvəl cümhuriyyət quran ölkə üçün monarxiyanı hər hansı formada rəsmiləşdirməyin müzakirəsinə qatılmıram”.
O deyir ki, onsuz da Azərbaycanda feodal tipli mütləq monarxiya var: “Bu hakimiyyətin də hansısa formada islahat aparmaq niyyəti də yoxdur. Təklif cəmiyyətlə dialoqda olan hakimiyyətə verilər. Amma Azərbaycan hakimiyyətinin belə bir istəyi və siyasi iradəsi də yoxdur”.
“Kim deyə bilər ki, nə qədər müddətdən sonra indiki hakimiyyətin gözləri doyar? Prinsipcə, bir ailə yarım əsrdir hakimiyyətdədir, İlham Əliyev də 18 ildən çoxdur. Normal ölkə varmı ki, bir adam 18 il prezident olsun və bundan sonra 15 illik plan qurulsun? Sadaladıqlarım Azərbaycanın hansı vəziyyətdə olduğunun göstəricisidir”, – deyə Əli Kərimli vurğulayıb.
AXCP sədri indiki durumdan çıxış yolunu isə belə təqdim edir:
“Azərbaycan xalqı mövcud vəziyyətlə barışmamalı və hər gün bunu nümayiş etdirməlidir. Ailə hakimiyyəti legitimliyini tam şəkildə itirməlidir. Daha çox məsuliyyət cəmiyyətin ictimai-siyasi kəsimin üzərindədir ki, onlar hər gün yanaşmalarıyla xalqımıza belə hakimiyyəti yaraşdırmadığını göstərsinlər. Ölkədə dəyişikliyin vacibliyi mesajını hamı verməlidir. Nəhayət, Azərbaycanda gerçək demokratik dəyişikliklərin önü açılmalıdır. Nəyə görə Azərbaycanda seçki olmamalıdır? Nəyə görə seçkiyə embarqo qoyulmalıdır ki, filan vaxtdan sonra seçki olsun? Xalq yolun bu olduğunu da bilir. Hələ ki görünür, hamılıqla mübarizə üçün qərara gəlməyiblər. Hamı mübarizə qərarı verəndə, dəyişiklik olacaq”.

O, avtoritarizmdən demokratiyaya keçid üçün 15 ili qəbulolunmaz sayır: “Hesab edirəm ki, qısa müddətdə buna nail ola bilərik. Xüsusilə Rusiya-Ukrayna gərginliyi prosesi tezləşdirə bilər. Rusiyanın imperiya iddiaları yalnız Ukraynanı nəzarətdə saxlamaq deyil. Bu, avtoritarizmin birtəhər bəhanələr tapıb ömrünü uzatmaq cəhdidir. Çünki MDB-də avtoritarizmin dayağı və himayədarı Putindir. Rusiyanın daxilində çox ciddi demokratik proses gedir. Onu önləməkdən ötrü Rusiyayla Qərbin arasında “dəmir pərdə” yaradırlar. Əslində, bu məsələlərə dərin baxılmalıdır. Hamı gördü ki, Moskvanın NATO-ya təqdim etdiyi təkliflər qəbuledilməzdir. NATO da 1997-ci ildən əvvələ qayıdan deyil. Deməli, məqsədli şəkildə “dəmir pərdə” çəkib ölkəni Belaruslaşdırmaq xətti götürürlər. Bunların sualınıza aidiyyatı odur ki, bu gedişlə Rusiya və onunla birgə qalan bir ölkə dünyayla arasına “dəmir pərdə” çəkəcək. Azərbaycan o prosesdə Rusiyanın yanında qalmayacaq. Çünki Türkiyə ilə dərinləşən ittifaqı və milli qərarlarının tələbi demokratik dəyişiklikəri sürətləndirəcək amil olacaq”.
“İkinci amil Azərbaycan cəmiyyətinin özünün dəyişikliklərə hazır olmağıdır. Fikir verin, hakimiyyət 44 günlük müharibədə ordunun şücaəti hesabına ciddi reytinq toplamışdı. Cəmi 1 ildə reytinq xərcləndi. Bu gün hakimiyyəti çox nadir adamlar dəstəkləyir, onlar da məmurlar və deputatlar təbəqəsidir ki, onlar da özbaşına ora gəlib çıxmayıb. Əslində, bu prosesin qarşısını alan qorxudur. Hamı ölkənin faktiki idarə olunmadığını, hökumətin siyasətinin millətin maraqlarına zidd olduğunu qəbul edir. Hər gün Əliyevin ətrafında bir oliqarx ifşa olunur və o da buna susur. Nəyə görə İlham Əliyev Vasif Talıbovla bağlı araşdırmaya münasibət bildirmir? Nəyə görə Paşayevlərin şəriki olan Cavanşir Feyziyevin “çirkli pulyuması” ilə bağlı araşdırma tələb etmir? Nəyə görə hüquq-mühafizə orqanlarından əmisi qızının Londonda vəsaitlərinə həbs qoyulmasına araşdırma tələb etmir? Demək olar ki, cəmiyyət Əliyevin ətrafından xəbərdardır və böyük dəyişikliklər üçün də hazırdır. Bir məqam gəlib çıxmalıdır ki, cəmiyyət qorxusuna qalib gəlsin”, – deyə Əli Kərimli bildirib.
Natiq Cəfərli: “Azərbaycanda normal keçid üçün iki seçki dönəminə ehtiyac var”
ReAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli cümhuriyyətçilərin belə mövzuların müzakirəsini yanlış və zərərli saydıqlarını deyir.
O, ümid edir ki, məqalədki fikirlər Mehman Əliyevin şəxsi və hansısa lakonik mülahizələrindən doğan yanaşmasıdır:
“Bu məsələnin cəmiyyətdə ciddi diskussiyası belə Azərbaycanın indiki durumu və gələcəyi üçün zərərlidir. Biz cümhuriyyət dəyərlərinin ölkədə bərqərar olmasını istəyən partiya olaraq ümumiyyətlə bu mövzunun açılmasını doğru saymırıq, nəinki ciddi müzakirlərin aparılmasını. Azərbaycanın ən son qalası cümhuriyyətçilik ənənələridir. Bu ənənələrin dağıdılmasına cəhdi müzakirə edilməsi Azərbaycanın gələcəyinin tamamilə qaranlığa qərq olmasıdır”.

Natiq Cəfərlinin sözlərinə görə, avtoritarizmdən demokratiyaya keçiddə zaman məsələsi hər bir ölkədə spesifik səciyyə daşıyır:
“Bəzi Avropa ölkələri olub ki, qısa zamanda demokratiyaya keçiblər, Yunansıtan və İspaniyada 2-4 ilə başa gəlib. Sinqapurda uzun zaman aldı, hələ də keçid bərpa olunmayıb. Azərbaycana gəldikdə, daha qısa zaman alma ehtimalı çox yüksəkdir. Bizim həm cümhuriyyət ənənələrimiz var, həm də cəmiyyət siyasi proseslərdə aktiv olmasa belə analiz etməyi bacarır. Fəallığın zəif olması isə rejimin davranış qaydalarından doğur. Azərbaycanda normal keçid üçün iki seçki dönəminə ehtiyac var. Əgər 5 ildən bir normal proporsional qaydada parlament və prezident seçkiləri olsa, avtoritarizmdən demokratiyaya keçid üçün fundamental əsaslar yarada bilərik”.