Avtoritarizm yıxıldıqdan sonra baş verəcək proseslər (İkinci yazı)

Demokratik inqilabla hakimiyyətə gələndə əslində nə etdiyin zaman çərçivəsində – ayırd etmək mümkündür.

Source:


Birinci hissəni oxumaq üçün

keçid edin



Meydan TV-nin “Demokratiya” layihəsinin ikinci hissəsi başlayır. Birinci hissədə, Meydan TV oxucular üçün avtoritarizim barədə altı məqalə yayımlayaraq, onun formaları, güclü və zəif tərəfləri, onu qidalandıran mühit kimi məsələlərə toxunmuş, avtoritarizimin mahiyyəti barədə oxucuları qismən məlumatlandırmışdı. “Demokratiya” layihəsinin budəfəki saylarında çalışacağıq ki, keçid demokratiyası barədə oxucuları məlumatlandıraq. Hər ay ərzində iki məqalə olmaqla ümumilikdə altı məqalə yayımlanması planlaşdırılır.


Xoş oxumalar…


Mark F. Plattner:

Mən sadəcə keçid anlayışına açıq-aydın müvəqqəti meyar (dimension) olduğunu da əlavə edərdim. Odonnel və Şmitter bunu bu və ya digər siyasi rejim arasındakı interval kimi xarakterizə edirlər. Köhnə rejimin yıxılıb yeni rejimə keçid üçün ara strukturun açıqca mövcud olduğu Tunis, Liviya və Misir kimi ölkələrdə, həmin ara dövrün keçid kimi qələmə verilməsi bir mənada təbii görünür. Bu dövr ərzində NED və digər demokratiyaya yardım təşkilatları keçidi dəstəkləyən qruplara yardım etməyə çalışırlar. Lakin həmin keçid müvəffəqiyyətli olarsa, bir məqamdan sonra hökumət belə deyir: “Demək belə, bu, nə ara, nə də müvəqqəti strukturdur, indi bizim demokratik şəkildə seçilmiş hökumətimiz var”. Bu məqamda xarici yardım artıq keçidi dəstəkləmir, o, artıq demokratiyanı, başqa sözlə desək, demokratik konsalidasiyanı möhkəmlətməyə, dərinləşdirməyə, yaxud sabitləşdirməyə yardım eləməyə çalışır.


Larri Dayomond

: Konsolidasiya ədəbiyyatında bu müzakirənin çox yanlış olduğunu, demokratiyaya yardımın və NED-in işinin tənqid atəşinə tutulduğu məqamlar var. Hansısa bir mərhələ adlansa da, məntiqə uyğun sabitlik qurulsa da, ictimai razılıq əldə olunsa da və müəyyən dərəcədə konsalidasiyaya nail olunsa da, institutlarda hələ də çox ciddi problemlər, demokratik performansda zəifliklər və bir çox məqamlarda kövrəkliklər özünü göstərə bilər. Zənnimcə, demokratiyaya yardım təşkilatları Şimali Afrika kimi yerlərə baxıb “belə, onlar bir mərhələni adladılar, indi biz resurslarımızı və diqqətimizi başqa bir yerə yönəldə bilərik”, – deyərkən çox böyük səhvə yol verirlər. Bu yerlər hələ də çox kövrək, geri dönüşə meyilli olaraq qalırlar. Düşünmürəm ki, orada, yaxud Şimali Afrikanın istənilən yerində demokratiya möhkəmlənib və bu, bizim etdiyimiz seçimlərdə yenidən düşünməli olduğumuza işarə edir.


Mark Platner:

İndi biz “demokratik keçidlərin gələcəyi varmı” sualına keçəkmi? Niyə də yox? Ərəb dünyasında indi biz hansısa ardıcıllığın (yaxud relsdən çıxmanın) ortasındayıq. Onlar hamısı uğursuzluğa məhkumdurlarmı? Onları hələ də xilas etmək olarmı? Larri artıq Birma nümunəsini gətirib – orada keçidin müvəffəqiyyətli olacağına dair ümid varmı? Ondan sonra uzun vədəlilərə nəzər salası olsaq, Çin, Rusiya və İran kimi açar avtoritar ölkələr necə olsun? Təxmin olunan gələcəkdə demokratiyaya keçiddə onlar məntiqli namizədlərdirmi?


Donald Harovits:

Mən biraz da Ərəb Baharı ölkələrindən danışmaq istərdim. Əvvəldən ilkin şərtlərin gözlənilməzliyi məfhumunu qeyd etmişdim. Mən yoldan çıxa bilməmək lənətindən deyil, institutsional arxitekturaya rəğbətlə yanaşmağı əks etdirən ilkin qərarların böyük təsir yarada biləcəyini vurğulayıram. İzn verin, onlardan bir neçəsini qeyd edim.

Gəlin belə hesab edək ki, Misir Fransızsayağı prezidetlik seçkisindən, hədsiz fraqmentləşmiş sahəni əks etdirən bir sxemdən istifadə etmək istəyir. Bu, Məhəmməd Mürsiyə ilk mərhələdə 25 faiz səs toplayıb ikinci mərhələdə olduqca məhdud bir plürallığa nail olmağa, nəhayətdə isə prezidentliyi qazanmasına imkan yaradardı. Məncə, siyasi quruluş fraqmentasiyasını nəzərə alanda, bu, yaxşı institutsional seçim olmazdı. Yaxud Liviyada 2012-ci ildə Ümumi Milli Konqresə keçirilmiş seçkiləri götürək, əhali yerləşməsi olduğu kimi nəzərə alındığından seçkilərdə ölkənin qərb hissəsi şərq hissəsinə nisbətdə daha çox yer qazanmışdı. Şərq hissə bundan hədsiz narazı qaldı və zorakılıq baş qaldırdı. Nəticə etibarilə, Liviya müdrik bir qərar verərək, 60 nəfərlik seçilmiş quruma yeni konstitusiya hazırlamağı qərara aldı, indi 1951-ci ildə olduğu kimi əhali yerləşməsi nəzərə alınmadan, ölkənin üç regionundan 20 üzv seçilməli idi. Yeri gəlmişkən, tarixi yaddaş institutsional seçimdə böyük rol oynayır.

İki cür tarixi yaddaş var: yaxşı xatirələr və görməzdən gəlməni istəyəcəyin xatirələr. İkincisi İndoneziyada çox böyük rol oynamışdı, ona görə də onlar seçimləri kifayət qədər məhdudlaşdırdılar. Liviyalıların isə, əksinə, 1951-ci il hadisələrindən yaxşı xatirələri vardı. Qarşıdan gələn təsis yığıncağı seçkilərində onlar 60 yerin hər biri üçün tək-qalibli-tək-mərhələli seçkilər keçirməyi qərara aldılar (müdrik qərar deyil, zənnimcə), namizəd olmaq üçün yüz imza tələb olunurdu. Çox güman, seçkilərdə çoxlu namizədlər mübarizə aparacaq, son hesablamada artıq 700 nəfər var və bir çox nümayəndələr olduqca kiçik, 50%-dək kiçik plürallıq çərçivəsində seçiləcəklər. Bunu konstitusiyanı ərsəyə gətirmək üçün qoyulan olduqca gərgin zaman möhlətinə əlavə etdikdə – onlardan qaçmaq imkanınız varsa, konstitusiyanı ərsəyə gətirmək üçün gərgin zaman möhləti qoyulmamalıdır – ortaya çıxacaq məhsulun legitimliyi sözün həqiqi mənasında korlana bilər.

İnstitutsional arxitekturanın detalları demokratiyanın perspektivi baxımından olduqca vacibdir. Onlar Birmada da çox böyük əhəmiyyət daşıyacaqlar, belə ki, azlıqları bir araya gətirmək və ordunu siyasətdən çəkilməyə vadar etməkdən ötrü mahir bir proqram ərsəyə gətirmək üçün olduqca ehtiyatlı federalizm tərtib edilməlidir. Birmalıların bu sualların hər birindən bir şeylər öyrənməsi üçün çoxlu nümunələr mövcuddur. Ətrafda çox sayda çox pis şəkildə qurulmuş federasiyalar var: Nigeriyanın ilk respublikasını, Pakistanın 1947 və 1971-ci illər (hətta bugünkü) arasındakı respublikasını nəzərə alın. Federal sistemlərin çoxlu təhlükələri var. Özündən olmayanlara qarşı diskriminasiya federasiyaların yeni dövlət komponentləri olduğundan, dövlətdə iştirakın yüksək səviyyədə təmin olunması tələbləri çox yayğın olur. Bunlar start xəttində nəzərə alınması gərəkən böyük problemlərdir.

Ordunu siyasətdən çıxarmaqda öyrənilməsi lazım olan çoxlu dərslər var: gördüyümüz kimi indoneziyalılar bu mənada böyük iş görüblər. Lakin instututları tərtib edənlər bir qayda olaraq, yanlış nümunələri seçirlər: onlar öz problemlərinə oxşar olub, inkişafa nail olan ölkələrin nümunəsini seçməkdənsə, ən uğurlu demokratiya nümunələrinə nail olmağa çalışırlar; yaxud da keçmiş müstəmləkə güclərinin institutlarına tamah salırlar. Ona görə də, onlara uyğun nümunələr tapmaqda kömək etmək vacibdir, beynəlxalq məsləhətçilər də çox zaman elə məhz bunda uğursuz olurlar.


Larri Dayomond:

İnstitutsional tərtibatın adətən görməzdən gəlinən bir başqa cəhəti toplanmış potensial gücün elə formada məhdudlaşdırılmasıdır ki, seçkilərdə maraqlı tərəflər çox mənfəət götürməsinlər, bu mənada, elə institutlar var ki, ilkin mərhələdə monopolist meyilləri təftiş edib məhdudlaşdırmaq qabiliyyətindədirlər. Bu zaman güclü məhkəməyə, güclü qanunverici hakimiyyətə və şaquli hesabatlılıq institutlarına ehtiyac duyulur.

Hesabatlılığa və yaxşı idarəçiliyə nail olmaqdan ötrü Çinin istifadə etdiyi bütün qeyri-demokratik metodlar artıq tamamilə sıradan çıxmaqdadır. Zənnimcə, Çin Kommunist Partiyasının çöküşünə bircə iqtisadi böhran kifayət edəcək, çünki partiyaya və onun korrupsiyasına nifrət gün keçdikcə artır. Arzu edərdim Xi Jinping Tayvanda baş tutan keçidə bənzər bir müntəzəm prosesə start versin: əks təqdirə həqiqi təhlükə qaçılmaz olacaq. ÇXR (Çin Xalq Respublikası) güclü, əmin və dinamik görünür, lakin təməldə və ictimai münasibətlərdə ciddi qüsurlar var, əgər onlar müntəzəm islahatlara başlamasalar, orada hadisələr Sovet sayağı qəfil çöküşdən tutmuş, bir çox maraqlı yollarla açıqlığa qovuşacaq. Zənnimcə, biz bunu arzulamamalıyıq, çünki orada vakuum baş verə bilər. Bu ölkədə nə institutlar var, nə müxalifət, nə də milli partiyalar, hətta effektiv vətəndaş şəbəkələri belə yoxdur. Sonluq “arzuladığına diqqət et” kateqoriyası əsasında baş verə bilər – ölkə demokratiyaya istiqamət götürməkdənsə, hərbi idarəçiliyə, yaxud da hansısa çirkin, millətçi, qeyri-kommunist və Putin sayaq idarəçiliyə yuvarlana bilər, nəticə etibarilə də belə rejim daxili ruh düşkünlüyünün diqqətini yayındırmaqdan ötrü mübahisəli ofşor adalarına hərbi manevrlər edə bilər. Növbəti 10-15 ildə Çin diqqətlərin yönəldiyi coğrafiya olacaq.


Frensin Fukuyama:

İnstitutları qurarkən hakimiyyəti təftiş etməyin gərəkliliyini heç cür inkar edə bilmərəm; dediyim sadəcə odur ki, onları formal cəhətdən spesifikləşdirmək, o qədər də kömək etməyəcək. Sən “Ok, sənin müstəqil konstitusiya məhkəmən olacaq” deyə bilərsən, amma prezident sadəcə dostlarından birini ən başa yerləşdirəcək, çünki orada müstəqil məhkəmə ənənələri yoxdur. Formal şeylərə həddindən artıq baş qoşmaq, erkən demokratiyalarda hər şeyin sürüşkən olması, həyati vacib sosial qrupların səfərbər olunaraq öz yollarıyla irəliləməsi qabiliyyətinin böyük əhəmiyyət daşıması faktını sonrakı plana atır. Bu, ola bilsin, baş yormaq üçün ən vacib aspektdir. Məsəl üçün Şanlı İnqilab (17-ci əsrdəki İngiltərə burjua inqilabını nəzərdə tutur -tərc) dövründə nəyə görə təzə kral ən sonda konstitusiyaya razılıq verdi? Bizim Stenforddakı həmkarımız Barri Veyngast düşünür ki, onlar bu möhtəşəm, fəaliyyət nəzəriyyəsini, davamlı sazişi tərtib etmişdilər, lakin formal saziş özlüyündə stabillik yaratmamışdı. Açar məqam isə budur ki, parlament tərəfinin əlində silahlar vardı və kral sazişi pozarsa, onların silaha əl atıb kralın başını yenə kəsəcəyini bilirdi.


Mark Platner:

Demokratiyaya yardım dərsləri məsələsini qaldırmazdan əvvəl, mən bir sözü əlavə etmək istəyərdim: legitimlik. Çox maraqlıdır ki, insanlarda Çin, Rusiya və İran kimi ölkələrdə demokratik keçidlərin baş tutub-tutmayacağına dair şübhələr olsa da, bu perspektiv heç də qeyri-təbii deyil. “Demokratiyanın təbiəti” kitabında Larri bu nöqteyi-nəzəri Hindistanla Çini müqayisə etməklə təqdim edir: Hindistan bütün göstəricilərdə geri qalır, ancaq 15 il əvvəl Hindistanda belə bir rejim dəyişikliyinə nail olacağını bilsəydilər, insanlar şoka düşərdilər, hərçənd bu müddət ərzində Çindəki avtoritar rejim çöksəydi, heç kim təəccüblənməzdi. Fikrimcə, bu, keçid anlayışının nəyə görə dəb olduğunu izah edir. Neçə onilliklərdir avtoritar rejimlər bir ucdan qırılırlar, bir kimsə düşünə bilər ki, heç xalq səfərbərliyini ilə qarşılaşmasalar belə, avtoritar idarəçilər hakimiyyətdən əl çəkməlidirlər. Məncə, bu, avtoritar rejimlərlə müqayisədə demokratiyanın nəyə görə hələ də həlledici legitimlik daşıdığını izah edir.

Demokratiyaya yardım məsələsini müzakirə edəcəyimizə söz verdiyimizdən, icazə verin bu məsələyə keçim və etdiyimiz müzakirədən doğan nəticələrin xaricdə demokratiyaya yardım etməklə məşğul olan NED və bu qəbildən olan digər təşkilatlara nə cür təlimat verə biləcəyini soruşum. Frenk, sən dedin ki, bir çox şeylərin yanlış formada həyata keçirildiyini güman edirsən.


Frensis Fukuyama:

Mən bu sualı həqiqətən çox sadə qoyardım. Zənnimcə, biz siyasi partiyalar, yaxud da idarəçiliyin yeni yollarını müəyyənləşdirməkdə kömək edəcəyimiz demokratik qruplardansa, vətəndaş cəmiyyətinə daha çox diqqət ayırırıq. Əgər sən demokratiya istəyirsənsə, keçmək məcburiyyətində olduğun üç yol var. Birincisi, köhnə avtoritar rejimdən qurtulmaq üçün ilkin səfərbərlikdir. İkincisi, sən ilk azad seçkini keçirməlisən ki, siyasi partiya quruculuğunu öyrənəsən. Bugünə qədər bir kimsənin seçici səfərbərliyini təmin etmək üçün siyasi partiyadan başqa alternativ tapdığını güman etmirəm. Siyasi partiyalar məhz buna görə mövcuddur.

Nəhayət, ilk seçkiləri keçirib demokratik şəkildə seçilən yeni hökumət olandan sonra o, ictimai xidmət, ictimai fayda və insanların demokratiyadan umduqları digər məsələləri həyata keçirə bilir. Adətən demokratik aktivistləri çaşdıran ikinci və üçüncü mərhələ olur. Samuel Hantinqton deyib ki, tələbələr və gənclər təşkilatçılıq məsələsində biabırçıdırlar. Bəli, onlar nümayişlər və etirazlar təşkil edə bilərlər, lakin aqrar ərazilərdə və ölkənin hər bir dairəsində səs ala biləcək siyasi partiya qurmaq həqiqətən də onların bacarıqları xaricindədir. Əlbəttə, NDI və IRI kimi təşkilatlar bu bacarıqları öyrədə bilərlər, ancaq mən belə hesab edirəm ki, yaxşı yanacaqla təmin olunmuş siyasi maşına keçid etməkdə vətəndaş cəmiyyəti daha ciddi yardıma ehtiyac duyur.

Sonra da idarəçilik mərhələsi gəlir. Larri ilə mən təzəlikcə Ukraynada CDDRL-nin keçmiş Sovet Respublikasında yaşayan Draper Hillz Yay Dostları şəbəkəsinin görüşündəydik. Tədbirdə Gürcüstandan böyük nümayəndə heyəti iştirak edirdi və biz onlarla Gürcüstanda nə baş verdiyinə dair maraqlı söhbətlər apardıq. Zənnimcə, Qızılgül və Narıncı İnqilablar arasındakı fərqi üçüncü mərhələdə – demokratik inqilabla hakimiyyətə gələndə əslində nə etdiyin zaman çərçivəsində – ayırd etmək mümkündür. Ukraynalılar əsas etibarilə dövləti nomenklaturadan çıxan keçmiş siyasilərin yığınına çevirdilər. Yuşenko belə insanlardan biriydi, baxmayaraq ki, o, Narıncı İnqilabı sifət kimi təmsil edirdi; Yulia Timoşenko da demokratik inqilabın başqa bir qəhrəmanıydı. Buna baxmayaraq, onlardan heç biri Ukraynada korrupsiyanın aradan qaldırılması istiqamətində, yaxud da onu yaxşı bir sferaya keçirmək məsələsində heç bir cəhd etmədilər. Gürcülər isə əksinə, Saakaşvilinin başçılığı altında hüquq mühafizə orqanlarından başlayaraq, bürokratiyada islahatlar apardılar. İslahatlar o istiqamətdəydi ki, vətəndaş özünün qorunması üçün polisə rüşvət verməsin. Və onlar “bir mənzilli alış-veriş” sxemini təqdim etdilər, bu zaman sən dövlət idarəsinə baş çəkir və dərhal qeydiyyat və ya biznes lisenziyası alırdın. Bu cəhdlərdə onlar çox müvəffəqiyətli olmuşdular. Sonra onlar çoxlu insanı həbs etməklə və mübahisəli təcrübələr keçirməklə biraz ağ elədilər, ancaq indinin özündə də Gürcüstandakı vəziyyət Ukraynadakından qat-qat yaxşıdır. Keçidə nail olduqdan və ilk seçkilərini keçirdikdən sonra, gürcülər dövləti necə daha yaxşı idarə etməyin yolunu tapdılar, Ukrayna isə üçüncü məsələdə ilişib qalıb. Beləliklə, inqilabların boşa getməsinin qarşısını almaqdan ötrü biz ikinci və üçüncü mərhələyə çox diqqət etməliyik, əks halda hər şey alt-üst olar.


Donald Harovits

: Mən Frenklə razıyam və onun fikrini daha da irəliyə, özü də fərqli istiqamətə aparmaq fikrindəyəm. Zənnimcə, kənardan müdaxilələr böyük əhəmiyyət daşıyır, əgər sübut istəsəniz, çox sadə bir nümunəni göstərə bilərəm. ATƏT azlıqlara olan rəftarın standartlarını artırmaq üçün Şərqi Avropada iş görürdü. O, çoxlu mükafatlar və cərimələr tətbiq edirdi, sonda isə elə şeylər tələb etməyə başladı ki, Qərb ölkələri buna – xüsusilə müxtəlif institutlarda azlıqlar üçün kvota ayrılmasına – öz evlərində heç bir vəchlə dözümlü yanaşmazdılar.

Xarici müdaxilə məsələsində bir çox ziddiyətlər mövcuddur. Bir çox kənar təşkilatlar – Beynəlxalq IDEA, UNDP və digərləri ağlıma gəlir – yeni demokratiyalar üçün institutsional tərtibat prosesi və substansiya ilə əlaqədar olaraq standart resept konsensusunu inkişaf etdirməyə çalışırdılar. Lakin əgər start xəttindəki şərtlər barədəki fikrim düzdürsə, o zaman bu cür standart təcrübələr ümumən pis ideyadır. İcazə verin bu konsensusun bəzi elementlərin nədən ibarət olması barədə ideyanı açım. Getdikcə yayğınlaşmaqda olan belə bir fikir var ki, parlament respublikası hər zaman prezident respublikasından daha yaxşıdır: amma ədəbiyyat bu məsələdə yekdil fikirdə deyil və bir çox hallarda bəzi səbəblər var ki, prezidentalizmi üstün tutur. Seçki sistemlərinə gəldikdə, proporsional nümayəndəliyi ən yaxşı hesab edən güclü konsensus mövcuddur, xüsusən azlıq nümayəndəliyinə nail olmaq baxımından. Lakin indi bəzi araşdırmalar göstərir ki, coğrafi cəhətdən cəmləşmiş azlıqlar proporsionaldansa, tək-qalibli-tək-mərhələli sistemdə daha yaxşı özlərini göstərirlər.

Bəzən proporsional nümayəndəlik xüsusilə tutarlı sistemdir: o, çoxqütblülüyü təşviq edə bilər məsəl üçün. Amma bəzən yox: problem olan yerdə o, fraqmentləşməni gücləndirə bilər, bəzən isə o, fərqli maraqları olan oturuşmuş partiyaların genişlənməsini yavaşlada bilər.

Yeni institutların yaradılması prosesinə gəldikdə, konsensus birmənalı olaraq bütöv şəffaf konstitutsional müzakirələrin tərəfindədir. Hərçənd bu da məlumdur ki, siyasətçilər hər kəsin gözü qarşısında güzəşt əldə etməyi çətin hesab edirlər. Con Elster belə deyib: “Mən tamamilə haqlı olaraq düşünürəm ki, sövdələşmələr gizli keçirilməli, nəticələr isə açıq olmalıdır”. Ancaq bu incəlik bütün mərhələlərdə şəffaflıq tələb edəndə yoxa çıxır. Konsensus həmçinin konstitusiya hazırlığı prosesində xalqın böyük iştirakını üstün tutur, belə ki, ictimaiyyət prosesə sahibliyi öz üzərinə götürür. Bu mənada konstitusiya hazırlayanlar konstitutsiyanın nə haqda olduğunu ictimaiyyətə başa salmalı və konstitutsiyada nə olmalıdır məsələsində ictimaiyyətin rəyini almalıdırlar. Ancaq bu adətən uzun müzakirələr hesabına və təmsil şurasındakı seçilmiş üzlər, yaxud yeni konstitutsiya üzərində işləyən siyasətçilər arasındakı güzəştləri qəbul etmədən sonra başa gəlir. Ekstensiv xalq iştirakı ilə bağlı güclü həmrəyliyə baxmayaraq, konstitutsiyanın demokratik məğzi və dözümlülüyün yaxşılaşması barədə bir qırıq da olsun sübut yoxdur. Və burada itkilər də var. İctimaiyyəti konstitutsiyanın detalları barədə maarifləndirmək, yaxşı tövsiyyələr istəmək və start xəttindəki şərtlərin işığında onları ehtiyyatla götür-qoy etmək çoxlu vaxt və cəhdlər tələb edir.

Beləliklə, təcrübəni həyata keçirənlər ilkin standart formulaları bir kənara qoymalıdırlar, çünki bir ölkəylə digəri arasındakı ən kiçik kontekst fərqləri həyati vacib əhəmiyyət daşıya bilər. Onların həqiqətən eləməli olduqları iş “Demokratiya Jurnalı”nı oxumağa başlamaqdır.


Larri Dayomond:

Bəli, əgər bunu etsələr “Keçid Paradiqmalarının Sonu” – ilk oxunması gərəkən mətnlərdən biridir, onda onlar Donun indi bu dəqiqə dediyi Tom Karotersin analizini görəcəklər: Hər bir ölkəyə uyğun düzgün siyasi analiz aparmaq çox vacibdir, bizim müqayisəli, nəzəri biliyimizlə mövcud olan faktlar arasında uyğunluq olmalıdır.

İndisə mən sonuncu nöqtəni qoymaq istəyirəm. Məncə, Frenkin partiyalar və institutlar barədə dedikləri şübhə doğurmur, lakin həm də düşünürəm ki, beynəlxalq yardım təşkilatları keçiddən sonra vətəndaş cəmiyyətini tərk etməklə yanlışa yol verirlər. Hər dəfə Cənubi Afrikaya qayıtmağa nifrət edirəm, lakin bu ölkədə demokratik vətəndaş cəmiyyəti quruculuğunda ilkin institutun – IDASA (Afrika Demokratiya İnstitutu – 2013-cü ilin martında qapadılıb) – ölümünə diqqəti çəkmək istəyirəm. Digər bütün spesifik səbəblərə baxmayaraq, onun qapadılmasında vacib rol oynayan məsələlərdən biri Beynəlxalq Maliyyə Yardımının Cənubi Afrikada sadəcə olaraq quruması oldu. Adamlar belə dedilər: “Yaxşı görək, bu Cənubi Afrikadır, orta gəlirli ölkədə oturuşmuş demokratiyadır, köməyə ehtiyacı yoxdur. Cənubi Afrikada çoxusu liberal olan çox sayda varlı biznes adamı var, onlar belə təşkilatları dəstəkləyəcəklər”. Bu biznesmenlərin hamısı IDASA kimi müstəqil vətəndaş cəmiyyəti təşkilatlarını açıqca dəstəkləyərək, ANC-ni (Afrika Milli Konqresi – Cənubi Afrika Respublikasında hakimiyyətdə olan partiya – tərc) narahat etməkdən çəkinirlər, ona görə də gözlənilən yardımı etməyəcəklər. Belə olan təqdirdə bu cür institutlar necə maliyyələşəcəklər? Əgər desək ki, “Vətəndaş cəmiyyəti artıq prioritet olmaq məcburiyyətində deyil, gəlin siyasi institutlara fokuslanaq”, onda biz hər ikisinə ziyan vurmağa risk edirik. Adətən institutsional innovasiya islahatlar üçün enerji vətəndaş cəmiyyətindən gəlir və vətəndaş cəmiyyətilə partiyalar arasında əməkdaşlıq, yaxud vətəndaş cəmiyyətilə hökumət arasındakı əməkdaşlıq bir çox faydalar gətirə bilər. Bu cür nəzər-nöqteyini itirməmək olduqca vacibdir.


“Demokratiya Jurnalı” 25:1 (2014), 86-100. © Məqalə Johns Hopkins University Press-in icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək Meydan.TV saytında yayımlanır.

Ana səhifəAnalitikaAvtoritarizm yıxıldıqdan sonra baş verəcək proseslər (İkinci yazı)