Avtoritarizm yıxıldıqdan sonra baş verəcək proseslər

Keçid paradiqmalarına yenidən baxış

Source:


Meydan TV-nin “Demokratiya” layihəsinin ikinci hissəsi başlayır. Birinci hissədə, Meydan TV oxucular üçün avtoritarizim barədə altı məqalə yayımlayaraq, onun formaları, güclü və zəif tərəfləri, onu qidalandıran mühit kimi məsələlərə toxunmuş, avtoritarizimin mahiyyəti barədə oxucuları qismən məlumatlandırmışdı. “Demokratiya” layihəsinin budəfəki saylarında çalışacağıq ki, keçid demokratiyası barədə oxucuları məlumatlandıraq. Hər ay ərzində iki məqalə olmaqla ümumilikdə altı məqalə yayımlanması planlaşdırılır.


Xoş oxumalar…

Larri Dayomond, Frensis Fukuyama, Donald L. Horovits və Mark F. Platner.

Mark Platner: Artıq üç onillikdən çoxdur ki, keçid konseptləri (avtoritarizmdən sonrakı mərhələ nəzərdə tutulur – tərc) demokratikləşmə prosesinin əsas müzakirələrindən birinə çevrilib. “Keçid” siyasi dəyişiklikləri təsvir etmək üçün işlədilən və Samuel P.Hantinqtonun demokratikləşmənin “üçüncü dalğası” kimi xarakterizə etdiyi bir termindir – 50-dən çox ölkədə yeni demokratiyanın doğuluşu demokratiyanı bugünkü dünyanın ən yayğın idarəçilik formalarından birinə çevirib. Keçidlərin çiçəklənmə dövrü 1980 və 1990-cı illərdə yaşanırdı. 21-ci əsrə adlayanda isə yeni demokratiyaların yaranması prosesi səngidi, bunun səbəblərindən biri bir çox ölkənin artıq demokratikləşməsi idi. Nəticə etibarilə siyasətşünaslar diqqətlərini demokratiyanın konsalidasiyası (möhkəmlənməsi-tərc) və onun keyfiyyəti məsələlərinə yönəltdilər.

2002-ci ilin yanvarında “Demokratiya Jurnalı”nda nəşr edilən və olduqca qızğın müzakirələrə səbəb olan məqaləsində Tomas Karoters “keçid paradiqması” adlandırdığı məfhumun davamlı dəyərini sual altına qoydu. Bir mənada keçid anlayışı vaxtı keçmiş, yaxud ən azından işləkliyini başa vurmuş kimi görünə bilərdi. Lakin keçmiş Sovet İttifaqındakı “rəngli inqilablar”, son dövrlərdə və daha dramatik şəkildə rejim dəyişikləri ilə nəticələnən “Ərəb baharı” və Birmadakı siyasi açıqlıq, demokratik keçid məsələsini yenidən gündəmə gətirdi.

Siyasi rejimin dəyişməsini “keçid” sözü ilə əlaqələndirmək nisbətən yeni yanaşmadır. Bu mənada terminin ortaya çıxmasında 1970-ci ildə siyasətşünas Dankvart Rastounun tez-tez istinad edilən “Demokratiyaya keçid: Dinamik modelə doğru” məqaləsi açar rolunu oynayıb. Üçüncü dalğanın başlamasından öncə yazdığı məqaləsində Rastou irəli sürür ki, onun müasiri olan siyasətşünaslar demokratiyanın artıq mövcud olduğu coğrafiyada, əsasən Şimali Amerika və Qərbi Avropada onun necə qorunacağı və gücləndiriləcəyi məsələsinə kökləniblər. Üstəlik bu, inkişaf etməkdə olan ölkələri tədqiq edən və demokratiyanın ortaya çıxmasıyla “genetik məsələ” (Rastounun termini) kimi maraqlanan elm adamlarına az yardımçı olur.

Rastonun məqaləsi keçid mövzusuna həsr olunmuş yeganə ən nüfuzlu tədqiqat kimi hələ də ilham mənbəyi olaraq qalmaqdadır, Filip Şmitter və Laurens Vaythedin redaktəsilə çıxan 4 cildlik Avtoritar İdarəçilikdən Keçidlər əsəri 1986-cı ildə nəşr olunub. Ondan bu yana əlbəttə ki, demokratiyanın üçüncü dalğası Cənubi Avropada və Latın Amerikasının bir çox ölkələrində baş verib. Kitabın adının göstərdiyi kimi keçid fenomeni Rastounun fokuslandığı oliqarxiyadan demokratiyaya təkamül deyil, avtoritar rejimlərin qəfil çöküşü və əvəzlənməsidir, bu da öz növbəsində ya demokratiyayla və avtoritarizmin yeni formasıyla nəticələnə bilər. Onlar keçidi kifayət qədər böyük olmaqla bir siyasi rejimlə digəri arasındakı interval kimi göstərirlər. Öz növbəsində keçidə doğru aparan bir məxsusi cığırı vurğulayırlar, bu cığır nə zorakıdır, nə də inqilabi: o, getməkdə olan avtoritar rejimlə demokratik müxalifət arasındakı sövdələşməni ehtiva edir və adətən hər iki tərəfin təhlükəsizliyinə qarantiya verən rəsmi, yaxud qeyri-rəsmi sazişlərə bel bağlayır.


Müzakirə barədə

Burada yayımlanan məqalə Demokratiyaya Yardım Fondunun Demokratiya Araşdırmaları Beynəlxalq Forumu çərçivəsində bir il boyunca təşkil etdiyi dəyirmi masalar seriyasındakı paneldən götürülüb. Dəyirmi masalar “Demokratik keçidlərə yenidən baxış: Ərəb baharı və Rəngli İnqilablar” başlığı ilə keçirilirdi. Panel 2012-ci ilin dekabrında keçmiş Sovet İttifaqında regional sessiya kimi başlamış, Gürcüstan, Ukrayna və Qırğızıstan kimi ölkələrdə baş tutmuşdu. Regional sessiyaların növbəti dayanacağı Yaxın Şərq və Şimali Afrika olub, Tunis, Misir və Liviyada keçirilmişdi.

Burada təqdim edilən ikinci paneldə Larri Dayomond, Frensis Fukuyama, Donald Horovits iştirak edib, tədbirin moderatoru Mark Platner olub.

Larri Dayomond “Demokratiya Jurnalı”nın qurucu redaktorlarından biridir. O, Stenford Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun üzvüdür.

Frensis Fukuyama – Friman Speqli İnstitutunun elmi işçisi və bir çox əsərin müəllifidir.

Donald Horovits – Dyuk Universitetinin və Demokratiya Araşdırmaları Beynəlxalq Forumunun elmi işçisidir.

Və nəhayət, Mark Platner “Demokratiya Jurnalı”nın qurucu redaktorlarından biri və NED Fondunda araşdırma və tədqiqatlar üzrə vitse-prezidentdir.

Odonnel və Şmitterin Cənubi Avropa və Latın Amerikasının təcrübəsini əsas tutaraq üzərində işlədikləri bu keçid şablonu digər regionlara da aid edilməyə başladı, hərçənd, bu şablonun xüsusilə post-kommunist ölkələrə asanca “səyahət” edə biləcəyi elm adamları arasında müzakirədən keçməmişdi. Demokratiyaya keçidin əslində nə qədər zəif olmasından asılı olmayaraq, bu model həmçinin avtoritar liderin taxtdan salınmasının demokratiyaya “keçid” kimi qələmə verildiyi hər bir ölkədə olduqca kobud formada bəzi dövlətlər və demokratiyaya-yardım təşkilatları tərəfindən tətbiq edilib. Tom Karotersi keçid paradiqmasının sonu adlandırmağa tətikləyən məsələ də elə bu idi, belə ki, o, ölkələrin avtoritar rejimin çöküşündən sonra keçdikləri yolda müntəzəm ardıcıllıq olmadığını irəli sürürdü. Əksinə, o, demokratik keçidə üz tutduqlarını deyən bir çox ölkənin əslində “yaşıl zona” adlı yerdə ilişib qaldığını və onların tezliklə, yaxud həqiqətən liberal demokratiyalar kimi peyda olacağının yüz faizlik ehtimal olmadığını bildirirdi.

Karotersin müjdəçi məqaləsinin təkrar düşüncə üçün hədsiz faydalı olmasına və keçid paradiqmasına müraciət edərkən hədsiz ehtiyatlı olmalı olduğumuzu öyrətməsinə rəğmən, o, məqaləsini sonlandırmaqda açıq-aydın uğursuzluğa uğrayıb. Belə ki, rəngli inqilablar və artıq daha çox gözə çarpan Ərəb Baharı sayəsində siyasətşünaslar və ictimai xadimlər analizlərini yenə keçid paradiqmaları terminləri nöqteyi-nəzərindən ifadə edirlər.

Panelçilərə söz verməzdən əvvəl, icazə verin sonuncu fikrimi çatdırım. Keçidə alternativ kimi ən çox hazır olan termin “inqilab”dır. İnqilab ideyasının əvvəlki on illiklərdəkindən fərqli olaraq, bu gün artıq o qədər də cəlbedici olmamasının səbəbi heç də 20-ci əsrdə totalitar rejimlərdə baş verən inqilablar təcrübəsindən qaynaqlanmır. Ancaq bu iddia tutarlı olmaq məcburiyyətindədir, çünki inqilab anlaşıyı Qərbdə və elm adamları arasında o qədər də cəlbedici olmasa da, diktatura rejimlərini devirənlər arasında hələ də üstün tutulan termindir. Bir neçə il əvvəl Şimali Afrikadakı xalq çıxışlarında iştirak edənlər inqilab barədə hörmətkar bir ədayla danışmağa meyillidirlər: faktiki olaraq, zəfər çalan müxalifət nə qədər çox zorakılığa və əzaba düçar olsa, o, ən sonda inqilab ideyasına bir o qədər çox bağlı qalır. Demokratiya adına baş verən inqilabların keşməkeşli yolu əksərən ağır nəticələrlə sonuclansa da və stabil demokratiyanın qurulması çətinləşsə də, burada əks-arqument də mövcuddur – belə ki, qeyri-zorakı, yaxud tədrici keçidlər köhnə rejimin vacib hissələrini islahatdan məhrum etməklə, demokratik təşəkkülün qarşısında əhəmiyyətli maneələr yarada bilərlər.

Donald L.Horovits: Demokratiyaya keçid adlandırılan konsept əslində bir konsept deyildir və əlbəttə, bir paradiqma da deyildir: o, demokratiyanın necə baş tutacağını ehtiva edən ideyalar toplusu və ya sadəcə bir kateqoriyadır. Burada sərbəst ardıcıllıq, iştirakçılar və mərhələlər barədə bəzi versiyalar öz əksini tapır. Faktiki olaraq, Rastounun orijinal məqaləsində iştirakçılar məsələsində fərdi vasitəçiliyə daha çox yer ayrılıb: bu, determinizmdən olduqca uzaq idi. Sosial elmdə, bu, bir növ ənənəvi hekayədir: kimsə bir fenomenlə bağlı bir və ya iki qəlibi fərqləndirir, başqaları bunu saf-çürük edir və sonra bu qəlibin heç də universal olmadığı aşkara çıxır. Biz buna təəccüblənməməliyik, çünki bu olduqca yayğındır, ancaq bu ideyaların tamamilə səmərəsiz olduğu mənasına da gəlmir. Demokratiyaya gedən müxtəlif yollar vardır, onların hansılar olduğunu fərqləndirməyə dəyər. Karoters bəyan edirdi ki, demokratiyaya gedən yolda seçkilər paralel şəkildə baş tutarsa, keçid paradiqması mümkün ola bilər. Zənnimcə, o, burada puldan bəhs edirdi: belə ki, bu dəyərləndirməni bəziləri, xüsusilə demokratiyaya yardım təşkilatları hədsiz ciddi qəbul etmişdilər. Seçkilər demokratiyanın şah damarıdır olmağına, lakin elm adamları demokratiyanın az və ya çox oturuşduğu yerlərdə də bəzi çatışmayan elementləri tezcənə ayırd edə biliblər. Fərid Zəkəriyanın məşhurlaşdırdığı “qeyri-liberal demokratiya” termini və bəzi oxşar anlayışlar siyasət elmində yayğınlaşıb və hələ də yayğındır. Bəzi bir neçə elementlər də akademiklər tərəfindən ortalığa atılıb: mənim favoritim “paktologiya”dır, paktologiyada avtoritarlar və demokratik müxalifət demokratiya işə düşməzdən əvvəl qarşılıqlı təhlükəsizliyi təmin etmək barədə razılığa gəlirlər. Amma iş burasındadır ki, belə bir neçə pakt baş veribsə də, bu, onların universal zəruriyyətə çevrildiyi mənasına gəmir: məsələn, İndoneziyada belə bir pakt, ümumiyyətlə, mövcud deyildi.

Eyni şeyi həm avtoritar rejimdəki, həm də demokratik müxalifətdəki sərt-qanadla mülayim-qanad arasındakı “təfriqə” anlayışına da aid edə bilərik, belə ki, hər iki tərəfdən olan vasitəçilər sonra danışıqlar apara və keçidi həyata keçirə bilərlər. Bəzən arada etibarlı vasitəçi olmur, nəticədə küçə nümayişləri rejimi yıxır və ya daha da pisi bunun həyata keçməsi üçün əsl zorakılıq baş qaldırır.

Buna görə də demokratikləşmə prosesində dəyişkənlik üçün bizim daha çox şeyə ehtiyacımız var. Amma mən iki dəyişkəni xüsusilə vurğulamaq istərdim: bunlardan biri start nöqtəsindəki şərtlərin kobudluğu və ilkin seçimlərdəki təsadüfdür. İkincisi barədə mən sonra daha ətraflı danışacam, ondan əvvəl xüsusilə Ərəb Baharında, start nöqtəsindəki fərqlənən şərtlərin vacibliyi barədə bir neçə nümunə göstərmək istəyirəm.

Üç qeyri-xəlqi Ərəb tiranlığının çökərkən az və ya çox dərəcədə eyni istiqamətdə gedəcəyi barədə ümumi qənaət əlbəttə ki, səhv çıxdı. Ancaq start nöqtəsindəki dəyişkənə bir baxın: bu dəyişkənin əvvəlcədən də fərqinə varmaq olardı. Tunis, diktatorunu qovmaq üçün müharibə etməli olmadı; Liviya etdi və nəticədə Liviyada silahlar susmur (və silah gücünə hakimiyyətə gələn demokratik rejimlərin hakimiyyətdə qalacağına dair olduqca az nümunə var). Yaxud Tunis ordusuna nifrət edilərkən, Misir ordusuna olan xalq sevgisini nəzərə alın. Beləliklə də, Misir ordusu əsas oyunçu olmaqda davam edərkən, Tunisdə keçid vətəndaş üstünlüyü ilə baş tutdu. Yaxud Tunisdə və Liviyada islamçılarla sekulyarlar arasında Misirdən daha çox balans olduğunu nəzərə alın. Misirdəki Müsəlman Qardaşlarından fərqli olaraq, xüsusilə Rəşid Qanuşinin başçılıq etdiyi daha çox Qərb demokratik ideyalarını əsas tutan Ennanda partiyasını və onun müxalifətə Tunisdə konstitusiya prosesində böyük güzəşt etdiyini diqqətə alın. Yaxud Misirdə liberal partiyalar arasında mövcud olan böyük fikir ayrılıqlarını düşünün, orada hər bir siyasi partiya prezidentlik uğrunda mübarizə aparmaq istəyirdi, nəticədə prezidentalizm Misirdə liberal hərəkatın laxlamasına gətirib çıxardı. Yaxud digər ölkələrdə mövcud olmayan, amma Liviyanı hissələrə parçalayan güclü regionçuluğu nəzərə alın. Beləliklə, bizim qarşımızda müxtəlif start nöqtələri var və buna görə də prosesin eyni cür və ya eyni tendensiyalı olduğunu gözləyə bilmərik.

Larri Dayomond: Cəmi bir neçə müşahidə: Mən Birmada səfərdə olarkən təəccübümdən donub qalmışdım, orada bütün baş verənlər elə keçidlər barədə ədəbiyyatın və müzakirələrin özüdür ki var. Zənnimcə, Birmadakı keçid hər iki tərəfdə sərt-qanad ilə mülayim-qanadın xüsusiyyətlərini daşıyır. Hazırda orda danışıqlar prosesi baş tutmaqdadır. Birma konstitusional dəyişiklik etmədən demokratiya əldə edə bilməz – bu mənada, siyasi pakt, yaxud hansısa bir növ razılıq əldə edilməlidir, çünki mahiyyət etibarilə konstitusiya orduya konstitusional dəyişiklik üçün veto qoymaq hüququ verir. Bu danışıqlardan doğacaq demokratiya – əgər o, ümumiyyətlə, doğulacaqsa – bir mənada demokratiyanı laxladır və ya Şmitterin təbirincə desəm, demokratiya qüsurlarla doğulur, çünki o, qaçılmaz olaraq, orduya imtiyazlar vermiş olur (hərçənd bir vaxtlar hazırki konstitusiyanı tətbiq edənlərdən fərqli olaraq, indikilərin demokratiyanı sarsıtmayacağına ümid var).

İkincisi, icazə verin Tom Karotersin keçid paradiqmaları ilə bağlı cığır açan məqaləsi barədə qısaca əlavə müşahidəmi dilə gətirim. Razıyam: o, “Demokratiya Jurnalı”nda nəşr edilən uğurlu, heyratamiz məqalələrdən biri olub, amma ola bilsin müzakirəni qızışdırmaq üçün məqalə burda biraz çox şişirdildi. Martin Lipsetin tələbəsi olaraq, önşərtlərlə bağlı müzakirədə bir məsələ barədə danışmaq istərdim: Mənim fikrimcə, Karotersin məqaləsi Rastoununkundan və genetik arqumentdən hədsiz dərəcədə əks səmtə doğru üz tutur. O, start nöqtəsindəki şərtlərin vacibliyini və demokratiyanın işə düşməsi üçün heç də bütün ölkələrin bərabər şanslı olmadığı faktını vurğulayır. Yaxşı, bu, tamı tamına bir həqiqətdir. Ancaq mən belə hesab edirəm ki, biz deterministik arqmunentin tələsinə düşə bilərik: “Mali olduqca yoxsul ölkədir; siz orda demokratiya qurmaq üçün niyə bu qədər pul xərcləyir və əlləşib vuruşursuz?” Lipset öz arqumentinin belə formada interpretasiya olunmasını istəməzdi; o, 1959-cu ildə yazdığı orijinal məqaləsini “Demokratiya üçün bəzi sosial zəruriyyətlər” adlandırmışdı, sosial ön zəruriyyətlər yox və o, bu istiqamətə qayıtmağa davam etdi. Fikrimcə, Rastounun fonundakı olduqca harmonik dövlətin şərtindən fərqli olaraq (onun “milli birlik” kimi xarakterizə etdiyi məfhum məncə biraz ağ olmuşdu), demokratik keçidə nail olmaq üçün yeganə ön-şərt hansısa səbəblərdən dolayı demokratiyanın onların maraqlarına uyğun olduğuna qərar verən elitalar şəbəkəsidir. Bəli, əgər sən Mali kimi yoxsulsansa, demokratiyanın işləkliyini təmin etmək, onu dəstəkləmək olduqca qəliz məsələdir, sadəcə bir ekzogen şok hər şeyi al-üst edə bilər. Lakin biz güman olunmayan yerlərdə demokratiyaya keçidin mümkünlüyünü göz ardı etməməliyik, hətta bir çox şey bunun əksinə olsa belə.

Frensis Fukuyama: Zənnimcə, əslində son on il ərzində baş verən keçidlərin əksəriyyəti heç də üçüncü dalğanın keçidlərinə bənzəmir, buna görə də bu ədəbiyyat o qədər də işə yaramır. Hesab edirəm ki, ən sonuncu keçidlər daha çox Fransız İnqilabı ilə başlayıb Avropa ölkələrinin əksəriyyətində davam edən və sonda seçki hüququ ilə zəfər çalan birinci dalğanı xatırladır. 20-ci əsrin sonlarında Latın Amerikasında və Şərqi Avropada əsasən elita-təmayüllü və yuxarıdan-aşağıya baş tutan hallardan fərqli olaraq, 19-cu əsrdəki Avropadakı keçidlər, xüsusilə 1848-ci il inqilablarının təzyiqilə xalq səfərbərliyi nəticəsində baş tutmuşdu, bu inqilablar əvvəlcə basdırılmış, sonrakı onilliklərdə isə Avropa boyunca seçki hüququnun yayılmasına şərait yaradan özülü formalaşdırmışdı.

Olduqca vacib bir sualı əks etdirən ədəbiyyat var: demokratiya qazanılır, yoxsa verilir? Yeri gəlmişkən, Adam Przevorskinin bu sualı başlıq kimi yazdığı bir kitabı var: o, statistika aparır və zənnimcə, olduqca açıq şəkildə ilk dalğadakı keçidlərin verildiyindən çox qazanıldığını bizə göstərir. Lakin üçüncü dalğanın baş verdiyi Latın Amerikası və Şərqi Avropada ölkələrinin əvvəlcə demokratiya təcrübəsi olmuşdu və bir mənada burada xalqlar hərbi idarəçiliyi, yaxud kommunizmi onları normal inkişaf cığırından çıxaran maneə kimi görürdülər. Buna görə də bu ölkələrdə elitalar avtoritar idarəçilikdən çıxmaqdan ötrü danışıqlar aparmaqda həvəsliydilər: nəticə etibarilə buralarda pakt-hazırlamaq məsələsi baş tutdu, çünki əsas problem demokratiyaya sülh yoluyla keçməkdən ötrü elitaların bir-biriylə necə dil tapacağı məsələsi idi. Rumıniya və Çexiya Respublikası kimi bəzi nümunələrdə hadisələr baş verəndə xalq səfərbərlikləri olmuşdu olmağına, lakin ilkin təşəbbüs Qorbaçovdan və elitanın özündən gəlmişdi. Oxşar şəkildə, Latın Amerikasındakı ordular idarəçilikdən yorulmuşdular, ona görə də hakimiyyəti xalqa təhvil verməyə meyilli idilər.

Ərəb Baharına, o cümlədən Rəngli İnqilablara gəldikdə, məsələ başqa cürdür, çünki onların hamısında xalq səfərbərliyi vardı. Bunu biz gözdən qaçırmamalıyıq. Nə qədər ki, vacib sosial qrupları birləşdirən xalq səfərbərliyi yoxdur, demokratiya əldə edilə bilməz. Ərəb passivliyi ilə bağlı bütün kültürəl stereotiplərə baxmayaraq, bu, ərəb dünyasında baş verdi. Əlbəttə, yaxın zamanlarda burada Qərb liberal demokratiyasına bənzər bir şey baş verməyəcək, ancaq 19-cu əsrin Avropasında da hər şey belə başlamışdı: İnsanlar artıq dözmədilər, onlar həqiqətən özlərindən çıxıb küçələrə axışdılar, həyatlarını təhlükə altına qoyaraq rejimləri devirdilər. Bu, üçüncü dalğanın əksər ilkin keçidlərində baş verməyən bir şey idi.

Yeri gəlmişkən, Larri, son dövrlərdəki nümunələrdə baş verən pakt əsaslı, elita-təmayüllü yeganə keçid Birmada baş verib, buna görə də sən orda keçid ədəbiyyatı ilə bağlı çoxlu rezonanslar görə bilmisən. Liviya, Misir və Tunisdəki keçidlər isə elitadakı boşluqlar səbəbindən baş verməyib. Onlar küçələrə çıxan insanların hədsiz və hədsiz böyük olan təzyiqi nəticəsində baş verib, Latın Amerikasında və Şərqi Avropada isə hadisələr belə mütləq ardıcıllıqla baş verməmişdi.

Larri Dayomond: Məncə, sizin sonuncu fikriniz yanlışdır. Braziliyada və digər ölkələrdə ordunun idarəçilikdən yorulmasının səbəbləri vardı. Bu keçidlərin baş tutması üçün əslində çox böyük xalq etirazları olmuşdu və zənnimcə, post-1974 dövründəki və sonra gələn keçidlər arasında bu növ kəskin ağ-qara fərqləndimə etmək çətindir. Əlbəttə, Ərəb Baharı və Rəngli İnqilablar geniş xalq kütlələrinin etirazları nəticəsində baş verib, lakin 1986-cı ildə Filippində “Xalq gücü” inqilabı yaşanıb, Cənubi Koreyada və bəzi Latın Amerika keçidləri də həmçinin xalq kütlələrinin səfərbərliyi nəticəsində baş vermişdi.

Mark Plattner: Keçid konseptini aydınlaşdırmağın yollarından biri, ondan sonra nəyin gəldiyini müəyyənləşdirməkdir. Əgər ardıcıllıq normal surətdə baş verirsə, keçiddən sonrakı mərhələ konsalidasiyadır (bərkitmə-tərc). Keçidlər barədə danışmağın məntiqə uyğun olması barədə nə qədər çox ümumi razılıq varsa, zənnimcə, bir o qədər də konsalidasiyanın düzgün termin olub-olmaması barədə fikir ayrılığı var, söhbət bir çox səbəbdən dolayı demokratiyanın sağ qalıb-qalmayacağı məsələsindən gedir. Beləliklə, konsalidasiya mərhələsindən danışmağa dəyərmi?

Frensis Fukuyama: Məncə, bu, işə yaramır. Demokratiya – hesabatlılığı, qanunun aliliyini və adekvat dövləti özündə ehtiva edən institutlar şəbəkəsi kompleksidir: onlar bir-birlərinə bağlı şəkildə işləmək məcburiyyətindədirlər, uğurlu demokratiya bütün bu müxtəlif komponentlər institutlaşdırıldığı təqdirdə baş tutur. İdeya bundan ibarətdir ki, bu zaman raçet effekti (Raçet effekti: iqtisadi termindir, tədrici təzyiq nəticəsində qiymətlər, yaxud əmək haqları qalxır, lakin təzyiq bitdikdən sonra o, artıq geriyə qayıda bilmir) – tutalım, sən iki seçkidə qalib gəlmisən və artıq geriyə qayıtmadan yaxşı demokratiyaya doğru irəliləyirsən – nəzəri baxımdan sadəcə olaraq işə yaramır, bu, artıq bəzi ölkələrdə baş verib. İndiki Macarıstana bir baxın: bu ölkədə 1990-larda və 2000-lərdə bir neçə uğurlu rəqabətli seçkilər baş tutub, hazırda isə orada hökumət yavaş-yavaş macar demokratiyasının bir çox elementlərini dağıdır. Raçet effekti metaforu həqiqətən də aldadıcıdır, çünki istənilən ölkədə siyasi tənəzzül mümkündür. Tarixdə yalnızca bir vacib istiqamət vardır deyə düşünməyə səbəb yoxdur. Ona görə də biz bütünlüklə avtokratiyanın ilkin çöküşündən daha çox demokratiyanın institutlaşması məsələsinə köklənməliyik.

Donald Horovits: Zənnimcə, konsalidasiya instututlaşmaya zidd deyil, hərçənd, institutlaşma böyük ehtimalla daha yüksək standartır. Fikrimcə, bizə demokratiyanın konsalidasiya prosesində olub-olmadığını görməyə imkan verən ehtimal göstəriciləri mövcuddur: məsələn, ordu etibarsızlaşdığından, sındırıldığından, təcrübədə yandığından və yaxud parçalandığından hakimiyyəti ələ keçirə bilmir; birisi diktatorluğa can atanda vətəndaş siyasi qrupları arasında olan balans ona qarşı birləşməyə imkan verir: seçkilər artıq bir rutin halını alır: məhkəmələr az və ya çox dərəcə müstəqil məkan əldə edə bilirlər və bu siyasi eyhamlaradək belə gedib çata bilir (bunun üçün sınaq qeyri-populyar məhkəmə qərarlarının qəbul olunması ola bilər). Əgər sən belə göstəricilərdən yararlansan, – və mən sənin bundan daha böyük və faydalı siyahı hazırlaya biləcəyinə şübhə edirəm – görəcəksən ki, bir-birinə zidd gedən sadəcə iki siyasi qrupa malik olmaq, demokratiyanın şərtlərini gücləndirir, çünki bir qrup iqtidarı ələ keçirməyə çalışsa, başqaları ona qarşı birləşəcəklər. Hesab etmirəm ki, konsalidasiya, ümumiyyətlə, yararsız konseptdir. Lakin bu konseptlərin hər biri bizi mütləq şəkildə uzağa da aparmır, onlar düşüncə kateqoriyalarıdır, istəyirsən bunu içinə çoxlu faydalı şey əlavə eləyə biləcəyin konteyner kimi də düşünə bilərsən.

Larri Dayomond: Məncə, biz burada demokratiyanın dərinliyi və keyfiyyəti, onun yerinə yetirmək və çatdırmaq qabiliyyətinə fokuslanmağa ehtiyac duyuruq. Bu mənada mən Frankla razıyam və hesab edirəm ki, bizim diqqətimizi dövlətin – təkcə demokratiyanın nümayəndəli institutlarının deyil, dövlət institutlarının “işləkliyi” baxımından – keyfiyyəti məsələsinə yenidən yönləndirməkdə Frankın işi əvəzsizdir. Əgər konsalidasiya – stabillik, dözümlülük, konsensus astanasına daxil olmaqdırsa, o zaman bu yararlı konseptdir deyə düşünürəm. Və bu təkcə Donun indicə sadaladığı göstəricilərdə deyil, ictimai düşüncədə də özünü göstərir, məsələn, siyasətçilərin, yaxud demokratiyanın işləkliyi barədə inamsızlıq nə qədər çox olursa olsun, demokratiyaya sədaqət ən yaxşı idarəçilik forması kimi yüksək olaraq qalır.

İkincisi, konsalidasiya barədəki əksər ədəbiyyat onun təklif etdiyi sadə şeyləri əks etdirmir, ki konsalidasiya sarsılmazlıq deməkdir. Keçiddən əvvəlki dövr ərzində baş verən institutsional və normativ dəyişiklər müddətində demokratiyaların konsalidasiya oluna biləcəyi hansısa bir proses vardır. Zənnimcə, azadlıqların, həmçinin seçkilər arasındakı hesabatlılığın minimal şəkildə öz əksini tapdığı mühitdə insanların nisbətdə azad və ədalətli seçkilərlə liderlərini seçə və dəyişdirə bildiyi təməl demokratiya əldə ediləndə, keçid sadəcə olaraq başa çatır.

Daha iki məqam: Yüksək keyfiyyətli demokratiya ilə konsalidasiya arasında olduqca yaxın bağlılıq var. Sən tutum, institutlaşma və bu qəbildən olan terminlərin astanasını adlamayan çoxlu konsalidasiyalı demokratiya görə bilməzsən.

Nəhayət, biz demokraiyanın dekonsoldisiyası ilə bağlı da bir neçə kəlmə danışa bilərik. Əgər siyasi tənəzzül baş verirsə, o, necə görünür, biz onu necə fərq edirik? Yunanıstan (yaxud eyni cür Macarıstan) sadacə olaraq Avropa Biriliyin üzvüdürsə, demokratiya orada hər zaman stabildir deyə nikbin olmamalıyıq. Əgər Yunanıstanda neo-nasist partiyası seçkilərdə 7 faiz səs yığıbsa, burada artıq siyasi tənəzzül baş verməkdədir. Sən sadəcə olaraq bəhanə gətirə, “adamlar sadəcə iqtisadi vəziyyətdən beziblər”, – deyə bilməzsən. Bu, Tom Karotersin nəyə görə “teleolojik düşünmə” çağırışana daha ciddi yanaşmaq lazım olduğunu izah edir.


Müzakirənin ardı var və iyun ayının sonunda yayımlanacaq.


“Demokratiya Jurnalı” 25:1 (2014), 86-100. © Məqalə Johns Hopkins University Press-in icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək Meydan.TV saytında yayımlanır.

Ana səhifəAnalitikaAvtoritarizm yıxıldıqdan sonra baş verəcək proseslər