Avtobusda gördüyüm uşaq və İlham Əliyevin çıxışı

Böyüklər kölə olmağa davam etdikcə, uşaqlarımız “parlaq gələcək” yolunda uğurla addımlayacaqlar.

Source:

“Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirdi”.

Xəbəri dünən prezidentin rəsmi saytından oxudum. Ölkə başçısı bu ilin birinci rübündə də iqtisadiyyatımızın daha da inkişaf etdiyini vurğuladı. Bu informasiya məni bu yaxınlarda qarşılışdığıım və gözümün önündən getməyən bir mənzərə haqda bir daha düşünməyə vadar etdi.

Bir neçə gün əvvəl yanlışlıq nəticəsində bir avtobusa minirəm. Az sonra dayanacaqda saxlayanda, içəri 12-13 yaşlarında bir qız da minir. Və elə minən kimi də, ağlamağa və yalvarmağa başlayır: “Ay camaat, sizə qurban olum, mənə kömək edin. Bilirəm, inanmaq çətindir. Amma Allaha and içirəm ki, mən bu pulu anam üçün yığıram. Mən dilənçi deyiləm. Vallah, anam ağır xəstədir”.

Doğrusu, avtobusda dilənən uşaqla ilk dəfə qarşılaşmıram. Səbəbindən asılı olmayaraq, bir uşağın dilənməsini görmək hər zaman ağır, ürəkağrıdıcı mənzərədir. İndi gördüyüm bu qız isə, ümumiyyətlə, dilənçi olmadığını və anasının müalicəsi üçün diləndiyini deyir. Heç mən də onun dilənçi olduğuna inanmıram. Təcrübəsiz olduğu hiss olunur. O, yuxarıdakı cümlələri təkrarlaya-təkrarlaya avtobusda irəlliləyir, mən isə nə baş verdiyini anlamağa çalışıram. Dilənməyə məcbur olduğunu deyən qız davam edir: “Elə bilirsiniz, mənə asandır burada dilənmək? Vallah-billah, başqa əlacım yoxdur. İnanın, anamın vəziyyəti pisdir. Anama dərman almaq istəyirəm. İnanın, Allaha and içirəm, verdiyiniz pulla anama dərman alacam. Hətta, inanmırsınızsa, sizin qarşınızda diz çökürəm”.

Və budur, ölkəsindəki analoqu olmayan inkişafdan bixəbər bu qızcığaz dizlərini avtobusun döşəməsinə qoyur. Bir avtobus dolu, üzünü belə, indicə gördüyü adamların-qadınların, kişilərin, öz yaşıdlarının qarşısında diz çökür. Yenidən ağlaya-ağlaya yalvarır: “Sizin qarşınızda diz çökürəm. Qurban olum sizə, mənə kömək edin. Anamın vəziyyəti çox pisdir. Qurban olum sizə, ay dayı, ay əmi, ay bacı, ay qardaş, mənə kömək edin. Allaha and içirəm. Sizin verdiyiniz pula anama dərman alacam”. Mərhəməti olanlar pul çıxarıb, qıza uzadırlar. Düzünü desəm, mənim üstümdə ona verməyə artıq pul yox idi. Belə alınmışdı. Amma pulum olsa idi belə, elə vəziyyətdə o qıza pul verə biləcəyimdən əmin deyiləm. Çünki gerçəkdən böyük bir sarsıntı içində idim. Gördüyüm bu ağır, kədərli mənzərənin təsirində idim. Sizə asan gəlməsin, qarşınızda həyat dolu, tər-təmiz bir uşaq diz çöküb, pul dilənir. Və üstəlik, bunu anasının müalicəsi üçün etdiyini deyir. İçimdə nələrin isə qırıldığını hiss edirəm. Beynimdə ən müxtəlif suallar yaranır. Bütün bunların baş verməsi heç bir dəqiqə belə çəkmir. Bu bir neçə saniyə mənə sanki uzun illər kimi gəlir. Təbii, bu dilənən qız avtobusdan düşəndən sonra ona pul verməyən sərnişinlər baş qaldıran vicdanlarının səsini kəsmək üçün “Hə, bu da təzə metoddur. Anan xəstədir, get, iş tap, işlə” deyirlər. Səmimi desəm, avtobus bir az irəlilədikdən sonra mən də bir anlıq “Görəsən, doğrudanmı, o qızın anası xəstədir? Əgər doğrudan da, o qız anasının müalicəsi üçün dilənirsə, əgər doğrudan da, o qız anasının müalicəsi üçün dilənirsə” deyə, düşünürəm və bunları düşündüyüm üçün də özümdən utanmağa başlayıram. Çünki gözümün önünə anasının müalicəsi üçün yollar axtaran imkansız dostlarım gəlir. Cəmi bir neçə ay əvvəl bir dostum anasını itirdi. Səbəb sadəcə maddi çətinlik idi. Müalicəyə pul tapılmadı. Başqa bir dostumun anası indi də xəstədir. Onun da müalicəsinə pul tapılmır. Dərd orasıdır ki, dostumun özü də xəstədir. Ağır işdə işləməyə səhhəti imkan vermir. Jurnalistdir, öz ixtisasına görə iş tapa bilmir. İşlədiyi yerlərdən də pulunu ala bilmir. (Ümumiyyətlə, bunların özü başqa bir dərddir) Çətinliklərə baxmayaraq, dostum yenə də əlləşib-vuruşur. Anasını itirmək istəmir. Kim istəyər ki? Doğrudan da, anasının ölümünü kim istəyər görəsən? Bəlkə də utanmasa, o dostum da anasının müalicəsi üçün diz çöküb, dilənərdi. Beləcə, anaları sağalsın deyə, dostlarımın çəkdiyi əzab-əziyyətləri təkrar xatırlayıb, bu dilənən uşaqdan şübhələndiyim üçün özümü qınayıram. Üstəlik, məsələ o uşağın yalan və ya doğru danışmağı da deyil. Elə bircə, hansısa bir uşağın ağlamasını, tanımadığı bir avtobus adamın qarşısında diz çökməsini, dilənməsi görmək insanın sarsılması üçün kifayət deyil mi? O qız avtobusa mindi, yalvardı, ağladı, diləni, diz çökdü və ona pul verənlərə dua edə-edə avtobusdan düşüb, getdi. Mən isə xeyli özümə gələ bilmədim. Çox danladım özümü. O qızın diz çökdüyü an gözümün önünə gəldikcə, için-çin ağlamaq istədim. Özümü söyə-söyə, bunları düşündüm: “Axı, niyə o qızın qolundan tutub, onu qaldırmadın? Axı , niyə ona ‘Heç kimə yalvarma, qalx ayağa, dur, gedək. Mən sənə kömək edəcəm . Ağlama’ demədim?” Bəli, bütün bunları o qıza deyə bilmədim. Hər şey bir neçə saniyənin içində baş vermişdi. Mən sadəcə gecikmişdim. Amma gecikməsəydim belə, o qıza bu sözləri deməyə haqqım var idi mi? Mən o uşağa kömək edə bilərdim mi? O uşaq bu ölkədə haqqı tapdanan minlərlə insandan sadəcə biri idi. Və mən yaxşı bilirdim ki, dilənçi olmadığını, anasının sağlamlığı üçün dilənməyə məcbur olduğunu deyən bu balaca qıza kömək etmək ona 5-10 manat dərman pulu vermək deyildi. Ona kömək etmək, onun normal bir vətəndaş kimi yaşaya, böyüyə biləcəyi bir ölkəni qura bilmək idi. Ona kömək etmək, onun xəstə anası üçün dövlətin tibbi sığorta haqda qanununu işlək hala gətirə bilmək idi. Ona kömək etmək, uşaqların dilənməməsi üçün onların hüquqlarının müdafiəsi haqda qanunu işlək hala gətirə bilmək idi. Bla, bla, bla. Bir sözlə, ona kömək edə bilmək üçün ölkədə qanunlar işləməli idi. Və iqtisadiyyatı güclü olan dövlətin uşağı diz çöküb, dilənməməli idi. Bir təssəvürünüzə gətirin, 12-13 yaşlı bir qız avtobusda dilənmək yerinə harada olmalı idi? Məgər, o qız indi həyatının ən qayğısız günlərini yaşamalı deyil idi mi ? Öz yaşıdları ilə əylənmək, təhsil almaq ən təbii haqqı deyil idi mi o qızın? Reallıq isə başqa idi. Reallıq bu idi ki, böyüklər öz məsuliyyətsizlikləri ucbatından uşaqları dilənməyə məcbur edir, sonra da küçədə onlara pul verməklə özlərinin xeyirxah olduqlarını, uşaqlara kömək etdiklərini zənn edirdi. Halbuki, onlar o dilənən uşaqlara yalnız bircə yolla kömək edə biləcəklərini anlamalı idilər. Uşaqların və özlərinin hüquqlarının qorunduğu bir ölkənin vətəndaşı ola bilməklə, belə bir ölkə uğrunda mübarizə aparmaqla.

Bəli, biz yaşadığımız ölkənin avtobuslarında, küçələrində ruhi sağlamlığımızı itirməyə məhkum olmuşuq. Evdən küçəyə çıxırıqsa, mütləq axşam evə mənəvi rahatlığımızı, əsəblərimizi itirmiş halda qayıdırıq. Heç küçəyə çıxmağa gərək yoxdur. Evin içində mətbuata baxmaq belə, eyni əsəb sarsıntısını keçirməyimizə yetərli olur. Yəqin Nərmin Hüseynlini xatırlayırsınız. Nərmini bu yaxınlarda Azərbaycan həkimlərinin qoyduğu səhv diaqnozun nəticəsində itirdik. AZƏRBAYCAN SƏHİYYƏSİNİN növbəti qurbanlarından biri olan 17 yaşlı Nərminin anası qızının müalicəsi üçün Prezident Aparatına müraciət etmişdi. Və bir neçə gün öncə məlum olur ki, SN bu ərizənin təmin olunması ilə bağlı sənədi Nərminin anasına qızının ölümündən 21 gün sonra göndərib. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Bəli, bu sistemin məmurlarının, nazirlərinin mənəviyyatsızlıqları , harınlıqları sərhəd tanımır. Onların özbaşınalıqları məktəbdə, universitetdə, metroda, küçədə, avtobusda, xəstəxanada, hər yerdə qarşımıza çıxır. Və sözsüz ki, insanlar təhqir edilməyə meyilli olduqca, bütün bu özbaşınalıqlara, haqsızlıqlara göz yumduqca, məmurlar da harın qalacaqlar. Başqa sözlə, böyüklər kölə olmağa davam etdikcə, uşaqlarımızın “parlaq gələcəyi”, dilənərək yaşamaları, savadızlıqları, yanlış diaqnozlara qurban getmələri yolunda uğurla addımlayacaqlar. Çünki özü-özünə kömək etmək istəməyənə, heç kim kömək edə bilməz.

P.S. Səbəbi nə olursa, olsun, dünyada heç bir şey bir uşağın göz yaşlarından daha önəmli ola bilməz. Və səbəbi nə olursa, olsun, diz çöküb, dilənməyə məcbur edilən uşaqların var olduğu ölkədə inkişafdan danışmaq ən yaxşı halda, haqqsızlıqdır.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəAvtobusda gördüyüm uşaq və İlham Əliyevin çıxışı