Avtobus olayı

Sürücüyə canınız yanınca…

Source:

Bu gün bizə inkişaf modeli kimi göstərilən paytaxtın mərkəzində əlilliyi olan insanlar üçün normal şərait yoxdur. İctimai nəqliyyatdan istifadə hüququmuz kobud şəkildə pozulur. Hər hansı bir yerə getmək üçün mənə 20-25 manata başa gələn London taksilərindən istifadə edirəm. Çünki yalnız onun pandusu var. Şəhərə gətirilən yeni avtobuslar isə yalnız mərkəzi hissələrdə istifadəyə verilib. Onlardan da yalnız mərkəzi hissələrdə bir ünvandan başqa bir ünvana getmək üçün istifadə edə bilirəm.

Bu yaxınlarda nəhayət, həmin avtobusa minə bildim. Bunu da ancaq yanımdakı jurnalist tanışımın hesabına.  Biz Mehmanla bərabər idik, şəhərin mərkəzində bir keçid vardı, ondan keçə bilmədim. Mehmana dedim ki, gəl, avtobusa minək. Əvvəl də bir neçə dəfə cəhd eləmişəm ki, yeni gətirilən avtobuslara minim, amma minə bilməmişəm. Bu avtobuslarda pandus var, yəni əlil arabasından istifadə olunan şəxslər rahatlıqla bu avtobusa minib-düşə bilərlər.

Hər dəfə minmək istəyəndə sürücülər min bir bəhanə gətiriblər, gah deyiblər ki, pandusu aça bilmirlər, gah deyirlər ki, avtobusun salonunda adam çoxdur, ya da əsas gətiriblər ki, tələsirlər. Həmin gün Mehmana dedim ki, gəl çəkiliş də edək, göstərək ki, əlil arabasında olan bir adam avtobusdan istifadədə hansı çətinliklərlə üzləşəcək. Keçən ay bir təlimdə Nəqliyyat Nazirliyinin nümayəndəsi mənə sübut etməyə çalışırdı ki, belə hal ola bilməz.  Avtobusa minmək istəyəndə sürücü üz-gözünü turşutdu, dedi ki, get iş-gücünün dalınca.

Təsəvvür edin, yarım saat soyuqda dayanmışam, əlil arabasında oturduğumdan qan dövranı yaxşı işləmir, evə qayıdanda qızdırma içindəydim. Sosial şəbəkələrdə elə yazırdılar ki, guya biz kimisə şantaj etmişik. Mən bu ölkənin vətəndaşıyam, ictimai nəqliyyatdan istifadə etmək haqqım var. Sürücü də sərnişinə xidmət göstərmək üçün maaş alır. Əgər bir dövlət qulluqçusu vəzifəsindən asılı olmayaraq vətəndaşla kobud şəkildə davranırsa və vəzifəsini icra etmirsə cəzalandırılmalıdır! Bəziləri deyir ki, sürücü pandusu açmamalıdır. Heç Avropada da elə şey yoxdur. Halbuki, şəxsən mən Avropada avtobusdan istifadə edərkən məhz sürücü özü düşüb pandusu açmışdı.

Bir neçə il öncə Türkiyədə millət vəkilləri şəhər infrastrukturunun və nəqliyyatın əlilliyi olan insanlar üçün müəssərliyini yoxlamaq üçün bir həftəlik kampaniyaya başladılar.  Millət vəkillərinin bir qismi bir həftə ərzində gözlərini qara parça ilə örtüb, işə evlərindən elə gəlib-getdilər. Bir qismi qulağını tamamilə qapadı, bir qismi də əlil arabasında hərəkət etməyə başladı. Onlar əyani şəkildə özləri bütün problemləri tam yaşadılar. Millət vəkilləri gözlərini qapamaqla görmə məhdudiyyəti olanları, qulaqlarını qapayanlar eşitmə məhdudiyyətləri olanları, əlil arabasında oturanlar isə gəzə bilməyən fiziki məhdudiyyətləri olanları əvəz etdilər. Onlar bundan əvvəl əlilliyi olan insanların problemlərini öz dillərindən eşitmişdilər və qismən məsələləri düzəltmişdilər. Bu isə o qədər də effektli olmamışdı. Amma axırıncı dəfə etdikləri bu kampaniya bir çox əngəlləri məhz millət vəkilləri tərəfindən üzləşməyindən sonra düzəldi. Şəhər infrastrukturu və nəqliyyatda böyük islahatlar getdi.

Bu yaxında Ankaradan müalicədən gələn əlil arabası istifadəçisi tanışım orda olarkən hər yerdə müstəqil şəkildə hərəkət etdiyini və heç bir əngəllə qarşılaşmadığını dedi. Hətta Ankara şəhər bələdiyyələri əlil arabası istifadəçilərinin hər hansı bir səkidə əngəl yaşamağına görə, yerindəcə kompensaasiya ödəyir. Görmə məhdudiyyəti olan şəxslər üçün isə xüsusi yollar açıblar. Onlar da müstəqil şəkildə şəhərdə hərəkət edə bilirlər. Həmin tanışım deyir ki, ilk dəfə idi ki, əlillik qazanandan sonra hər hansı bir yerdə tək başına hərəkət edə bildim və bu məni çox xoşbəxt etdi.

Azərbaycanda isə əlilliyi olan insanın təkbaşına, bələdçisiz hərəkət etməsi mümkün deyil. Bir sözlə, müstəqil hərəkət etmə qabiliyyətimizi puç ediblər. Mənimlə bir çox insan razılaşar ki, bu ölkədə heç əlilliyi olmayan insanlar şəhər infrastrukturu və nəqliyyatdan istifadə edərkən, özləri də əngəllər yaşayır. Hətta bu qeyri müəssərlikdən zədə alanlar da var.

Düşünürəm ki, bizim millət vəkilləri də Türkiyədəki kampaniyadan etsələr, şəhərdəki müəssərlik düzələr. Bu onlar üçün müqəddəs bir amala çevrilməlidir. Əgər millət vəkili 26 dəfə Həccə gedə bilirsə, bir həftə ərzində gözü, qulağı bağlı və ya əlil arabasında işə gedib gələ bilər.

Bir sürücünün işdən çıxarılmağına canı “yananlar” əlilliyi olan insanların ictimai nəqliyyatın və infrastrukturun anormallığına görə öz evlərində dustaq kimi qalmalarına canı yansın!

Ana səhifəMənim FikrimcəAvtobus olayı